Rusiyada Moskva vilayətinin Lyubertsı məhkəməsi narkotik maddə satmaqda təqsirləndirilən Rusiya Gömrük Akademiyasının prorektoru Zalim Kerefovun sentyabrın 5-dək həbsi barədə qərar çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a onun vəkili Aleksey Tsıqanov məlumat verib.

“Müvəkkilim barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilib”, vəkil bildirib.

Kerefov külli miqdarda narkotik vasitələrin qanunsuz satışında ittiham olunur. İstintaqın məlumatına görə, o, 2 kq narkotik maddə alıb, onu az miqdarda qablaşdıraraq qaranlıq şəbəkə vasitəsilə satıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 (külli miqdarda narkotik vasitələrin qanunsuz satışı) maddəsinə görə onu 20 ilə qədər həbs gözləyir.

İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi bildirib ki, istintaq Rusiya Gömrük Akademiyasının (RTA) rəhbərlərini narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakına görə yoxlayır.

Ramil Zeynallı