Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vaksin olunmaqla virusun ona yaradacağı təhlükələrdən özünü qorumuş olur.

Unikal.org xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

“Bildiyiniz kimi bir sıra ölkələr artıq ərazisinə giriş üçün vaksin olunmağı şərt kimi qoyur. Məsələn, Səudiyyə Ərəbistanının yeni qərarına əsasən, Həcc ziyarətinə getmək istəyənlər mütləq vaksinasiya olunmalıdır. Bir sıra ölkələrdə vaksinasiya olunmuş insanlara ölkədaxili hərəkətdə də sərbəstlik verilir. Bu baxımdan Azərbaycanda da bu cür qaydaların tətbiq olunması məqbuldur. Bu gün karantin qaydalarının yenidən tətbiq edilməsi ehtimalı insanları çox narahat edir.

Deputat həmçinin vaksin olunmuş şəxslərin metroya girişinin də sərbəst olması təklifi ilə çıxış edib. O qeyd edib ki, bu gün Bakıda sərnişin sıxlığının aradan qaldırılması üçün metronun açılmasına ciddi ehtiyac var, lakin metroda yoluxmaya münbit şərait olduğu üçün hələki onun fəaliyyətini bərpa etmək olmur:

“Metronun işləməməsi istər-istəməz sıxlığın yaranmasına səbəb olur. Ancaq gələcəkdə yalnız vaksin olunmuş şəxslərin buraxılması şərtilə metronun fəaliyyətinin bərpa edilməsi mümkün ola bilər, yəni tam vaksinasiya olunmuş şəxslərin metrodan sərbəst şəkildə istifadə etməsi üçün şərait yaradıla bilər. Hesab edirəm ki, insanlar vaksinasiya prosesində aktiv iştirak etməli, vaksin olunanların sayı artmalıdır ki, bu cür qərarların qəbul edilməsi üçün şərait yaransın”.