Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsi start götürüb.

Unikal.org xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

III təsnifat mərhələsinə ilk vəsiqələrin sahibləri eyni vaxtda başlayan matçlarda bəlli olub. “Tirana” və “Srvena Zvezda” Çempionlar yolunda münasibətlərini ayırd ediblər. Albaniyadakı görüşdən qonaqlar qalib ayrılıb.

Liqa yolunda isə qonşu Türkiyə təmsilçisi “Beşiktaş” meydana çıxıb. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gəlib. Matça sürətli başlayan meydan sahibləri ilk yarım saatda vurulan qollar sayəsində qalibiyyətə seviniblər. Türkiyə təmsilçisinin gücü təsəlli qoluna çatıb.

Beləliklə, “Srvena Zvezda” və PAOK turnirdəki yoluna davam edibsə, "Tirana" ilə "Beşiktaş" ÇL-lə vidalaşaraq Avropa Liqasına yuvarlanıb.

Qeyd edək ki, bir oyundan ibarət olan mərhələnin digər 11 cütü avqustun 26-da üz-üzə gələcək.