İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqların başa çatmasından sonra mətbuata ilk açıqlama verilib. 

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, dördtərəfli görüşlə bağlı ilk açıqlama Kremldən gəlib. 

Jurnalistlərlə görüşən Kremlin sözçüsü Dmitri Peskov taxıl problemi ilə bağlı işlərin Rusiya Baş Qərargahı vasitəsilə aparıldığını, gizli görüşlərdən sonra lazım gələrsə orada məlumat veriləcəyini bildirib.

Danışıqlarla bağlı açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə qeyd edib ki, Kiyev Ukraynadan taxıl ixracı ilə bağlı Moskva ilə razılaşmaya çox yaxındır.

Qeyd edək ki, bu gün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri taxıl dəhlizi danışıqları çərçivəsində Kalender Pavilyonunda bir araya gəlib. Nümayəndə heyətləri arasında görüş təxminən 1 saat yarım davam edib.