HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ailəsinə hücumun İsrailin “uğursuzluğunun sübutu” olduğunu deyib.

"Unikal" xəbər verir ki, onun bu sözlərini "Al Jazeera" nəşri sitat gətirib. 

İsmayıl Haniyə HƏMAS-ın daimi atəşkəs və məcburi köçkün fələstinlilərin öz evlərinə qayıtması kimi tələblərindən əl çəkməyəcəyini vurğulayaraq, İsrailin siyasət və danışıqlar yolu ilə məqsədlərinə çata bilməyəcəyini bildirib.

“Əgər onlar düşünürlərsə ki, danışıqların ortasında, hərəkatın cavabı təqdim edilməzdən əvvəl mənim övladlarıma hücum etmək HƏMAS-ı mövqeyini dəyişməyə məcbur edəcək, o zaman yanılırlar”, - deyə Haniyə İsrailə bildirib.

“Övladlarımın qanı Fələstin xalqının övladlarının qanından dəyərli deyil... Fələstinin bütün şəhidləri mənim övladlarımdır”, - deyə o əlavə edib.

Haniyə daha əvvəl İsrailin hücumu nəticəsində Qəzzada üç oğlu və nəvələrinin öldüyünü təsdiq etmişdi.