Ermənistan tərəfinin təxribatçı əməlləri davam edir. Öncə erməni əsgərlərinin sərhədimizi pozması, əsgərlərimizə hücumu, ardınca isə dirversiya qruplarının məlum addımları ciddi narahatlıq yaradıb. Lakin ordumuzun müvafiq bölmələrinin keçirdiyi adekvat tədbilər nəticəsində düşmən zərərsizləşdirilib. Təbii ki, son olaylar sıradan hadisə deyil. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov “Unikal”a müsahibəsində bu barədə danışıb.

-Cavid müəllim, Azərbaycanla Ermənistan sərhədində baş verənlərlə bağlı fikirlərinizi bilmək istərdik.

-Əlbəttə ki, burada erməni hiyləsi, erməni xisləti var. Hər zamankı kimi onlar təxribatçı əməllərini davam etdirirlər. Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandı və dövlətimiz bölgədə yeni reallıq yaratdı. Bu reallıqlara uyğun olaraq, Azərbaycan Prezidenti yeni qarşılıqlı əlaqələrin qurulması, münasibətlərin tənzimlənməsi və eyni zamanda, bir neçə gün əvvəl cənab İlham Əliyev tərəfindən bir daha bəyan olundu ki, biz Ermənistanla sülh müqaviləsi bağlamağa hazırıq. Amma bunun üçün də Ermənistan tərəfi Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınmış sərhədləri və ərazi bütövlüyünü tanımalıdır. Bütün bunların fonunda Azərbaycan tərəfi bir daha bəyan etdi ki, sərhəddə baş verən təxribatla bağlı heç bir iştirakı yoxdur.  Bu, sadəcə olaraq Ermənistanın növbəti təxribat cəhdidir. Ancaq göründüyü kimi, Azərbaycan tərəfi lazımi tədbirləri görüb və layiqli cavab verilib.

-Sizcə, bu təxribatları intensivləşdirməkdə məqsəd nədir?

 -Burada biz bir şeyi yaddan çıxarmamalıyıq ki, iyunun 20-də Ermənistanda seçkilər keçiriləcək. Artıq bu yeni hal deyil ki, Ermənistanda seçkiöncəsi, yaxud hər hansı siyasi proseslərdə həm ölkə daxilində, həm sərhəddə belə təxribatlar həyata keçirilir. Ona görə də burada təəccüblü bir şey yoxdur. Çünki erməni xislətindən hər şey gözləmək olar.

-Ancaq sərhddəki insidentlə bağlı yayılan videoya münasibət birmənalı deyil. Sərhəddin mühafizəsinin təşkilində problemlərin olduğu ilə bağlı narazılıqlar var. Bu barədə Siz nə düşünürsünüz?

-44 günlük müharibə dövründə də, Azərbaycan torpaqlarının işğaldan azad edildiyi zamanda da öz sərhədlərimizi qurmağa başlamışdıq. Yəni, işğalçıları ərazilərimizdən qovurduq, həmin ərazilərdə möhkəmlənirdik. Bildiyiniz kimi, İranla sərhədlərimizi bərpa elədik. Torpaqlarımız işğaldan azad edildikcə Azərbaycan öz sərhədlərinin mühafizəsini lazımi formada təşkil edirdi. Təbii ki, müharibə yeni bitib, cəmi 6 ay keçib,hər hansı xırda nöqsanın olması mümkündür. Amma ümumən götürəndə Azərbaycan tərəfi bütün sərhəd boyu lazımi və zəruri addımları atır.

-Erməni tərəfindən hər hansı təxribat törədiləndə, hansısa insident yaşananda rus sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığı gündəmə gəlir. Bəzi hallarda onların öz missiyalarını yerinə yetirə bilmədikləri narazılıqla qarşılanır...

-Bu məsələylə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin mövqeyi ortadadır. Prezidentimiz Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib. Təbii ki, istisna halların olması mümkündür. Hansısa mənfi tendensiyanı ümumi sülhməramlı kontingentinə aid eləmək də doğru olmaz. Bir daha deyirəm,  müharibə yeni bitib və burada təhlükəsizlik məsələləri çox vacibdir. Hər iki tərəf arasında vaxtaşırı hansısa narazılıqlar baş verə bilər. Amma xırda insidentləri çıxmaq şərtiylə ümumilikdə sülhün, əminamanlığın təmini üçün ciddi problemlər hələki yoxdur.

-Fakt odur ki, müəyyən insident yaşanır, amma birmənalı fikir yoxdur. Bəziləri iddia edir ki, bu gərginliyi Qarabağ klanının nümayəndələri, bəziləri isə Paşinyanın özü tərəfindən bu cür təxribatların hazırlandığı bildirilir...

-Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, Ermənistanda seçkilərə görə müəyyən qüvvələrin bu cür təxribatlar təşkil edəcəyi istisna deyil. Ermənistanın dövlət siyasətinin mərkəzində terrorizm dayanır. Bilirik ki, hansısa siyasi məqsədə çatmaq üçün Ermənistanda terror aktı törədilə bilər. Bu gün də insanların siyasi mövqeyinə görə həbs olunması, təqiblərə məruz qalması faktları var. İndiki fonda qarşılıqlı ittihamlar da var və günbəgün artır. Belə bir məqamda bir tərəfin digər tərəfə zərbə vurması üçün sərhəddə bu cür təxribatların törədilməsi mümkündür.  Bütün bunlar daxili çəkişmələr fonunda baş verir.

-Maraqlısı odur ki, bu cür təxribatlar Azərbaycan Prezidentinin sülh çağırışından sonra daha da intensivləşib. Sizcə, bu təsadüfdür, yoxsa...

-​Ermənistan elə bir dövlətdir ki, orada nə baş verdiyini proqnozlaşdırmaq çətindir. Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi Ermənistanda böhranın daha da dərinləşməsi, tənəzzülə uğraması ilə nəticələndi. Bütün bunlara görə erməni xisləti yenidən işə salınır və təxribatlar törədilir. Əlbəttə ki, Azərbaycan Prezidentinin sülhlə bağlı verdiyi mesajlar bütün dünyaya çatdı. Bu günlərdə cənab İlham Əliyevə ünvanlanan təbrik məktublarında bu məsələlər öz əksini tapmışdı. Amma Ermənistanın daxilindəki gərginlik, revanşist ritorika ilə danışanların sayının çox olması Azərbaycanafobiyanın geniş yayılmasından irəli gəlir. Xüsusən də bunlar seçkidə təsiredici vasitəyə çevrilib. Ermənistan onsuz da çıxılmaz vəziyyətdədir. İndi isə daha çətin duruma düşüb. Vətən Müharibəsindən sonra diqtə edən tərəf , yeni reallıqlar yaradan Azərbaycandır. Bunun fonunda Ermənistan nə iləsə cavab verə bilmir. On görə də daxili gərginliyə uyğun olaraq müəyyən çəkişmələrə əl atırlar. Cənab Prezidentin sülh mesajından sonra Ermənistan tərəfinin bu təxribatı indiki hakimiyyətinə qarşı siyasi təzyiq kimi qiymətləndirilə bilər.