ABŞ Rusiya oliqarxlarının ələ keçirilən bəzi aktivlərini Ukraynanın bərpası üçün ötürməyə başlayıb. 

"Unikal" xəbər verir ki, Ağ Ev administrasiyası bunun üçün Konqresin qəbul etdiyi yeni qanundan istifadə edir.

"Biz Rusiya oliqarxlarının ələ keçirilən bəzi aktivlərini Ukraynanın bərpasına ötürmək üçün yeni səlahiyyətlərdən istifadə edirik", - deyə baş prokuror Merrik Qarland mətbuat konfransında bildirib. O, detalları açıqlamayıb.

Onun birinci müavini Liza Monako əlavə edib ki, ABŞ Rusiya holdinqlərini dondurmaq və ələ keçirmək səylərini gücləndirəcək.

Ötən həftə Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Moskvanın aktivləri ilə bağlı hərəkətlərini qanqster adlandırıb. O əlavə edib ki, bu proseduru qanuniləşdirmək cəhdləri “uğursuzluğa məhkumdur”.