Aytən Səfərova: Uşaqlarıma yerli telekanallara baxmağa icazə vermirəm – MÜSAHİBƏ

20 Sentyabr 2016 [11:51]


"ANS haqqında danışmaq istəmirəm. Çünki artıq mən 1 ildir ki, ayrılmışam oradan. Sadəcə, demək istəyirəm ki, bir qədər mühit burada başqadır. Burada yaradıcı insan üçün mühit var. Yaradıcı insanı çərçivəyə salmaq olmaz".

Unikal.org xəbər verir ki, məşhur aparıcı Aytən Səfərova  a24.az-a müsahibə verib.

-Deyilənə görə, Aytən Səfərova Mehdiabad qəsəbəsində məktəb direktoru təyin olunub. Doğrudur?

- Mehdiabad haradadır? Əlbəttə ki, bu bir zarafatdır. Məktəb direktoru təyin olunmamışam, xeyr. Belə bir fikrim də, hələ ki, yoxdur.

-Hal-hazırki fəaliyyətiniz nədən ibarətdir?

- Mən indi hal-hazırda 106.3 milli radiosunda 8-dən 10-na kimi "Səhər bumeranq şousu"nu aparıram və artıq 2 həftədir ki, efirdəyik. Deyəsən, populyarlaşıb. Daha da populyar etmişik biz bu şounu və eyni zamanda da mən "ATV xəbər"in aparıcısı olacağam, inşallah.

-ANS-in bağlanmasına münasibətiniz?

- Mən bu haqda, əslində, danışmaq istəməzdim. Əlbəttə ki, haradasa təəssüf hissi keçirirəm. Çünki mən uzun müddət orada çalışmışam və sözsüz ki, bu da mənə haradasa təsir edib, amma ümidvaram ki, hər şey yaxşı olacaq.

-Siz ATV-ni kökaltına salacaqsınız, ya ATV sizi? Buradakı kollektiv barəsində fikirləriniz?

- Mənim, hələ ki, ATV-ni kökaltına salmaq planım yoxdur və yaxud ümumiyyətlə nəisə və s.və i. Mən sadəcə demək istəyirəm ki, Vüqar Qaradağlı kimi ziyalı bir şəxsin rəhbərlik etdiyi telekanal, radio, ümumiyyətli bir media şirkətində tamamilə başqa bir ab-havadır. İnsan daha maraqla gəlir çalışmağa, daha çox hiss edirsən ki, sənə tələbat var. Digər tərəfdən də, yəni burada mən eyni zamanda valideynəm, eyni zamanda övladam, mən eyni zamanda həyat yoldaşıyam. Burada sərbəstlik var. Yəni sən bilirsən ki, sən işini görəcəksən. Sənə deməyəcəklər ki, sən oturub işdə qalmalısan. Çox sağ olsunlar, hamı bilir ki, burada ailəli insanlar var, valideynlər var. Yəni sərbəstliklər var və insan yaratmaq istəyir. Odur ki, yəqin ki, mən haradasa "Kökaltı"na yox, kvadrata yüksəlmişəm.

-ANS-də sizin sərbəstliyinizin qarşısını kim və ya nə alırdı?

- Yox, nəsə və yaxud kimsə haqqında danışmaq istəmirəm. Ümumiyyətlə, indi ANS haqqında danışmaq istəmirəm. Çünki artıq mən 1 ildir ki, ayrılmışam oradan. Sadəcə, demək istəyirəm ki, bir qədər mühit burada başqadır. Burada yaradıcı insan üçün mühit var. Yaradıcı insanı çərçivəyə salmaq olmaz. İnsanlar var, əmr yerinə yetirirlər, insanlar var əmri verirlər, yəni doğulanda Allahın insanlara kodlaşması gedir, kim necə olacaq. Mən yaradıcı insanam. Yaradıcı insanları çərçivəyə salmaq mümkün deyil. Mümkündür, sadəcə bu hal insanlara təsir edir, yaradıcılığına, ab-havasına, onun əhvalına. Burada yaradıcı insanlara elə yaradıcı yanaşırlar. Bu çox gözəl bir şeydir.

-Aytən Səfərova ailəsinə kifayət qədər zaman ayıra bilirmi?

- İndi vaxt ayırıram. Vaxtında evdə yemək də bişir, vaxtında paltar da yuyulur. Burada hər şey balanslaşdırılmış şəkildə mümkündür.

-Siz və Ulvira xanım - hər ikiniz Rusiyada təhsil almısınız və ikiniz də savadlı mütaliəçi jurnalistsiniz. Sizcə, yaxşı mütaliəçi jurnalist olmaq üçün xaricdə oxumaq şərtdir?

- Yox, o, insanın qabından asılıdır. Mən Rusiyada böyümüşəm. Mənə hamı deyir ki, sən necə Rusiyada böyümüsən, axı, sən Azərbaycan dilində danışırsan. Bizim evdə dillərə böyük hörmət var. Çünki mən müəllim ailəsində böyümüşən. Anam rus dili, ədəbiyyat müəllimidir. Rusiyada anam evdə rus dilindədanışmağı qadağan edirdi, burada isə anam deyir ki, hər yerdə Azərbaycan dilində danışın, evdə isə rus dilində. Çünki kim nə deyirsə-desin, bu bisavadlıqdan irəli gəlir. Dil bilmək gözəldir. Dostoyevski, Puşkin, Lermontov, Bulqakov, Nabokov - onların dilini bilmək də gözəldir. Yəni mənə elə gəlir ki, bu insanın qabında və içində olmalıdır, eyni zamanda da ailəsindən və tərbiyəsindən gələn bir şeydir.

-Deyilənə görə, televiziyalardan sərt çıxışlarınıza görə uzaqlaşdırılmısınız. Bu doğru məlumatdır?

- Yox, yox, əksinə. Mənə bir çox kanallardan, Xəzər TV-dən, Space TV-dən və digərlərindən təklif gəlib. Sadəcə, mən ATV-ni seçmişdim. ATV daha cəld tərpəndi. Mən demişəm ki, ATV-nin rəhbərliyi jurnalistikada zərgərlərdir. Zər qədrini zərgər bilir və onlar da çox gözəl bunu bacarırlar. Hamıdan cəld tərpəndilər. Hamıdan mobil, çox operativ oldular və mən imtina edə bilmədim. Çünki Vüqar Qaradağlı və Rauf Dadaşov kimi ziyalı şəxslərə bizim televiziya məkanında ehtiyac var. Deyilənlər düzgün deyil, mən həmişə düzgün olanı demişəm. Bəzən görürsünüz ki, hansısa bir xarici təşkilatda "Con" oturur və yazır ki, Azərbaycanda söz azadlığı məhdudlaşdırılıb. Mən bununla razı deyiləm. Elə söz azadlığının bariz nümunələrindən biri də efir vasitəsi ilə mən - Aytən Səfərova olmuşam.

-Aytən Səfərova Bakı Metropolitenini sosial şəbəkədə niyə tənqid etmişdi? Ümumiyyətlə, ictimai nəqliyyatdan mütəmadi olaraq istifadə edirsinizmi?

- Məcazi mənada deyilən sözlər var və mən istəmirəm bunu birbaşa olaraq qəbul etsinlər. Aytən Səfərovanın da özəlliyi ondadır ki, o hansısa sözü bir qədər satira ilə, yumorla deyir. "Facebok" mənim şəxsi səhifəmdir. Bu vətəndaş Aytən Səfərovanın səhifəsidir, aparıcı yox. Mən, doğrudan da, yayda metroda köhnə vaqonda oldum və bəlkə də ona görə havalandırmada problem var idi. Sadəcə, bəxtimdən 2-3 ildə bir dəfə metroya mindim, o da ki, köhnə qatar oldu. Mən bilirəm ki, metro rəhbərliyi ziyalı insanlardır. Yəqin ki, hər şey gözəl olacaq. Çünki mən metronu, metro qoxusunu sevirəm. Sadəcə, mən fikirləşdim ki, yenidən xalq qarşısına çıxacağam. Ona görə də xalqın arasında olmaq lazımdır. Bəzi ulduzlardan fərqli olaraq, mən istəmişəm ki, xalqın içində olum. Sağ olsunlar, bir neçə stansiyada mənimlə şəkil çəkdirdilər, söhbət etdilər. Yerin altında da, üstündə də insanlarınız superdirlər.

-Şou-biznes ulduzları ilə münasibətiniz necədir?

- Baxır hansı ulduzlarla. Salam-sağoldan başqa, həmişə bilirəm ki, xeyirdə-şərdə bir-birimizin yanında olmalığı bacarmalıyıq.

-ATV-də yüksələcəyinizə inanırsınız?

- O, məkandan asılı deyil. Bu, insanın özündən asılıdır. Mən daim öz üzərində işləməyə çalışıram. Elə insanlar var ki, efirə çıxan kimi deyirlər ki, artıq burada mənəm, Bağdadda da antiterror koalisiyası. Öz üzərimdə işləməyi mənə anam, atam öyrədiblər. İnsan ya ölənə, ya da təqaüdə çıxana kimi çalışmalıdır öz üzərində.

-Aytən Səfərova Azərbaycan jurnalistikasına nə bəxş edib? Sizcə, hansısa valideyn sizi övladına örnək göstərirmi?

- Mən indi adlar çəkmək istəmirəm, amma bir insan var, kanalda baş redaktor işləyir. Onun jurnalist kimi yetişməsində mənim böyük rolum olub. Müxtəlif telekanallarda müxbirlər də var. Hansılar ki, vaxtilə mən ANS-də "Xəbərlər"də çalışarkən onlar mənim "şagirdlərim" olublar. Mən əgər bu gün bəzi jurnsalistlər kimi "Amerka, ukrayniya, prizident, tempuratur" sözlərindən istifadə etmirəmsə və hansısa valideyn bunu anlayıb məni nümunə göstərirsə, deməli, mən nəyəsə nail olmuşam.

-Azərbaycan jurnalistikası sizin sənətinizə nə qatıb?

- Mən həmişə diktorlara baxmışam və qulaq asmışam. Mən uşaq vaxtı güzgünün qarşısında dayanıb məşq edirdim. Digər tərəfdən, senzura götürüləndən sonra mən hələ təzə-təzə bir çox şeyi öyrəndim. Heydər Əliyevin göstərişi ilə senzura götürüləndən sonra bizə deyirdilər ki, sizin üçün hər şey rahat olacaq. O rahatlıq və sərbəstlik mənə, doğrudan da, sirayət etdi. Jurnalist hər şeydir. Sən burada məmur da, xadimə də, həkim də, müəllim də ola bilərsən. Jurnalist hərtərəfli olmalıdır. Bunları öyrənmişəm.

-Hal-hazırda efirdə olan jurnalistlərdən razısınızmı?

- Narazıyam. Çox narazıyam. O qədər uşaqlar var ki, vurğu, ləhcə ilə danışırlar. Onlar elə bil kənddə, dağda oturub bu dağdan o birinə xəbər ötürürlər. Qışqıra-qışqıra, əl-qol ata-ata danışırlar və bu, xəbər, aparıcılıq deyil. Məsələn, bir də görürsünüz, rəsmi xəbər verirlər, ortada birdən "Youtube"dan keyfiyyətiz video göstərirlər. Xəbərlər həftəbecərdir. Mən sadəcə baxmıram. Əksər verilişlərə baxmıram. Deməsinlər ki, Aytən Səfərova yekəxanadır. Mən başqa bir nəslin nümayəndəsiyəm və onları özümə təhqir hesab edirəm. Uşaqlarıma da baxmağa icazə vermirəm.

-Aytən Səfərova jurnalistikadan getməyi düşünürmü?

-İnsan ölənə kimi öz peşəsinə sadiq olmalıdır. Allah nə qədər ömür qismət etsə və şərait imkan versə, mən şərəfli jurnalistika peşəsinin öhdəsindən gəlməyə çalışacağam. Mən jurnalist olaraq Azərbaycan Respublikasına xidmət etməkdən böyük qürur duyuram. Fəxr edirəm.










SON XƏBƏRLƏR davamı
2017-02-22
2017-02-21




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (22.86%)
Pis (27.62%)
Qənaətbəxş (17.62%)
Yaxşı (17.14%)
Əla (14.76%)


TƏQVİM