UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçirilib.

Unikal.org xəbər verir ki, həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gəliblər. Turindəki "Yuventus" stadionunda baş tutan matç "xoruzlar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 37-ci dəqiqədə açılıb. "Qırmızı şeytanlar"ın heyətində Yannik Karrasko fərqlənib. Bu qoldan cəmi 3 dəqiqə sonra Romelu Lukaku fərqi 2 topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 62-ci dəqiqədə Fransa millisinin hücumçusu Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 7 dəqiqə sonra Kilian Mbappe penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Teo Ernandes qoyub.

Beləliklə, Fransa millisi əzmkar qələbə sayəsində finalda İspaniya seçməsinə rəqib olub. Pireneylilər ötən gecə İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.