Britaniyanın baş naziri Boris Consonun istefasından sonra namizədliyini irəli sürmüş Liz Truss Mühafizəkarlar Partiyasının üzvləri arasında populyar olmasına baxmayaraq, ailəsinin mümkün ümumi seçkilərdə ona səs verib-verməyəcəyinə əmin olmadığını bildirib.

"Unikal" xəbər verir ki, İngiltərənin "Sunday Times" qəzetinə müsahibəsində keçmiş maliyyə naziri Rişi Sunakla Mühafizəkarlar Partiyasının liderliyi və baş nazirliyə namizədliyini irəli sürən Truss, dövlət xərcləri və vergilərlə bağlı bəzi ailə üzvləri ilə razılaşmadığını etiraf edib.

Truss baş nazir seçiləcəyi təqdirdə qatılacağı ümumi seçki üçün “Anamın mənə səs verəcəyini düşünürəm, amma atamdan əmin deyiləm” ifadəsini işlədib.

 Rişi Sunak və Liz Truss Britaniyanın hakim Mühafizəkarlar Partiyasında liderlik yarışına qalan son iki namizəddir.

Mühafizəkarlar Partiyasının 160 min üzvü sentyabrın 5-də Böyük Britaniyanın yeni baş nazirinin namizədliyini irəli sürəcək.