26 Avqust 2019
25 Avqust 2019
"Mərkəzi Bank cəmiyyətdə güvən və dayaq qazanmayıb" - Natiq Cəfərli
"Mərkəzi Bank cəmiyyətdə güvən və dayaq qazanmayıb" -Natiq Cəfərli MÜSAHİBƏ 09:58 2019-08-05

Məlum olduğu kimi, iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev süni qiymət artımı məsələsinə toxundu. Ölkə başçısı bildirdi ki, baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Prezident onu da əlavə etdi ki, müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar: "Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır". Görünən odur ki, süni qiymət artımı ilə bağlı məsələ artıq ölkə başçısını da narahat etdiyi üçün problemin dərhal həllini tələb edir. Bu və ya digər məsələlərlə bağlı "Unikal" qəzetinə müsahibə verən ReAL Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli maraqlı məqamlara toxundu. 

-Natiq bəy, süni qiymət artımı ilə bağlı məsələ uzun illərdir davam edir. Hökumət niyə bu məsələni kökündən həll edə bilmir?

-Əslində normal iqtisadi institutları və rəqabətli mühit olan ölkədə süni qiymət artımı mümkün deyil. Çünki qiymət artımı yalnız o zaman baş verir ki, bazarda inhisarçılıq meylləri var. Bazarın böyük bir hissəsinə nəzarət edən inhisarçılar sövdələşmə yolu ilə qiymətlərin bahalaşmasında rol oynayırlar. Əgər süni qiymət artımı Prezident səviyyəsində müzakirə olunursa, deməli, Azərbaycanda inhisarçılıq hələ də həllini tapmayıb. Çünki süni qiymət artımı yalnız inhisarçılıq olan yerdə mümkündür. Əgər bazarda yüzlərlə, minlərlə oyunçu olacaqsa, o zaman sövdələşmə də, süni qiymət artımı da mümkün olmayacaq. Yəni, Azərbaycanda qiymət artımının xroniki olaraq inhisarçılıqla əlaqəsi var. 

-Bəs dövlət buna qarşı hansı addım ata bilər?

-Əslində, süni qiymət artımının, inhisarçılığın davam etməsinin əsas səbəblərindən biri də budur. Bu məsələ dövlətin atdığı addımlarla həll oluna bilər. Məsələn, gömrük rüsumları ilə bağlı daha çevik qanunvericiliyə ehtiyac var. Azərbaycanda sosial yönümlü mallar, ölkədə istehsal olmayan məhsullar gömrük rüsumlarından azad oluna bilər ki, bu da ölkədə ucuzlaşmaya səbəb ola bilər. Əgər ölkədə dərman istehsalı yoxdursa, bu məhsullara 15 faizlik gömrük rüsumunun tətbiqi doğru deyil. Burada bir yenilik etmək, qiymətləri tənzimləmək olar. Yaxud uşaq bezləri, yeməkləri ilə bağlı da analoji addımlar atmaq olar. Yaxud əngəlli insanlar üçün lazım olan avadanlıqların ölkəyə gətirlməsində güzəştlər tətbiq eləmək olar. Dövlətin öz üzərinə götürdüyü öhdəliklər var ki, bir hissəsi qanunvericiliklə həll oluna bilər. Bir hissəsi isə rəqabətli mühitin genişləndirilməsi, yəni, iqtisadi tənzimləmə metodları ilə reallaşdırıla bilər. 

-Qanunvericilik demişkən illərdir ki, Milli Məclis Rəqabət Məcəlləsi haqqında qanunu qəbul edə bilmir...

-Bəli. 2008-ci ildən bu günə qədər 11 il keçməsinə baxmayaraq, hələ də ölkədə Rəqabət Məcəlləsi qəbul olunmayıb. Birinci oxunuşdan 2008-ci ildə keçib. Dünyada nadir hadisələrdən biridir ki, bir qanun parlamentdə oxunuşdan keçsin və 11 il müddətində qəbul olunmasın. Bax, bu məsələlər həll olunsa, tənzimləmə mümkün olar.

-Maraqlı məqam odur ki, Milli Məclis bu qanunu niyə qəbul edə bilmir, buna nə mane olur?

- Bu məsələ maraq, lobbi qruplarının fəaliyyəti ilə bağlıdır. Çünki Milli Məclisdə müxtəlif maraq qruplarına bağlı olan, əsasən də ölkə daxilində inhisarçılıq yaradan, həm ixracla, həm idxalla məşğul olan iri şirkətlərə lobbiçilik edənlər var. Bu şirkətlərin arxasında iri məmurlar dayanır. Artıq bu heç kimə sirr deyil. Hətta rəsmi sənədlərdə ya məmurların, ya da ailə üzvlərinin adları keçir. Bax, o maraq, lobbi qrupları imkan vermir ki, Rəqabət Məcəlləsi qəbul olunsun. Çünki məcəllə qəbul olunsa, formal da olsa, istənilən iş adamı o Məcəlləyə istinad edərək, məhkəmələrə müraciət edib özünün rəqabət hüququnun pozulduğunu iddia edə bilər. Məmurlar da düşünürlər ki, hər dəfə onların şirkətləri məhkəmələrə veriləcəksə, araşdırmalar aparılacaqsa və bunlar səs-küyə səbəb olacaqsa, bəri başdan Rəqabət Məcəlləsini qəbul etməyək ki, başımız da ağrımasın. Yəni, bu məcəllənin qəbul olunmaması bununla bağlıdır. 

-Natiq bəy, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirdi. Bu qərar dünya iqtisadiyyatında mühüm hadisə kimi dəyərləndirilsə də, Azərbaycanda ciddi müzakirə olunmadı. Ümumiyyətlə, bu qərarın Azərbaycana hansı təsirləri ola bilər?

-FED-in budəfəki qərarı Azərbaycana birbaşa heç bir təsir etməyəcək, çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir. Qısa misalla izah etməyə çalışım. İnsanın immun sistemi sağlam olanda xəstəliklə bədən özü mübarizə aparır, orqanizm özü müqavimət göstərərək xəstəliyə qalib gəlir və xəstəlik zamanı içilən dərmanlar ancaq köməkçi rolu oynayırlar. İmmun sistemi zəif olan orqanizmlər isə daim dərman atırlar ki, xəstələnməsinlər, amma bu da kömək olmur, xəstələnirlər və bu zaman da çox ağır antibiotiklər qəbul etməyə məcbur olurlar. Ağır dərmanlar müvəqqəti effekt yaradır, amma immun sistemi daha da zəiflədir, orqanizmə orta və uzun vadədə ciddi mənfi təsir göstərir. İqtisadi institutlar ölkələrin immun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir, bu müvəqqəti effekt yaradır, amma orta-uzun vadədə ölkəyə ciddi ziyan vurur. Bu gün manatla bağlı yaranan sabitlik "vurulan antibiotiklə" bağlıdır, orqanik deyil, müvəqqətidir və bu "iynələr" ölkə iqtisadiyyatında immun sisteminin yaranmasına mane olur. Ona görə də orta-uzun vadədə bu "iynələrin" yeri ağrıyacaq, şişəcək, daha ağır əməliyyatla, növbəti gecəlik devalvasiyalar ilə müdaxilələri qaçılmaz edəcək.

-Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da il ərzində manatla bağlı hər hansı bir təhlükənin olmadığını bəyan edir. Lakin bir məsələ var ki, artıq nəinki iqtisadçılar, artıq sıravi vətəndaşlar da baş bankirin açıqlamalarına etimad göstərmirlər. Bu barədə nə deyə bilərsiniz?

- Əslində, bu, çox acınacaqlı haldır. Dünyanın istənilən ölkəsində Mərkəzi Bank rəhbərinin çıxışı birjalara, ölkənin makro-iqtisadi göstəricilərinə təsir edir. Düzdür, Azərbaycanı Amerika ilə müqayisə etmək düzgün olmaz. FED rəhbərinin bir cümləsi ilə birjalarda bir neçə milyardlıq əməliyyatlar həyata keçirilir.  Səhmlərdə azalmalar, yaxud artmalar müşahidə olunur ki, bu, həmin institutun dayanıqlı, güvənilir bir qurum olduğunun göstəricisidir. Avropa ölkələrinin Mərkəzi Bankı bu cürdür.  Türkiyə Mərkəzi Bankın rəhbəri çıxış elədi və o çıxışa görə türk lirəsinin az da olsa, möhkəmlənməsinin şahidi olduq. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Mərkəzi Bank bir institut kimi cəmiyyətdə güvən və dayaq qazanmayıb, əksinə əhali arasında güvənsizlik mərkəzinə çevrilib.  
Bunun da əsas səbəbi ondan ibarətdir ki, devalvasiyalardan öncə Mərkəzi Bank rəhbəri Elman Rüstəmov çıxış elədi və devalvasiyanın olmayacağını söylədi. Xatırlayırsınızsa, 2015-ci ildə onun çıxışından bir gün sonra devalvasiya oldu. Yəni, iki dəfə kəskin devalvasiyanın ağrı-acılarını bu gün də hiss etməkdəyik. Bu da həmin şəxsə və rəhbəri olduğu quruma olan güvəni tamamilə sarsıtdı. Yəni, Elman Rüstəmova və rəhbərlik etdiyi quruma ciddi inamsızlıq var. Açığı onun bərpa olunması elə də asan məsələ deyil. Ona görə də Elman Rüstəmovun çıxışı dərhal vətəndaşın yadına devalvasiyadan əvvəlki çıxışlarını salır. Mərkəzi Bank dövləti ən vacib iqtisadi institutlarından birinə çevrilməlidir. Təəssüf ki, bu, baş vermədi. Elə dünənki çıxışından bir sitatla da nə qədər acınacaqlı vəziyyətdə olduqlarını sübut eləmək asandır. Elman Rüstəmov bildirdi ki, Mərkəzi Bank Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. Bu, tamamilə absurd bir rəqəmdir, dünyanın heç bir yerində normal sorğuda 98 faiz rəqəmi alına bilməz. 

- Amma əslində cəmiyyətdə real düşüncə və inam fərqli istiqamətdədir...

-Zatən, Azərbaycanda əhali küçədə, çayxanalarda başqa məslələri müzakirə edirlər. Mən gün ərzində beş-altı dəfə bu cür mövqelərin şahidi oluram. Tanıyan insanlar yaxınlaşırlar, deyirlər ki, maaş və təqaüdlərin artımına görə qiymətlərin bahalaşması qaçılmazdır. Yəni, insanlarda çox ciddi inflyasiya gözləntisi var. Amma Mərkəzi Bankın rəhbəri müşavirədə, Prezidentin qarşısında deyir ki, inflyasiya gözləntisi sıfıra bərabərdir. Bu rəqəmlərin belə açıqlanması zatən güvəni zəifləmiş Mərkəzi Bank kimi instituta inamın yerlə bir olmasına gətirib çıxarır.

Z.Məmmədli