Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən taksi fəaliyyəti ilə məşğul olan  şəhər sakini T. Mustafazadə mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan  sonra onlar  xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını,  daha sonra  həmin şəxslər tərəfindən “Vaz 2109” markalı avtomobilinin qaçırıldığını bildirib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikalorg-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.  

Keçirilmiş tədbirlər nəticəsində  həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər, şəhər sakinləri -  Zaur Rəşidov və  Ruslan Həsənov  olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.
 Faktla bağlı araşdırma aparılır.