"Rusiya sülhməramlıları ən qısa müddətdə, hətta Müdafiə Nazirliyi səviyyəsində aydınlıq gətirməlidir ki, ermənilər nə üçün sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə canlı qüvvə və hərbi texnikalar gətirir. Əks halda, baş verən proseslər üçtərəfli birgə bəyanatın dördüncü bəndinin şərtlərini kobud şəkildə pozur. Hətta Ermənistan bu şərtlərin tam əks istiqamətində addım atır. Bu isə Azərbaycan üçün heç bir halda qəbul edilən deyil". 

Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Ekspert onu da diqqətə çatdırıb ki, sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün qanun qarşısında cavab verir:  

"Baş verən proseslər artıq görüntüləri ilə öz təsdiqini tapıb. Deməli, Rusiya sülhməramlıları yenə də əvvəllər yol verdikləri yanlışları təkrarlamaqda davam edirlər. Məlumdur ki, həmin sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindən keçən erməni silahlıları bu gün Azərbaycan məhkəmələri qarşısında mühakimə edilir. Əgər yaxın saatlarda məlum məsələyə aydınlıq gətirilməzsə və həmin silahlıların oradan çıxarılmasına dair görüntülər Azərbaycan tərəfinə verilməzsə, Azərbaycan bu özbaşınalığa istənilən metodla reaksiya vermək hüququna malikdir". 

Ağarza Elçinoğlu