KXDR bu gün qondarma Donetsk və Luqansk "respublikalarını tanıdığını elan edib. Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi KXDR-in Donetsk və Luqansk yaraqlılarından ibarət qondarma “respublikaların” “müstəqilliyini” tanımasını kəskin şəkildə pisləyib. Kiyev bu qərarı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdi kimi qiymətləndirir. 

Pxenyan Ukrayna Konstitusiyasını, BMT Nizamnaməsini və beynəlxalq hüququn fundamental normalarını kobud şəkildə pozub.

“Şimali Koreya rejimi tərəfindən Donetsk və Luqansk vilayətlərindəki Rusiya işğalçı rejimlərinin “subyektivliyi”nin tanınması etibarsızdır, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək”, - diplomatik agentlik vurğulayıb.

Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib. Rəsmi Kiyev qeyd edib ki, KXDR-ə tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən Pxenyanla siyasi və iqtisadi əlaqələr həyata keçirilmir.

“Rusiyanın Ukrayna ərazisinin bir hissəsinin zorla ələ keçirilməsinin qanuniləşdirilməsinə dəstək üçün KXDR-ə müraciəti Pxenyandan daha çox Moskvanın zəhərliliyindən danışır. Maliyyə və siyasi cəhətdən ondan asılı olan ölkələr istisna olmaqla, Rusiyanın dünyada artıq müttəfiqi yoxdur və Rusiya Federasiyasının təcrid səviyyəsi tezliklə KXDR-in təcrid səviyyəsinə çatacaq. Ukrayna öz suverenliyinə və ərazi bütövlüyünə qəsdlərə mümkün qədər sərt reaksiya verməyə davam edəcək”, - Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vurğulayıb.

Bu gün məlum olduğu kimi, Koreya Xalq Demokratik Respublikası qondarma "DNR" nin müstəqilliyini tanıyıb. Bu barədə “psevdorespublika”nın rəhbəri Denis Puşilin məlumat verib. 

Gültəkin