“Vətən Müharibəsi başlayandan bəri cənab Prezidentin çıxışları, müsahibələri müstəsna dərəcədə əhəmiyyətə malikdir. Bu gün İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın haqlı mövqeyinin qəti şəkildə ortaya qoydu”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev bu çıxışları ilə indiyə kimi Azərbaycan haqqında formalaşmış yanlış informasiyanı dağıdaraq həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır:

“Bəzən deyirlər ki, filan ölkənin müxbiri niyə belə sual verir. Mən deyirəm ki, qoy versin, çünki o suallar nəticəsində Azərbaycanla bağlı həqiqətlər bir daha ortaya qoyulur. Ola bilsin ki, Almaniyada bir çoxları elə bilir ki, Qarabağ erməni torpağıdır, bu münaqişədə Azərbaycan haqsızdır. Amma Prezident tarixə ekskursiya edir, faktlarla danışır, Gülüstan, Türkmənçay müqavilələrini əsas gətirir, ermənilərin Qafqaza gəlmə xalq olduğunu deyir və sübut edir. Almaniyada, Avropada da görürlər, anlayırlar ki, Ermənistan işğalçıdır. Ümumiyyətlə, bu çıxışlar nəticəsində dünya erməniliyinə yeni baxış formalaşır. Cənab Prezidentin bugünkü çıxışını daha cəsarətli hesab edirəm. Açıq şəkildə Minsk Qrupunun həmsədr dövlətlərinin ermənilərə necə dəstək verdiyini ortaya qoyur. Bunun üçün ciddi siyasi iradən olmalıdır. Prezident İlham Əliyev bu iradəni ortaya qoymağa bacarıb. Hesab edirəm ki, Prezident İlham Əliyev bütün müsahibələri, çıxışları siyasi, diplomatik, strateji cəhətdən yüksək qiymətləndirilməlidir”.

Murad İbrahimli