“Ukrayna Azərbaycanlılarının birləşmiş diasporu” ictimai təşkilatının rəhbəri Hikmət Cavadovun Bakıya və ya üçüncü ölkəyə deportasiya edilməsi barədə rəsmi qərar ortaya çıxıb. 

Unikal.org xəbər verir ki, bu barədə Demokrat.az-a Ukraynadakı Azərbaycan diaspor təşkilatından məlumat daxil olub.

Məlumata görə, 2018-ci ilin sentyabrında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri, ordu generalı Vasili Grıtsak 05.05.1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Cavadov Hikmət Əlövsət oğlunun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verib. 

Sənəddə qeyd olunur ki, Hikmət Cavadov media vasitəsi ilə, həmçinin ictimai çıxışları zamanı etiraz əhval-ruhiyyəsinin qaldırılması, Ukrayna dövlətinin ali idarəetmə orqanlarına inamsızlığın formalaşdırılması məqsədi ilə Ukraynanın dövlət orqanları və Ukraynada yaşayan digər millətlərin nümayəndələri haqqında fitnəkar şüarları səsləndirir.

Eyni zamanda, o, Ukraynada hakimiyyət nümayəndələrinə qarşı hörmətsizlik və təhqir nümayiş etdirir, bu da öz növbəsində kütləvi mitinq iştirakçıları və hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma üçün şərt yaradır, məsuliyyəti xüsusilə Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi (Kütləvi iğtişaşlar) və 161-ci maddəsində (İrqindən, millətindən və ya dinindən asılı olaraq vətəndaşların bərabərliyinin pozulması) nəzərdə tutulur.  

Həm də Hikmət Cavadov sözügedən hərəkətləri ilə Ukraynada dinlərarası və millətlərarası vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Sadalanan məsələlərlə əlaqədar Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verilir. 

Marqaqlıdır ki, Ukraynanın ordu generalı səviyyəsində Hikmət Cavadovun deportasiyası barədə qərar verilsə də, amma sonradan müəmmalı şəkildə bu qərar icra edilmir. Buradan belə düşünmək olar ki, Hikmət Cavadov müəyyən imtiyazlar qarşılığında Ukraynanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilib. Bəlkə də elə bu səbəbdəndir ki, Hikmət Cavadov onun haqqında çıxarılmış deportasiya qərarından az sonra Rusiyanın yüksək dövlət rəhbərlərinə qarşı "savaş" açıb, onları pisləyən yazılar yayır. Təbii ki, bu gün Rusiya ilə dərin münaqişə yaşayan Ukrayna dövləti üçün "üçüncü" ölkələrin vətəndaşları tərəfindən Kreml hakimiyyətini "vurdurmaq" rəsmi Kiyev üçün göydəndüşmə bir fürsət idi. Buna Hikmət Cavadovun timsalında azda olsa nail oldular. Görünür, Ukraynanın müəyyən rəsmi dairələri Azərbaycanın da Rusiya ilə özü kimi münaqişə yaşamasını arzulayır. Hikmət Cavadov kimi həvəskar diaspor nümayəndələri isə bəlkə də fərqinə varmadan buna alət olurlar. 
Bu gün Azərbaycan Rusiya ilə strateji müttəfiq olan dövlətdir, milyonlarla soydaşımız hazırda bu ölkədə işləyib yaşayır, dolanışıq mənbəyi kimi baxır. Eyni zamanda ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həllində Ukraynadan milyon dəfə çox Rusiyadan nə isə gözləyirik. Axı belə bir məqamda özünü Prezident İlham Əliyevin "dəstəkçisi" kimi göstərən, hakimiyyətin müəyyən qanadı ilə bağları olan Hikmət Cavadovun Rusiya prezidentini, onun xarici işlər nazirini açıq təhqir və tənqid edən açıqlamalar verməsi kimə fayda verə bilər?!

Qeyd edək ki, özünü Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının icraedicisi kimi təqdim edən Hikmət Cavadov bu yaxınlarda Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu adından sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ı yaxından dəstəkləməklə, bu ölkənin rəsmi şəxslərinin Azərbaycan dövlətinə qarşı münasibətlərində "soyuqluq" yaradıb.  

Təsadüfi deyil ki, bir müddət əvvəl Saakaşvilini sərhəddə qarşılamağa gedənlər arasında Hikmət Cavadov da olub. Sonradan Kiyevin mərkəzində keçirilən mitinqlərdə də diaspor rəhbəri aktivliyi ilə diqqəti cəlb edib. Hətta, Mixail Saakaşvili etirazçıların Ali Rada qarşısında yaratdığı çadır şəhərciyinə baş çəkərkən, burada Hikmət Cavadovla da görüşüb. Həmin vaxt Azərbaycan mediası yazırdı ki, M.Saakaşvili  H.Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib:

Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir. Öz növbəsində diaspor rəhbəri H.Cavadov da Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib”.
Hətta məlumata görə, Hikmət Cavadov Saakaşvilinin aksiyalarına qatılaraq, onun tərəfdarlarını "peraşki" və digər yüngül yeməklərlə təmin edib. 

Daha sonra o, Mixail Saakaşvili tərəfdarlarının Maydanda keçirilən böyük mitinqində çıxış edib və Poroşenko hakimiyyətini istefaya səsləyib.