"Müxalifət referendumdan sonra yenə qış yuxusuna gedəcək"

15 Sentyabr 2016 [16:34]


Milli Şuranın mitinqi öz mahiyyətindən kənara çıxmışdı, elan olunmamış şüarlar səsləndirirdilər.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, mitinqdə radikal dindarların da iştirak etməsi, əslində, mitinqin vahid ideologiyasının olmamasından xəbər verirdi: "Bu sübut edir ki, Milli Şura radikal dindarları da mitinqdə istifadə edirdi. Bu, mitinq iştirakçılarının parçalanması deməkdir, yəni ideoloji cəhətdən tamamilə bir-birinə zidd qüvvələr toplanmışdı. Deməli, bunları da xaricdən təhrik edən, idarə edən qüvvələr var".

O vurğulayıb ki, mitinqə referendumla bağlı icazə alınsa da, referendum məsələsi çox az yer tutdu: "Kim nədən istəyirdi onu deyirdi, fikirlər səsləndirirdi. Əslində, mitinqdə referendumla bağlı arqumentlər ortaya qoyulmalı idi, tutaq ki, referendumda bu məsələ düz deyil, başqa nə cür olmalıdır və s. Ancaq belə şeylər yox idi. Ona görə də referendumla bağlı olan bu mitinq öz mahiyyətindən kənara çıxan bir mitinq idi. Hakimiyyət onlara istənilən şəraiti yaratmışdı ki, toplansınlar, öz sözlərin desinlər. Hətta özləri deyirdi ki, mitinqə ən ucqar rayonlardan da gəliblər. Deməli, sizin toplayıb ortaya qoya bildiyiniz kütlə bu qədərdir, onlar da pərakəndə, ideoloji cəhətdən bir-birinə zidd insanlar. Bu mitinq xarici qüvvələrin Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün istifadə etdiyi bir metoddur, burada mitinqçilər də bu rolu yerinə yetirirdi".

Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə münasibət bildirən T.Kərimli vurğulayıb ki, bu, Müsavata arxadan zərbə vurmaq kimi bir şeydir: "Hamı yaxşı bilir ki, Əli Kərimlinin, Milli Şuranın əsas məqsədi Müsavatı bir partiya kimi sıradan çıxarmaq, ana müxalifət partiyası, müxalifətdə lider obrazını tamamilə mənimsəmək, Müsavatı isə tamamilə proseslərdən kənarda qoymaqdır. Bunun üçün fürsətdən istifadə edirlər. Vaxtilə Müsavatın Milli Şuranı tərk etməsi bunları çox yandırıb, indi də bunun qisasını alırlar. Öz aralarında razılığa gələ bilməyən müxalifət xalq üçün nə edə bilər?"

Partiya sədri əlavə edib ki, mitinqlər müvəqqətidir: "Referendumdan sonra hər şey sönüb gedəcək. Həmişə seçkidən sonra müxalifət qış yuxusuna gedir, yenə də eyni şey olacaq. Heç bir platformaları, təşkilati işləri yoxdur. Elə bu cür bir-birindən qisas almaqla, sosial şəbəkələrdə bir-birini söyməklə özlərini göstərmək istəyirlər".







SON XƏBƏRLƏR davamı
2017-01-19


SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (23.16%)
Pis (26.6%)
Qənaətbəxş (17.73%)
Yaxşı (17.24%)
Əla (15.27%)


TƏQVİM