“AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəməsinin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nəbiyevin barəsində Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) maddəsinə bəraət hökmü çıxarılıb. Digər - 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə ona şərti cəza verilib və E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti və zərərçəkmişlə təqsirləndirilən şəxs apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra zərərçəkmişlə E.Nəbiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Əli Osmanov