Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub.

Unikal.org-un məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsi vasitəsilə açıqlayıb.

Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub. Onu son 2 onilliyin ən yaxşı hücumçularından elan edən “Volero le Kannet” Məmmədovanı karyerası münasibətilə təbrik edib, qazandıqları ilə qürur duya biləcəyini bəyan edib.

Milliləşən ukraynalı 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra yığmamıza cəlb edilib. O, 2004-2018-ci illərdə millinin formasını geyinib.

195 sm boya malik hücumçu Azərbaycan millisi ilə Avropa çempionatının yarımfinalçısı (2017) olub. O, Ukrayna yığmasında gənclər arasında qitə çempionatının gümüş mükafatını (2002) qazanıb.