Unikal.org-un "Şəxsi həyat və iş layihəsinin budəfəki müsahibi Milli Məclisin deputatı Vahid Əhmədovdur. Millət vəkili ilə müsahibədə onun məktəb, gənclik və əmək fəaliyyətinə başladığı illərə nəzər saldıq. Müsahibimizlə söhbətə onun universitet illərindən və əmək fəaliyyətinə necə başlamasından bəhs etməsi ilə start veririk...

-1965-ci ildə Bakıya gəldikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil oldum. Gecələr təhsil alıb gündüzlər o vaxtki "Leytenant Şmid zavodunda fəhlə işləmişəm. 1971-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Radio Zavodunda sex rəisi, istehsalat rəisi kimi çalışdım. Sonradan İstehsalat Birliyində baş mühəndis oldum. Həmin zamanda fəal idim. Partiya xətti ilə müəyyən tədbirlərdə iştirak edirdim. O vaxt Mərkəzi Komitədə sənaye sahələrinə baxan Firudin Əliyev idi. Bir dəfə məni yanına dəvət edərək dedi ki, "Heydər Əliyevin göstərişi var, səninlə söhbət aparmalıyıq, o, səni direktor təyin etmək istəyir və 3 zavoddan birini seçməli olduğumu bildirdi. Bunlardan biri Sərdarov Adına Maşınqayırma Zavodu, digəri Elektron Hesablayıcı Maşınlar, o biri isə Bakı Fəhləsi zavodu idi. Mənə seçim etmək üçün səhərə qədər vaxt verildi. Səhər tezdən Heydər Əliyev məni qəbul edəcəkdi. Zavodların hamısını tanıyırdım. Mən Bakı Fəhləsi Zavodunu seçdim. Səhər saat 11-də Heydər Əliyev məni qəbul etdi. O, gənclərə çox fikir verirdi, fəaliyyətlərini izləyirdi. Məni bürodan keçirib Bakı Fəhləsi Zavoduna direktor təyin etdilər. Bu hadisə 1986-cı ildə olub. 1991-ci ilə qədər həmin zavodda işlədim. Sonra məni Keşlə Maşınqayırma Zavoduna göndərdilər. Bakı Fəhləsi Zavodunda işləyəndə tale elə gətirdi ki, Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci mavini vəzifəsinə büro üzvü seçildi. Onu SSR Ali Sovetinin deputatı seçməyi bizim o vaxtkı Lenin rayonuna tapşırdılar. 1986-cı ildə Heydər Əliyev Kamran Bağırov, Fuad Musayev, Ziya Yusifzadə ilə birgə rəhbərlik etdiyim zavoda gəldi. 3 saat bir yerdə olduq. Həmin müddət ərzində birlikdə zavodu gəzdik. Yola düşəndə Heydər Əliyev Kamran Bağırova tapşırdı ki, "Vahid Əhmədovdan muğayət ol, o bizim gələcək kadrdır.



Vəziyyət elə gətirdi ki, Heydər Əliyev Qarbaçovun təkidi ilə Siyasi Bürodan uzaqlaşdı. Həmin ərəfədə Qarbaçov Tümenə səfər etdi. O vaxt neft avadanlğının 75 faizini Bakı istehsal edirdi. Onların da əsası mancanaq dəzgahları idi. Həmin detalları Qarbaçova göstərdilər. Heydər Əliyevi vurmaq üçün Qarbaçov göstəriş verdi ki, zavodlar yoxlanılsın. Keşlə Maşınqayırma Zavodu, Bakı Fəhləsi Zavodunun rəhbərlərini həbs etdilər. Əsas zavod Keşlə Maşınqayırma Zavodu idi. Çünki mancanaq dəzgahının reduktor hissəsini həmin zavod istehsal edirdi. Onu da dəqiq hazırlamaq çox çətin idi. Hər iki zavoda hərbi mütəxəssislər dəvət olundu. Məni Mərkəzi Komitəyə çağırıb Keşlə Maşınqayırma Zavoduna direktorluq təklif etdilər. Mən etirazımı bildirərək işlədiyim zavodda 3 ildir əziyyət çəkdiyimi dedim. Dedilər, ya Keşlə Maşınqayırma Zavoduna gedirsən, ya da türməyə. Mən də razılıq verdim. Orada 4 ilə yaxın işlədim. Çox əziyyət çəkdim. Gecə saat 2,3-də iclaslar keçirirdim. Elə vaxt olurdu ki, evə getmirdim. Mərkəzi Komitənin katibləri, Nazirlər Sovetinin sədri həftədə bir dəfə zavodda yoxlama aparırdı. Orada işləri qaydaya saldım, problemləri aradan qaldırdım.



1990-cı ildə Nizami rayonundan deputatlığa namizədliyimi verdim. Həmin dairədən millət vəkili seçildim. Mənim rəqibim o zaman Siruz Təbrizli idi. Onunla münasibətimiz hər zaman yaxşı olub. O vaxt həqiqətən demokratik seçkilər keçirilirdi. Bu ərəfələrdə artıq müstəqilliklə bağlı hərəkat başlanmışdı. Parlementdə çıxışlar edirdim. Bəziləri deyirdi ki, Azərbaycan müstəqil yaşaya bilməz. Həmin adamlar indi də vəzifədədir.



1992-ci ildə hakimiyyətdə müəyyən mübahisələr baş verdi. Yaqub Məmmədov prezidentin səlahiyyətlərini icra edirdi. Məni yanına çağırıb dedi ki, "istəyirik baş nazirin müavini olasan. O vaxt rəhmətlik Firuz Mustafayev baş naziri əvəzləyirdi. Etiraz elədim. Dedi baş nazirin birinci müavini təyin edək. Fərman çıxanda gördüm baş nazirin müavini yazıblar. Dedim, mən getməyəcəm. Çünki biz birinci müavin məsələsini danışmışdıq. 3 ay işə getmədim. Sonra elə oldu ki, Xalq Cəbhəsi hakimiyyətə gəldi. O zaman Xalq Cəbhəsi ilə kommunistlər arasında dialoqlar başladı. Bizim tərəfdən həmin dialoqda mən, baş nazir Rəhim Hüseynov, Ziya Səmədzadə iştirak edirdi. Digər tərəfi isə Əbülfəz Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımov təmsil edirdi. Hakimiyyətdə 50 faiz kommunist, 50 faiz cəbhəçinin təmsil olunması ilə bağlı razılığa gəldik. Mən kommunistləri təmsil etməyimə baxmayaraq orada Firudin Cəlilovu müdafiə edərək onun təhsil naziri olması ilə bağlı təklif verdim. F.Cəlilov çox savadlı və bacarıqlı insandır.

Sonra Azərbaycan Sənayeçilər, Sahibkarlar İttifaqını yaratdım. Orada da faktiki olaraq 10 il fəaliyyət göstərdim. 2005-ci ildə Qubadan deputat seçiləndən sonra o işi dayandırdım. Hazırda parlamentdə fəaliyyət göstərirəm.



-Vahid müəllim ailədə 9 uşaq olmusunuz. Bacı-qardaşlarınızın hamısı ali təhsillidir?

-Bəli. Hamısı ali təhsillidir, institut qurtarıblar. Böyük bacımın hazırda 80-dan çox yaşı var. O, müəyyən səbəblərdən ali təhsil ala bilmədi. Böyük qardaşım həkim olub. Uzun müddət Hərbi Dəniz Hospitalının rəisi vəzifəsində çalışıb. Ondan sonrakı polkovnik qardaşım "Bayıl türməsinin rəisi işləyib. Həmin qardaşımdan mən kiçiyəm. Məndən kiçik qardaşım uzun müddət "Montin zavodunda işləyib. Ondan kiçik qardaşım tikinti işçisidir. O da ali təhsillidir, şirkəti var. Kiçik qardaşımız da universiteti bitirib, bizneslə məşğul olur.



-Valideyinləriniz hansı sahənin insanı olub?

-Valideyinlərimin hər ikisi rəhmətə gedib. Atam 79-cu ildə 79 yaşında dünyasını dəyişib, anamdan 10 yaş böyük olub. Anam təzə rəhmətə gedib. 101 yaşı var idi. Bizdə anam tərəfin adamları çox yaşayıb. Ana babam 126, dayım 106 yaşında vəfat edib. Atam mühasib olub. Çətinliklə dolanmışıq. Orta məktəb illərində biz dərsləri yalnız gecələr oxuyurduq. Çünki gündüz məktəbdən gələn kimi gedirdik odun yığmağa. Onu da gətirib satırdıq. Yəni, çətinliklə böyümüşük.

-Xanımızını sevib ailə qurmusunuz, yoxsa valideyinlərin seçimi olub?

-Mən gec ailə qurmuşam. Şəraitimiz elə idi ki, ailədə 9 uşaq böyüyürdü. Özüm fəhlə işləyirdim. Eyni zamanda, gecələr oxuyurdum. Elə olurdu ki, ailəyə də maddi kömək edirdim. Xanımımla tanış olmuşam və ailə qurmuşam. Atam etiraz etməyib. Anam da razı olub. Yoldaşım ali təhsillidir, kimyaçıdır və hazırda müəllimə işləyir.

-Bildiyimə görə, övladlarınızın hər ikisi hüquqşünasdır. Onlara ixtisas seçimində təsiriniz olubmu?

-Onların ixtisas seçiminə qarışmamışam. Bircə istəyirdim qızım həkim olsun. Oğlum da öz istəyi ilə hüquqşünaslığı seçib. Ona heç nə demədim. Amma qızıma həkim olmağı məsləhət gördüm, o da istəmədi. Hər ikisi ailəlidir. 4 nəvəm var.

-Xaricdə təhsil alıblar yoxsa, Azərbaycanda?

-Hər ikisi Azərbaycanda təhsil alıb. Oğlum Respublika Prokurorluğunda işləyir. Qızım isə Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsində çalışır.



-Almaniyanın Bonn universitetinin məzunusunuz. Necə oldu xaricdə təhsil almağa qərar verdiniz?

-Mən Keşlə Maşımqayırma Zavodunda işləyəndə SSR Nazirlər Soveti 49 direktoru bazar iqtisadiyyatının prinsiplərini öyrənək üçün Almaniyaya oxumağa göndərirdi. Azərbaycandan da həmin siyahıda mənim adım var idi. 3 il Bonn Menecment institutunda təhsil aldım. Biz həmişəlik getmirdik. 3 aydan bir gedib təhsil alıb gəlirdik.



-Təhsil alman dilində idi, yoxsa...

-Tərcüməçilərimiz var idi. Almancadan tərcümə edirdilər. Oranı bitirəndə mən artıq parlamentə seçilmişdim. İqtisadi Siyasət Komitəsinə rəhbərlik edirdim.

-Almaniyada aldığınız təhsil həyatınızda və iş fəaliyyətinizdə nəyi dəyişdi?

-1992-ci ildə Milli Məclisdə bazar iqtisadiyyatına keçidlə bağlı qərar qəbul edildi. Mənim Almaniyada təhsil alığımı bilirdilər. Çıxış edərək Almaniyadan mütəxəssis dəvət etməyə icazə vermələrini vurğuladım. İcazə verildi və mənə dərs deyən müəllimlərdən birini dəvət etdim. O, bizim parlamentdə mühazirə oxudu. Almaniyada təhsil aldığım müddətdə mən bazar iqtisadiyyatının prinsiplərini öyrəndim. Orada öyrəndiklərim bazar iqtisadiyyatına keçiddə mənə müəyyən məsələlərdə çox kömək oldu. Təsərrüfatı bilən adam olduğum üçün bazar iqtisadiyyatının prinsiplərini bilirdim. İndi də mənə çox rahatdır. Çünki həm təsərrüfatda olmuşam, həm də oxuyub biliklərə yiyələnmişəm.

-Hansı xarici dilləri bilirsiniz?

-Alman, ingilis dillərini başa düşürəm. Sovet dövründə təhsil alıb işlədiyimiz üçün rus dilini mükəmməl bilirəm. Övladlarımın hər ikisi ingilis dilində yüksək səviyyədə danışırlar.



-90-cı illərdə deputat olmusunuz, hazırda da millət vəkiliniz. O illərin seçicisi ilə müasir dövrün seçicisini müqayisə etsək təfəkkürdə hansı fərqlər diqqət çəkir?

-O dövr tamamilə başqa idi. Azərbaycan hələ müstəqil dövlət deyildi. Müstəqil olmaq uğrunda ciddi mübarizə gedirdi. O zaman zavod direktoru idim. Cəbhəçilər gəlib zavodu dayandırmaq istəyirdilər. Ancaq mənimlə münasibətləri hər zaman yaxşı olub. Mən 90-cı ildə deputat seçiləndə tam demokratik seçki keçirildi. Demokratik düşərgədən də xeyli insan milli Məclisə seçildi. O parlamentlə indikinin arasında həddən artıq fərq var. O parlament daha mübariz idi. Artıq Azərbaycan 25 ildir müstəqil dövlətdir. Bu müddət ərzində müəyyən dəyişikliklər baş verib, ölkəmiz inkişaf edib, BMT-nin, Avropa Şurası Parlementinin üzvüdür. Ona o illər bu gün arasında yerlə göy qədər fərq var. O vaxt həm də Parlamentin səlahiyyətləri çox böyük idi. Azərbaycanda ötən dövr ərzində Parlament quruculuğunda çox işlər görülüb. Qanunların müzakirəsi zamanı fikir ayrılığı həddən artıq çox olur.




-Ötən ay 70 yaşınız tamam oldu. Ad günü keçirməyi xoşlayırsınızmı?

-Yaxın dostlarımla, qonaqlarımla ad günü keçirirəm. Bildiyiniz kimi, cənab Prezident mənə "Şöhrət Ordeni verdi. Millət vəkilləri və dostlarımla, həm "Şöhrət Ordeni almağımı, həm də ad günümü qeyd etdik. Ümumiyyətlə, mən məclis adamıyam. Ancaq gərək orada ürəyimi açan, müstəqil, demokratik fikirli insanlar olsun. Bəzən mənə deyirlər ki, sən Prezidenti çox müdafiə edirsən. Deyirəm, mən ona görə dövlət başçısını müdafiə edirəm ki, o nitqinin əvvəlində də, axırında da Azərbaycanın müstəqilliyini müdafiə edir. Bu mənim üçün çox qiymətlidir. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, onun möhkəmlənməsini istəyənlər mənim dostumdur. Kim sadəcə dildə, görüntü xatirinə bunu edirsə, bizim yollarımız eyni ola bilməz.



-"Şöhrət Ordeni alanda Sizi ilk olaraq kim təbrik etdi?

-Həmkarlarımdan, dostlarımdan çoxlu təbriklər aldım. Birinci Milli Məclisin sədri təbrik elədi. Cavid Qurbanovdan, deputat dostlarımın demək olar ki, hamısından təbrik aldım. Nazirlədən təbrik edənlər oldu. Hətta məni Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbov da təbrik elədi. Ona bu diqqət üçün minnətdaram. Yadıma gəlmir kimsə təbrik etməsin.



-Seçiləriniz ən çox hansı problemlərdən şikayətlənirlər?

-2005-ci ildə deputat seçiləndən Qubada ofis açmışam. Ayda bir dəfə orada qəbul keçirirəm. Qəbula təkcə Qubadan yox, başqa yerlərdən də gəlirlər. Eyni zamanda, Bakıdakı ofisimdə də insanları qəbul edirəm. Elə olub ki, bir gündə 120 insanı qəbul edib, dinləmişəm. Müxtəlif problemlərlə müraiət edirlər. Məhkəmə çəkişməsi, torpağı, evi olmayan, işsizliklə və.s ilə bağlı müraciətlər olur. Son günlər ən çox müraciət kreditlərlə bağlıdır. Dollarla olan kreditləri insanlar qaytara bilmirlər. Müsahibədən əvvəl məktubları imzaladım. 11-12 ərizənin 8-i kreditlərlə bağlıdır. Banklar da sağ olsunlar, əksəriyyəti mən göndərdiyim məktublara müsbət cavab verirlər.



-Seçicinin, vətəndaşın problemi ilə bağlı nazirlərlə tez-tez telefonla danışırsınız?

- Elə olur Qubada qəbul vaxtı zəng edirəm. Daha çox Səlim Müslümova, Vergilər və Kənd Təsərrüfatı nazirlərinə zəng edirəm. İcra hakimiyyəti orqanları, məhkəmə sistemi ilə təmaslarım, müraciətlərim olur. Misalçün 70 nəfər insan qəbul edirəmsə, onların 50 faizinin problemini Qubada həll edirəm. Yadıma gəlmir hansısa nazirə müraciət edim, cavab verməsin. Baş nazirlə elə olur həftədə bir dəfə danışırıq, müəyyən məsələləri müzakirə edirik. Mən sistemi həm iqtisadi, həm siyasi cəhətdən bilən adamam.





-Gənclərin xaricdə təhsil almasına münasibətiniz ncədir?

-Bayaq qeyd elədim, özüm Almaniyada 3 il oxumuşam. Xaricdə təhsil insanın dünya görüşünü çox dəyişdirir. Gənclərin xaricdə təhsil almasına cənab Prezident xüsusi diqqət yetirir. Bununla bağlı dövlət proqramı təsis olunub. Gənclərlə görüşlərim çox olur. Qəbula gəlirlər, özüm xaricə gedəndə görüşürəm. Onlar çox demokratik fikirli olurlar. Ola bilir ki, qayıdıb gələndə Azərbaycanda müəyyən problemlərlə üzləşirlər. Misalçün, işə qəbulla bağlı çətinlikləri olur. Sistemdəki məyyən cəhətləri qəbul etmirlər. Ancaq onlar bizim gələcəyimizdir. Həmin gənclər Azərbaycanın müstəqilliyini istəyən insanlardır. Köhnə fikirli insanlarda müəyyən qədər müstəqilliklə bağlı tərəddüdlər olur. Ancaq həmin gənclərdə bu yoxdur. Aprel döyüşlərində mən fikir verdim ki, gənclər necə fəal oldu. Azərbaycanın da təhsil sistemində müəyyən üstünlüklər var. Son vaxtlar müəyyən problemlər yaratmaq istəyirlər. Qəbul komissiyası ilə bağlı məsələlər qaldırlar ki, buna ehtiyac yoxdur. Əbülfəz Elçibəyin Azərbaycanla üçün gördüyü iki işi çox müsbət qiymətləndirirəm. Bunlardan biri Azərbaycandan rus ordusunun çıxarılmasıdır ki, bu Əbülfəz Elçbəyin dövründə oldu. Qalan hissəsi, Qəbələdəki RLS-də İlham Əliyevin dövründə çıxarıldı. İkinci isə TQDK-nın test üsuluna keçməsi idi. O vaxt mən baş nazirin birinci müavini idim. Vurğun Əyyub və Kamran İmanovla çox işləyib əziyyət çəkdik. Bu məsələdə türklər bizə çox köməklik etdi. Bu gün biliyi varsa, istənilən ucqar kənd sakini imtahan verib institua daxil ola bilir. Məleykə Abbaszadə çox bacarıqlı insandır, gözəl də sistem qurub.



-Xaricdə təhsil alıb gələn iş problemi olan gənclərdən sizə müraciət edənlər çoxdur?

-Bəli çoxdur. Bu məslə həddən artıq diqqət çəkən məsələdir. Xaricdə təhsil alıb orada qalan gənclərimiz də çoxdur. Çalışırıq xaricdə təhsil alan gənclərə kömək edək. Dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzinə verildi. TQDK-nı publik hüquqi şəxs etməyə ehtiyac yox idi. Çünki bu dövlətin sosial layihəsidir. Prezident özü hər zaman sosial siyasətə xüsusi diqqət yetirir. Bu çox səhv addım idi. Onu saxlamaq üşün 7-8 milyon vəsait lazımdır. İnsanlar ucqar bir kənddən gəlib imtahan vermək üçün pul ödəməlidir. Bu 30-40 manat onlar üçün çox böyük vəsaitdir. Adam var ki, ucqar kənddən Bakıya gəlmək üçün yol pulunu güclə tapır.




-Vahid müəllim,taxıl əkib becərmək və daxili tələbatı ödəmək üçün bütün imkanlarımız var. Ancaq Azərbaycan bu gün taxıl idxal edən ölkədir. Sizcə, bunun səbəbləri nədən ibarətdir?

-Bununla bağlı problemlər var. Siz fikrir verin, 2008-ci ildə dünyada maliyyə böhranı olanda bu bizə ciddi təsir etmədi. Çünki valyuta ehtiyyatımız kifayət qədər idi. Son dövrlər iki dəfə devalvasiya baş verdi. Bir məsələni xatırlatmaq istəyirəm. Təxminən 2005-2006 cı illər idi. Prezident İlham Əliyev Gülüstan Sarayında regionların sosial iqtisadi inkişafı ilə bağlı iclas keçirirdi. Orada neftdən asılılığı azaltmaq üçün hökumət qarşısında iki məsələ qoydu. Birinci, qeyri-neft sektorunun inkişafı, ikinci, ərzaq təhlükəsizliyi məsələsi idi. Biz qeyri- neft sektorunun inkişafında ciddi nailiyyətlər əldə edə bilmədik. Bu, hökumətin həmin sahəyə olan diqqətsizliyindən irəli gəlirdi. 2016-cı ildən bu yana kənd təsərrüfatı sahəsində ciddi dəyişikliklər başladı. Taxılçılıq, ipəkçilik, baramaçılıq, pambıqçılıq, meyvə-tərəvəz və.s. sahələrə diqqət artırıldı. Əgər, neft sektounda hasilat azalırsa, qeyri-neft sektorunun inkişafına diqqət yetirilməsi zəruridir. Digər dövlətlərdə olduğu kimi bizdə də 3 ən tez gəlir gətirən sahəyə yer verilir. Bunlar tikinti, turizm və kənt təsərrüfatıdır. Bildiyiniz kimi, Mingəçevirdə, Sumqayıtda sənaye parkalar yaradıldı. Hazırda Qaradağda ticarət limanı tikilir. Nəqliyyat sektoru genişlənir. Burada kadr potensialı əsas məsələdir. Bir sözlə Azərbaycanda idarəçilikdə gəncləşmə gedir. Bütün bu məsələlərdə təsərrüfatı bilən ixtisaslı kadrların olması çox vacibdir. Bir misal çəkim. Dəmiryolunda çox ciddi problemlər var idi. Cavid Qurbanov gələndən sonra həmin problemlər və çatışmazlıqlar aradan qaldırdı. Hətta, Naxçıvanla Məşhəd arasında dəmiryolu çəkildi. Bakı-Qars dəmiryolu iyulda istifadəyə veriləcək. Təsərrüfatı bilən insanlar üçün problemi aradan qaldırmaq çox rahatdır. Hesab edirəm ki, islahatlar getməlidir. İndiki vəziyyətdə iqtisadiyyatın idarə edilməsi elə də asan deyil. Prezident bir çox sahələrə özü nəzarət edir. Hökumətin yenilənməsinə ehtiyac var. Bu qədər nazirliklərə ehtiyac yoxdur. Struktur islahatları getməlidir. Bir çoxu birləşdirilməli, bəziləri çoxu ləğv edilməlidir. Düzdür, bu işlər az-az görülür. Ancaq bunu intensivləşdirmək lazımdır.

Söhbətləşdi: Həsən Babayev