Hərbçilərin dünya çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, tanınmış boksçu Ceyhun Abıyev Unikal.org-a müsahibə verib. 

- Ceyhun bəy, hazırda harada işləyirsiniz?

- Hazırda hakimlik edirəm. Boks Federasiyasından yarışlar olanda çağırırlar, gedib hakimlik edirəm. Məşqçi kimi fəaliyyət göstərsəm də, təəssüf ki, hər hansı bir cəmiyyətim yoxdur. 

- Şəxsi tələbələriniz var?

- Tələbələrim var, amma böyük yarışlara çıxacaq yaşda deyillər, uşaqdırlar. 

- Bəs hazırkı durumunuzdan razısınız? Hakimlik sizi qane edir?

- Hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) müəllim kimi fəaliyyət göstərirəm.  Boş vaxtlarımda hakimlik də edirəm. Amma heç bir hakim Boks Federasiyasından maaş almır. Sadəcə olaraq yarış olan zaman ona görə gündəlik pullarını alırlar. 

-  Boksun son dövrlərdəki durumu ilə bağlı nə düünürsünüz?

- Əvvəlki illərlə müqayisədə zəifləyib. Əslində idmanda belə hallar olur. Bir nəsil gəlir yaxşı olur, digər nəsil zəif ola bilir.  Bir-birilərini əvəz edə-edə gedirlər. Yəqin ki, qarşıdakı yarışlara getmək onladra inkişaf etməyə kömək edəcək.

- Bəs boksa və boksçulara olan maraq niyə zəifləyib?

- Yadımdadır ki, bizim yarışlar Əl Oyunları Sarayında olurdu və orada izləyənlər içərisində oturmağa yer olmurdu. Azarkeşlər pilləkanlarda otururdular. 

Amma indi nə yarış olur olsun, zalda valideyndən, dost-tanışdan başqa heç kim olmur. 

- Səbəb nədir sizcə?

- Dəqiq səbəb deyə bilmərəm. Bəlkə də təbliğatdır... Bəlkə də döyüşçülərdən aslıdır. Onu da qeyd edim ki, valideynlər də hakimlərə yarışa müdaxilə edir. Məşqçilər də valideynin fikirlərinə, etirazına dəstək olurlar və hər şeyi hakimlərin üzərinə atırlar.  Deyirlər uşağını hakim uduzdurdu. Hay-küy salaraq yarışın nüfuzunu da aşağı salırlar. Elə məşqçilər də var ki, 1-2 ayın uşağını rinqə çıxarırlar.  Belə olmaz. Onu da deyim ki, boksa başlamaq üçün ən yaxşı yaş 11-12 yaşdır. 

-  Özünüz arada rinqə çıxırsınız?

- Bəli arada rinqə çıxıb, işləyirəm (gülür).  Düzdür əvvəlki illərlə müqayisədə bir az zəiflik var. Amma maşallah hələ özümdən şikayət etmirəm.  Necə deyərlər, canım suludur, vuruşa da bilərəm. Çəkim də demək olar ki, dəyişməyib. (gülür)

- Ceyhun bəy, siz millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevlə qohumsunuz?

- Bəli, əmimdir. 

- Münasibətləriniz necədir?

- Əladır, əmimdir. Hörmətim sonsuzdur. 

- İddia edilirdi ki, sizin boksda irəli getməyinizdə Ağacan Abıyevin rolu olub. 

- İrəli getməyində ya getməyimdə? (gülür) İrəli hara gedə bilmişəm ki?  Boksçu kimi əldə etdiklərim öz biləyimin gücünə olub.  Mən sizə istəsəniz danışa bilərəm ki, əmim mənim karyeramda nə rol oynayıb. Hər şey tam əksinədir. O, mənə heç bir qohumbazlıq, aryeramda heç bir "əmilik" etməyib. Məni uzaqdan-yaxından tanıyanlardan soruşsanız onlar sizə deyərlər ki, əmim mənim karyeramda nə rol oynayıb. 

- Yəni heç bir köməkliyi dəyməyib?

- Xeyr. Əslində onun mənə niyə kömək etməməsini də qınamamışam.  Hər oxuyan alim olmaz.  Düzü, özüm də heç müraciət etməmişəm ki, əmi mənə filan işimdə kömək et. Mən sonuncu dəfə Hərbiçilərin Dünya çempionu olduqdan sonra karyeramı bitirmişəm. Heç vax heç kiminsə haqqına da girmərəm. Bir-iki dəfə səbr etdim ki, bəlkə düzələr. 2001, 2003, 2004-cü illərdə haqqım yeyildi. 2008-ci ildə olimpiya oyunlarına gedə bilmədim.  Dözdüm, səbr etdim. 

Aygün İlqarqızı