Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini qonşu İraqla sərhəd xəttinə yerləşdirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, S-400-lərin sərhəd bölgələrində yerləşdirilməsi prosesi müsəlmanların Qurban bayramı bitdikdən sonra sürətləndirilə bilər.

Qəzet həmçinin yazır ki, Türkiyə İraqın şimalını PKK terror təşkilatından təmizləmək, hərbi hissələrin təhvil verilməsi məqsədilə İraqın şimalında sərhədyanı əməliyyat planlarını hazırlayıb.  Nəşrin məlumatına görə, əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərindən sonra həyata keçirilə bilər. Səfər sprelin 22-nə təyin edilib.

Ərdoğan daha əvvəl bəyan etmişdi ki, yaya qədər Türkiyə İraqla bütün sərhəd xəttini nəzarətə götürəcək və Suriyada terrorla mübarizədə işləri başa çatdıracaq. İraqdakı əməliyyatın məqsədi şimal bölgələrini 40 km dərinliyə qədər PKK yaraqlılarından təmizləmək olacaq.