“Komsomolskaya Pravda” qəzetində Azərbaycan Prezidenti Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundovun “Qarabağda nasist caniyə heykəl qoyulub, rus kilsələri dağıdılıb. Cinayətləri gizlətmək mümkün olmayacaq” sərlövhəli məqaləsi dərc edilib.

Unikal.org AzərTAc-a istinadən həmin məqaləni təqdim edir:

Riyakarlıq. “Qarabağın rus icmasının rəhbəri müharibədən sonrakı həyatı təsvir edib” sərlövhəli iddialı məqaləni lap dəqiq səciyyələndirmək üçün ən münasib söz bu olardı. Heç kəs üçün sirr deyil ki, “yerli hakimiyyət orqanları” belə görüşləri və belə məqalələri çox vaxt öz məqsəd və “məramlarını” təbliğ etmək məqsədilə təşkil edirlər.

“Moskovski komsomolets” qəzetinin müxbirinin müsahibi Qalina Somova özünü “Dağlıq Qarabağın rus icmasının rəhbəri” kimi təqdim edərək, Moskvanın nüfuzlu nəşrində oxunması kimlərinsə xoşuna gələcək sözlər demək qərarına gəlib, lakin öz sözlərinin həqiqətə nə dərəcədə uyğun olması, daha dəqiq desək, öz sözlərinin həqiqətdən nə qədər uzaq olması onu o qədər də narahat etməyib.

“Yerli rusların pravoslav kilsəsi yoxdur”, - deyə gileylənən Q.Somova daha sonra əlavə edir: “Yeri gəlmişkən, burada bizim öz rus kilsəmiz də olmalı idi, lakin hələlik arzularımız çin olmayıb. 2010-cu ildə kilsə tikilməsi nəzərdə tutulan yerdə gələcək kilsənin təməli qoyuldu və oraya xaç suyu çəkildi. Amma hələlik yalnız rusiyalı sülhməramlıların keşişi Boris ataya ümid edirik”.

Bir qədər izahat verək. Xatırladırıq: Lap yaxın vaxtlarda Qarabağda, Xocavənd şəhərində (ermənilər buranı Martuni adlandırırdı) nasist, Hitlerin əlaltısı Qaregin Njdenin heykəlinin açılışı olub. Bu həmin Njdedir ki, hitlerçilərin Holokost qurbanlarından qarət etdikləri sərvətlərin, əsasən qızılın “reallaşdırılmasına” kömək edirdi. Fürerə xidmət etdiyinə görə, sovet məhkəməsinin hökmü ilə 25 il həbs cəzasına məhkum edilmişdi. İndi həmin subyektə heykəllər qoyurlar. Özü də guya Hitlerə xidmət etdiyinə görə yox, “yalnız” azərbaycanlılara qarşı etnik təmizləmələr apardığına görə. Bugünkü Ermənistan eyni siyasəti təkrar edir.

Bir məqamı qeyd etmək xoş olmasa da, xatırlatmalıyam: “Bir neçə il bundan əvvəl Rusiya incəsənət “ulduzlarının” iştirakı ilə hətta Njdenin bioqrafiyasından bəhs edilən film də çəkilib. Əlbəttə, həmin filmdə Njdenin Hitlerə xidmət etməsi barədə bir kəlmə də deyilmir, amma bir ibrətamiz epizod var: Njdeyə Zəngəzurda neçə “türk kəndi” qalması barədə məlumat verirlər, sonra o, deyir: “Biz bu kəndləri azad edəcəyik!” Amma məlum olur ki, Njde həmin kəndləri dinc yerli əhalidən “azad etməyə” hazırlaşırmış. Sonra müasir Ermənistan Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarını işğal edir, orada erməni əhali ümumiyyətlə yox dərəcəsində olub, sonra isə bu torpaqları “azad edilmiş ərazilər” adlandırırlar. Sevindirici haldır ki, indi artıq Ermənistanın özündə politoloqlar soruşurlar: “Biz bu torpaqları kimdən azad etmişik?”

Düşünmək olardı ki, bu kəndlər yağı düşmən tərəfindən zəbt edilibmiş, “xilaskar qəhrəman” Njde isə onları azad etməyə çalışır. Amma yox, əslində, söhbət dinc Azərbaycan kəndlərindən gedir və bu kəndlərin sakinlərinin bütün “təqsiri” onların erməni olmaması, onların torpağında Njdenin “Dağlıq Ermənistan” yaratmaq niyyətinə düşməsidir. Bu müharibə canisinə artıq Yerevanın mərkəzində heykəl qoyulub. Rusiyada da ona xatirə lövhəsi qoymağa cəhd göstərilib, lakin Rusiyanın hakimiyyət orqanları buna imkan verməyiblər. Fikir verin, bu murdar “monument” üçün vəsait tapılıb, amma pravoslav məbədi üçün tapılmayıb. Şuşada “Qarabağ parlamenti” binası üçün də pul tapılıb, təkcə pravoslav məbədi üçün tapılmayıb.

Bir məsələni də xatırladaq. Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilənə qədər orada pravoslav məbədləri vardı, lakin erməni işğalı dövründə bu məbədlərin başına nələr gətirilməsi maraqlı məsələdir.

Qarabağın tarixi paytaxtı Şuşa şəhərində hələ XIX əsrdə Müqəddəs vəftiz İohan rus pravoslav kilsəsi tikilib. Şuşada bu şəhərin yerli sakinləri – azərbaycanlılar yaşadığı illərdə bu kilsə salamat mövcud olub: Rusiya imperiyası dövründə də, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti illərində də, sovet Azərbaycanında da, Azərbaycanın dövlət müstəqilliyi elan ediləndən sonra 1991-1992-ci illərdə, Şuşa şəhəri işğal olunana qədər belə qədər.

Bəs yeni peyda olmuş erməni “sahiblər” bu kilsə ilə necə rəftar ediblər? Onlar pravoslav məbədinin günbəzini söküb, kilsəni erməni üslubunda təmir edərək, onu erməni məbədi elan ediblər. Lakin Somovanın müsahibəsində bu barədə bircə kəlmə də deyilmir. Somova yalnız Şuşada və Hadrutda rus qəbiristanlığının hansı vəziyyətdə qalmasına görə narahatlığını bildirir.

Xanım Somovanı əmin edə bilərik: Azərbaycan sivil ölkədir. Biz tarixi abidələrlə, xüsusən qəbiristanlıqdakı məzarlarla “döyüşmək” niyyətində deyilik. Erməni qəbirləri ilə bağlı insident məsələsinə gəldikdə isə artıq neçənci dəfə xatırladırıq: Azərbaycan Respublikasının Baş Prokurorluğu bu hadisə ilə əlaqədar təhqiqat aparır, həmin kadrlarda görünən hərbi qulluqçular həbs edilib. Maraqlıdır, Ermənistanda heç olmasa bir dənə buna oxşar presedent varmı? Hərbi cinayətlərə görə, dağıdılmış və qarət edilmiş muzeylərə, sözün hərfi mənasında, donuz saxlanan yerə çevrilmiş məscidlərə görə Ermənistan vətəndaşlarından kimisə cəzalandırıblarmı?

Hadrut və onun ətraf bölgələri barədə ayrıca söhbət açmaq lazımdır. Burada, daha dəqiq desək, Hadrutun özündə yox, onun yaxınlığındakı Kuropatkino kəndində rus pravoslav kilsəsi vardı . Görün, indi həmin kilsə nə vəziyyətdədir. Yox, bunlar müharibənin izləri deyil – erməni işğalçılar bu kilsəni sadəcə dağıdıblar.

Üstəlik, kilsənin divarlarında birmənalı qrafitti qalır. Erməni işğalı ilə birlikdə xoşagəlməz siyasi texnologiyalar da Qarabağa “ixrac olunub”. “Sputnik Armenii” həmin siyasi texnologiyalar barəsində yazıb: “Doxsanıncı illərin əvvəlində İsaakyan küçəsindəki 38 nömrəli evin divarından “Rus İncəsənət Muzeyi” lövhəsi çıxarılanda bu hərəkətə uşaq dəcəlliyi kimi yanaşdılar. Halbuki, həmin muzeydə başqa eksponatlarla bərabər, moskvalı professor Aran Abramyanın Yerevana hədiyyə etdiyi rəsm əsərləri də saxlanılırdı. Yerevandakı milis alayının kazarmalarına hücum edənlərin şüarı belə idi: “Bizim mübarizəmiz Rusiya müstəmləkəçiliyinə qarşı yönəlib, Rusiya telekanallarını bağlamaq, rusiyalı sərhədçiləri dərhal döyüş növbəsindən çıxarmaq, gümrüdəki hərbi bazanı oradan yığışdırmaq lazımdır”. O vaxt düşünürdülər ki, bir qədər hay-küy salıb sonra sakitləşəcəklər”.

Hitlerin əlaltısı Njdeyə pərəstiş də “ixrac edilib”, ermənilərin nəzarətində olan ərazilərdə “etnik təmizləmə” aparılıb, tarixi abidələr məhv edilib. Dünya Yerevanın timsalında bütün bunları görüb, oradakı bütün tarixi tikililər, o cümlədən İrəvan qalası, məscidlər, Xan sarayı buldozerlə kürünüb... İndi eyni əməllər Qarabağda təkrarlanıb. Oradakı məscidlər və teatrlar, muzeylər və məktəblər, yaşayış evləri, hətta qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb.

Bu cinayətlərin “müəllifləri” cəzasız qalacaqlarına əmin idilər. Onlar şübhə etmirdilər ki, dağıdılmış kilsələrin taleyindən heç kəs xəbər tutmayacaq. Buna görə də özlərini Rusiyanın böyük dostları kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin indi bu torpaqlar Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra çoxları üçün narahatlıq doğuran bir sıra detallar və təfsilatlar üzə çıxır. Üstəlik, indi jurnalistlərin böyük bir qrupu işğaldan azad edilmiş torpaqlara yola düşüb. Erməni millətçilər isə onları qabaqlamağa çalışırlar.

Lakin, necə deyərlər, faktlar inadkar şeydir. Heç bir riyakarlıqla onları ört-basdır etmək mümkün deyil.