İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkədə nüvə bombalarının istehsalı ilə bağlı mühüm açıqlamalar verib.

"Unikal" xəbər verir ki, Atom Enerjisi Agentliyinin rəhbəri İslaminin sözlərinə  görə,  “Bizim nüvə bombası hazırlamaq üçün texniki imkanımız var. Lakin bizdə belə bir proqram yoxdur”.

İsrailin İranın nüvə proqramı ilə bağlı əsassız iddialarla ictimaiyyəti çaşdırmağa çalışdığını ifadə edən İslami, “İsrailin bu əsassız ittihamları narahatlığa səbəb ola bilər, lakin bir nəticəyə çatmır. Çünki biz İran olaraq nüvə fəaliyyətimizdə irəliləyiş əldə etmişik və bundan sonra da irəliləyəcəyik”.

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın davam etdiyini və heç bir problem olmadığını bildirən İslami MAQATE-nin İranın nüvə obyektlərini təftiş etmək və nüvə proqramı ilə bağlı məlumat əldə etmək iqtidarında olduğunu bildirib.

İranın ali dini lideri Əli Xamneyinin müşaviri Kamal Harazi iyulun 17-də verdiyi açıqlamada Tehranın texniki cəhətdən nüvə bombası istehsal etməyə qadir olduğunu, lakin bu məsələdə qərar vermədiklərini bildirib.