Polşa parlamentinin aşağı palatası (Seym) İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında sazişin ratifikasiyası haqqında qanunları demək olar ki, yekdilliklə qəbul edib.

"Unikal" xəbər verir ki, səsvermədə iştirak edən 442 deputatın hamısı İsveçin NATO-ya qəbulunu dəstəkləyib. 

Finlandiyanın qəbulu haqqında qanuna əsasən, 442 deputatdan biri bitərəf qalıb, biri isə əleyhinə çıxıb. Növbəti addım qanuna ölkənin Senatında baxılması olacaq. Bundan sonra onlar prezident Anjey Dudaya imzalanmaq üçün təqdim olunacaq.

Qeyd edək ki, İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün danışıqları iyulun 4-də başa çatdırıblar. Bundan əvvəl ölkələr mayın 18-də NATO-ya üzv olmaq üçün birgə müraciət etmişdilər. Artıq ölkələrin alyansa qəbulu ABŞ prezidenti Co Bayden tərəfindən Konqres komitələrinə müvafiq məktublar göndərməklə rəsmi şəkildə təsdiqlənib. NATO-ya üzvlük haqqında saziş Estoniya və İslandiya parlamentləri tərəfindən də ratifikasiya edilib .