Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə görüş keçirib.
 

Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir. Dövlətimiz üçün milli maraqlarımızın yerli və beynəlxalq səviyyədə qorunmasında vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakının təmin edilməsi, Ermənistanın 1 milyondan çox vətəndaşımızın fundamental hüquqlarını pozmasının dünya ictimaiyyətinə səmərəli şəkildə çatdırılması, mərkəzi və yerli icra qurumlarının fəaliyyətində şəffaflıq və aşkarlığın artırılması, ictimai nəzarətin gücləndirilməsi prioritet təşkil edir. Buna görə də Şura daima insan hüquqlarının qorunması, demokratik proseslərin dəstəklənməsi və araşdırma sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüs və layihələrini maliyyələşdirir. Şura sədri Prezidentin köməkçisi Hikmət Hacıyevin qeyd olunan istiqamətdə ixtisaslaşmış QHT-lərlə bugünkü dialoqunun onların fəaliyyəti üçün əlavə stimul olacağına və müxtəlif formatlarda bu dialoqun bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib. Hikmət Hacıyev QHT-hökumət dialoqunun ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıdığını bildirib. H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib.

Hikmət Hacıyev insan hüquqlarının qorunmasının ümumbəşəri məsələ olmasına baxmayaraq bu sahədə çalışan bir sıra beynəlxalq qurumların Ermənistanın 30 ildən artıq müddətdə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozması faktına ədalətli və qaneedici səviyyədə münasibət bildirmədiyini qeyd edib. Prezidentin köməkçisi insan hüquqları ilə bağlı selektiv deyil, obyektiv və qərəzsiz mövqe tutan yerli və beynəlxalq təşkilatlarla dialoqa hər zaman açıq olduğunu deyib.

Hikmət Hacıyev beyin mərkəzlərinin müəyyən dövlətlərin, regionun və dünyanın müxtəlif problemlərini tədqiq və təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlar olduğunu vurğulayıb. Prezidentin köməkçisi Azərbaycan QHT-lərinin də bu istiqamət üzrə ixtisaslaşmasının və xarici həmkarları ilə beynəlxalq əməkdaşlığı genişləndirməsinin vacib olduğunu deyib.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə belə geniş formatda başladığı dialoqun vacib olduğunu vurğulayaraq belə təşəbbüsün irəli sürülməsini təqdir etdiklərini bildiriblər. QHT rəhbərləri ictimai sektorun və bilavasitə fəaliyyət göstərdikləri sahədə mövcud vəziyyət haqqında danışaraq üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib.