Gənclər və  İdman Nazirliyindən heç bir dəstək almayan Azərbaycan Ciu-Citsu Federasiyası həm məşqlərə, həm də maaş üzünə həsrət qalıb. 

Bu barədə Unikal.org-a Federasiyasının prezidenti Mirəli Seyidov məlumat verib. Onun sözlərinə görə, qurum  uzun müddətdir fəaliyyət göstərə bilmir:

"Pandemiya səbəbi ilə idmançılar və məşqçilər işsiz qalıb.  Dünya və  Avropa Çempionatlarına yollana bilmirik. Zallara giriş qadağandır, açıq havada isə məşq etmək çox çətindir. Bizə dəstək olunması üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə və lazımı qurumlara məktub ünvanlamışıq. 

Nazirliyin onlayn iclasında iştirak etdik.  Onlar 5 mart "Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə sadəcə təbrik edib, problemimizin həlli üçün səbirli olmağı tövsiyyə etdilər. Lakin dəstəklə bağlı heç bir məlumat yoxdur. 

Məşqçilər, idmançılar pulsuzluqdan iş axtarırlar.  Dünya və Avropa çempionlarımızın hamısı küçədə qalıb. Şuşanı alan gənclər arasında bizim tələbələrimiz də vardı". 

M.Seyidov özünün də maaş almadığını və  nazirliyin sadəcə olimpiya idman növlərinə maddi dəstək olduğunu vurğulayıb:

"İndi təqaüdümü gözləyirəm ki, acından ölməyim. Məni bütün dünyada tanıyırlar. Yeganə azərbaycanlıyam ki, “Qızıl döyüş” Oskarı mükafatına layiq görülmüşəm. Güc strukturlarına məşqləri biz keçirik.  Gənclər və İdman Nazirliyi təkcə olimpiya idman növlərinə maddi dəstək olur. Biz də kənarda qalmışıq. Vəziyyətimiz doğrudan da çox acınacaqlıdır".  

Aygün İlqarqızı