SON XƏBƏRLƏR
26 Sentyabr 2018
25 Sentyabr 2018
“Ciddi dəyişikliklər olacaq” – Komitə sədri ilə MÜSAHİBƏ
MÜSAHİBƏ 17:45 / 03.03.2018

İsa Həbibbəyli: "Qanunda özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar yer alacaq, statusları müəyyənləşəcək”

"Süni şəkildə institutların yaradılması hər zaman fayda verə bilməz”

Unikal.org xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AzEDU-yamüsahibə verib.

Müsahibədə Azərbaycanın təhsil və elmindən, rəhbərlik etdiyi komitənin bu istiqamətdə hazırladığı və gələcəkdə ərsəyə gətirəcəyi qanun layihələrindən danışılıb.

-İsa müəllim, rəhbərlik etdiyiniz komitənin hazırladığı "Peşə təhsili haqqında” qanun layihəsinin parlamentdə ilk oxunuşu oldu.Layihədə nə kimi məqamlara toxunulacaq?

- Milli Məclisin Elm və təhsil komitəsi bu qanun layihəsi üzərində bir ildən çox iş aparıb. Qanun layihəsinin müzakirəsi zamanı həm ölkəmizin mövcud reallıqları, həm də dünya təcrübəsi nəzərdən keçirilib. Nəhayət, sonda Azərbaycan milli təhsil sisteminə uyğun gələn variantı hazırlayıb bir neçə müzakirədən sonra parlamentin plenar iclasına təqdim etdik. Plenar iclasda qanun layihəsinin birinci oxunuşu baş tutdu, müzakirədən keçdi. Birinci oxunuşun qaydalarına uyğun olaraq, deputat həmkarlarımız "Peşə təhsili haqqında” qanun layihəsinə konseptual olaraq qiymət verdilər. Oxunuş zamanı səslənən əsas fikir o oldu ki, bəli, bu qanun zamanın çağırışıdır. Cənab prezidentin bu istiqamətdə apardığı genişmiqyaslı islahatların tənzimlənməsi və inkişaf etdirilməsi üçün çox zəruridir. Bundan başqa, deputatlar qanun layihəsinə aid bir neçə təkliflər də irəli sürdülər. Müəyyən mülahizələri də oldu. O mülahizələr daha çox peşə təhsilində sahibkarlıq fəaliyyətinin təşkili, peşə təhsili pillələrinin daha da təkmilləşməsi ilə əlaqəli məsələlərlə bağlı idi. Biz qaldırılan məsələlər ətrafında hazırda iş aparırıq və bu istiqamətdəki uyğun müddəaları daha da təkmilləşdirib, onlara əlavələr etməklə məşğuluq. Hesab edirəm ki, birinci oxunuşda səsləndirilən mülahizələr qanun layihəsinin daha da təkmilləşdirilməsinə kömək edib. Eyni zamanda, qanun layihəsinin prezidentin təsdiq etdiyi Strateji Yol Xəritəsinin prinsipləri ilə səsləşməsi məsələsinə də yenidən baxılır. Biz Strateji Yol Xəritəsində əks olunan müddəaların "Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapmasına xüsusi diqqət yetirmişik. Çünki həqiqətən, Strateji Yol Xəritəsi Azərbaycanın bundan sonrakı iqtisadi inkişafını özündə əks etdirir. Həmçinin, peşə təhsili istiqamətindəki irəliləyişin magistral xətlərini də xəritədəki prinsiplərlə uzlaşdırmalıyıq. Biz buna çalışmışıq, amma yenə də ikinci oxunuşa qədər Strateji Yol Xəritəsi və "Peşə təhsili haqqında” qanundakı müddəaları bir daha nəzərdən keçirəcək, təkmilləşdirib zəruri əlavələr edəcəyik. Bu da qanun layihəsinin təkmilləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Düşünürəm ki, biz martın ortalarına qədər Elm və təhsil komitəsində bu layihəni təkmilləşdirib Milli Məclisə təqdim edə biləcəyik. İkinci oxunuşun apreldə olacağını düşünürük.

- Komitədə, bu il həm də "Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsinin də müzakirəsi gözlənilir.Adıçəkilən qanunun müzakirəsi və ilk oxunuşu nə zaman olacaq?

-Elm və təhsil komitəsi 2018-ci ilin iş planına adıçəkilən qanun layihəsi üzərində işləməyi də daxil edib. İlin birinci yarısında daha çox "Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş aparmaq lazım gəldiyindən, biz digər qanun layihəsinin müzakirələrini ilin ikinci yarısı üçün nəzərdə tutmuşuq. Buna baxmayaraq, Elm və təhsil komitəsinin müəyyən etdiyi qaydalara əsasən, "Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra, biz "Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsinin müzakirələri üçün işçi qrupu yaradacağıq.

-Sizcə,qanun layihəsinin qəbulunun zəruriliyini göstərən əsas səbəblər hansılardı?

- Layihədə göstərilən əsas müddəalar 2009-da ildə qəbul olunan "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Amma o vaxtdan bu yana, ötən 10 ilə yaxın müddətdə Azərbaycan təhsili inkişaf edib, forma və məzmununda böyük dəyişikliklər baş verib, dünyaya inteqrasiya olunub, yeni tipli məktəblər meydana çıxıb. Ona görə də bütün bunların hamısı ayrıca bir qanun layihəsinin hazırlanmasını tələb edir. Biz bu istiqamətdə ilkin hazırlıq işlərinə artıq başlamışıq; dövrü mətbuatı izləyirik, dünya təcrübəsi ilə maraqlanırıq və s. Bunlar ilkin hazırlıq işləridir. Sistemli surətdə işə başlamaq üçün qanunla bağlı işçi qrupunun yaranması və onun konkret fəaliyyətə başlamasına aprelin ikinci yarısından sonra start verməyi düşünürük.

- Maraqlıdır, qanun layihəsində hansı vacib məsələlərə toxunulacaq?

- Təhsillə bağlı bütün qanun layihələrində ilk növbədə təhsil alan və təhsil verənlərin hüquqları öz əksini tapır. Bu qanunda Azərbaycanda müxtəlif orta ümumtəhsil məktəblərinin statusunun daha konkret müəyyənləşdirilməsi ilə əlaqədar müddəalar olacaq.

Bu gün Azərbaycanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək. Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq. Onların hər birinin statusu, fəaliyyətinin hüququ cəhətdən müəyyənləşməsi, vəzifələri konkret şəkildə öz əksini tapmalıdır.

Qanun layihəsində həmçinin, müəllim-şagird, müəllim-şagird-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar yer alacaq.

- İsa müəllim, siz eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentisiniz. AMEA-da son beş ildə bir neçə institut və elmi müəssisə yaradıldı. Onların fəaliyyəti sizi nə dərəcədə qane edir?

- Bilirsiniz ki, AMEA-da hazırda da islahatlar gedir. 2013-cü ildən bu yana - akademik Akif Əlizadə prezident seçiləndən sonra islahatlara geniş start verilib. Ölkə başçısının müəyyən etdiyi strateji xətt əsasında akademiya klassik modeli saxlamaqla, lazımı istiqamətdə yeniləşmə, modernləşmə işini həyata keçirir. Bu yöndə bir çox yeni işlər görülüb. Cənab prezidentin xüsusi sərəncamı ilə yaradılan Xüsusi Texnologiyalar Parkı akademiya tarixində tamamilə yeni hadisədir. Bu yüksək texnologiyalı park akademiyada elmi tədqiqatlar sahəsində əldə olunan ən böyük işlərin istehsalata tətbiq olunmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə böyük meydan açır.

Eyni zamanda, AMEA-da Təcrübə Sənaye Zavodunun yaranması da aparılan yeni islahatların bir addımıdır. Artıq AMEA-nın bu zavodunda istehsal olunan məhsullar ölkə bazarında öz yerini tutmağa başlayıb. Həmçinin, həmin məhsulların xarici bazarlara çıxışı üçün də yollar axtarılır. Bir çox xarici şirkətlər artıq akademiya zavodunda hazırlanan məhsullar üçün müraciət edib. Həmçinin, birgə əməkdaşlıqla bağlı təkliflər də var.Yaxın zamanlarda bu zavodun Azərbaycan cəmiyyətinə gətirdiyi yeniləşmə, tutduğu yol diqqəti geniş mənada cəlb edə biləcək.

Eyni zamanda, son beş ildə AMEA-da müxtəlif bölmələr üzrə bir neçə yeni institut yaradıldı: Elm Tarixi, Qafqazşünaslıq, Molekulyar Biokimya, Biofizika İnstitutları var. Təbiət Tarixi Muzeyi də yenidən qurulub.

Qafqazşünaslıq İnstitutu yeni yaradılan elmi qurum kimi artıq özünü təsdiqlədə bilib. İnstitutun bazasında Azərbaycan elm tarixində ilk dəfə olaraq qafqazşünasların birinci forumu keçirildi. Orada Qafqaz respublikalarından görkəmli alimlərin iştirakı ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış qafqazşünaslar da iştirak edirdilər. Onların materialları forumla bağlı tərtib edilən külliyyatda çap olundu. Bu, Azərbaycan tarixində qafqazşünasların sanballı əsərlərindən ibarət ilk külliyyatdır.

İnstitut bu gün Gürcüstan, Şimali Qafqaz regionlarını, ən əsası isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş tədqiqatlar aparılır. Məsələlər geosiyasi, dünya qafqazşünaslığı prizmasından öyrənilir. Müxtəlif dilləri- gürcü, erməni, Şimali Qafqazda yaşayan xalqların dillərini bilən mütəxəssislər burada cəmləşib. Azərbaycan üçün taleyüklü məsələlərin daha dərindən öyrənilməsi üçün bu institutun fəaliyyəti çox faydalıdır.

- Bu il Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyidir. Adıçəkilən institut bu istiqamətdə nə kimi işlər görüb?

- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə əlaqədar, institutda beynəlxalq konfransın keçirilməsinə hazırlıq gedir. Ötən il soyqırımılarla bağlı ingilis dilində vacib kitab çap olundu. Kitabda Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif yerlərində yaşayan tanınmış qafqazşünasların sanballı məqalələri var. İngilis dilində yazılan kitab Azərbaycan gerçəkliyini, onun həqiqət səsini çatdırmaq üçün böyük mənbədir.

Biz eyni zamanda, yeni yaradılan Elm Tarixi İnstitutunu qeyd etməliyik; çox səmərəli şəkildə fəaliyyət göstərir. Burada ən qısa zamanda kiçik kollektivlə böyük işlər görülüb. Keçmiş SSRİ zamanı AMEA-ya aid qəbul olunan bütün qərar və sərəncamlar sənədlər, -həm ölkəmizdə, həm Moskva və Peterburqa olanlar-əldə edilib ölkəmizə gətirilir və üzərində sistemli iş aparılır. Bu materiallar elm və AMEA tarixini daha detallı şəkildə işləyib hazırlamağa, ümumiləşdirməyə imkan verəcək. Bundan başqa, institutda Azərbaycanda dəqiq elmlərin tarixinə aid 5 böyük həcmli monoqrafiya hazırlanır, Azərbaycanda astronomiya, kimya, tibb elmlərinin tarixinə aid ilk dəfədir ki, sistemli, bütün mərhələləri əhatə edən, öyrənən monoqrafiyalar hazırlanır. Bu əsnada görülən işlər artıq bitib. Layihənin ideya rəhbəri AMEA-nın prezidenti akademik Akif Əlizadədir. Elm Tarixi İnstitutunun kollektivi tərəfindən hazırlanan kitablar artıq akademiyanın "Elm” nəşriyyatında çap prosesindədir. Bir ay müddətində bu mükəmməl kitablar çapdan çıxacaq.

-Bəs, gələcəkdə akademiyada hansı yeni institutlar yaradıla bilər?

- AMEA-da yeni yaradılan institutlar, elmi tədqiqat müəssisələri fayda verir, səmərəli çalışır, elmimizin inkişafında onların yeri və mövqeyi aydın şəkildə görünür. Düşünürəm ki, yeni institutlar yaratmaq baxımından AMEA-da aparılan islahatlar artıq öz bəhrəsini verir. Bununla belə, fikrimcə, süni şəkildə institutların yaradılması hər zaman fayda verə bilməz!Ona görə də akademiya yalnız zəruri hallarda, ehtiyac duyulan məqamlarda yeni elmi qurumların yaradılması məsələsinə baxır.Düşünürəm ki, zamanın ortaya çıxardığı yeniliklər, çağışırlara uyğun olaraq gələcəkdə də bu istiqamətdə belə addımlar atıla bilər.

- Sizcə, ali təhsil sistemində tətbiq edilən Boloniya prosesinin çatışmayan cəhətləri hansılardı?

- Hesab edirəm ki, Boloniya sistemi təhsilimizin Avropaya inteqrasiyası baxımından faydalı addımdır. Azərbaycanda gənclər bu yolla gedib dünyanın müxtəlif ölkələrində bir il, bir semestr təhsil alıb, dünya təhsil prosesini görürlər. Həmçinin, xarici ölkə tələbələri də Erasmus proqramı çərçivəsində Azərbaycana gəlib burada oxumaqla təhsil sistemimizə inteqrasiya olunurlar. Ali təhsilin dünya standartlarına uyğunlaşması baxımından Boloniya çox fayda verdi. Amma eyni zamanda, Boloniya sistemi ilə bağlı tədris proqramlarının müəyyənləşməsində milli və beynəlxalq dəyərlərin, dünya standarlarının balansını düzgün müəyyən etmək lazımdı. Bəzən, belə hallar da müşahidə olunur ki, Boloniya sistemini əsas götürərək daha çox Qərb, dünya standartlarının tətbiqinə çalışırlar. Şübhəsiz, dünya standartlarına meyl təhsilimizin qarşılıqlı şəkildə tanıdılması, vahid təhsil mərkəzinin yaranması üçün çox vacibdir. Təhsildəki dayanıqlıq və davamlı milli dəyərlərin qorunub saxlanması, ölkə ənənələrinin öz əksini tapması da diqqətdən qaçmamalıdır. Elə bir uyğun balans tapılmalıdır ki, burada ön mövqedə Azərbaycan təhsilinin, vətəndaşının milli maraqları, dövlətçilik dəyərləri təmin olunsun, təhsildə dayanıqlı ənənələr qorunub saxlanılsın. Əlbəttə, eyni zamanda, möhkəm əsaslar üzərində dünya, Qərb standartları ilə inteqrasiya da burada öz əksini tapa bilsin. Bu balansı qoruyub gözləmək Azərbaycanda Boloniya sistemi şəraitində ali təhsilin yenidən qurulması üçün vacib məsələlərdən biridir.

- Orta məktəblərdə tətbiq olunun kurikulum sistemi haqqında nə deyə bilərsiz? Sizcə, bu sistem özünü doğrulda bildi?

- Hesab edirəm ki, orta məktəblərdə tətbiq olunan kurikulumlar XXI əsrin başlanğıcında qəbul olunduğu üçün bu məsələyə yenidən baxmağa ehtiyac var. Kurikulum qəbul olunduğu vaxtdan artıq xeyli vaxt keçib. Bu gün artıq kurikulumların hansının daha faydalı, hansında isə nələrin çatışmadığını aydın şəkildə görürük. Çünki proses orta məktəblərin proqramlarında da özünü göstərir. XXI əsrin başlanğıcında - hələ Avropaya yenicə açıldığımız zamanda qəbul olunmuş təhsil kurikulumlara, bugünkü müstəqil dövlətin indiki səviyyəsindən, baxış bucağından baxdıqda, ölkə reallıqlarının, azərbaycançılıq prinsiplərinin, milli- mənəvi dəyərlərin özünə yer qazanması baxımından onlarda müəyyən təkmilləşdirmə işinə ehtiyac olduğunu görürük.

Təhsil Nazirliyi zaman -zaman bu təkmilləşdirmə işini həyata keçirir. Deyim ki, kurikulumla məşğul olan pedaqoqların hamısının eyni fikirdə olmadıqlarını da müşahidə edirəm. Amma zamanın çağırışı ali məktəblərdə olduğu kimi, orta məktəblərdə də milli dövlətçilik maraqlarının, azərbaycançılıq prinsiplərinin dünya standartları ilə balansının yenidən müəyyənləşməsinə ehtiyac olduğunu aydın göstərir.

- Ölkə başçısı bir neçə gün bundan öncə təhsil və elmi işçilərin əməkhaqqılarının artırılması ilə bağlı sərəncamlar imzaladı. Bu barədə nə deyə bilərsiniz?

- Cənab prezident bu günlərdə təhsil və elmi işçilərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı bir sıra zəruri addımlar atdı. İlk olaraq peşə təhsili işçilərinin əməkhaqqılarının artırılması ilə bağlı verilən sərəncam çox böyük əhəmiyyətə malikdir. Peşə təhsili işçilərinin fəaliyyətinin maddi cəhətdən stimullaşdırılması çox vacibdir.

Ayrıca olaraq qeyd edim ki, təhsil və elmi işçilərin əməkhaqqılarının artırılması ilə bağlı verilən sərəncam Azərbaycan bu sahədə çalışanlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu, dövlət başçısının Azərbaycanın ziyalılarının böyük hissəsinin təmsil olunduğu elm və təhsil sahələrinin inkişafına göstərdiyi qayğı, Azərbaycan alimlərinin, maarifçi ziyalılarının həyat şəraitinin yaxşılaşması üçün atdığı növbəti addımdır. Təhsil ictimaiyyəti və AMEA alimləri bu sərəncamı yüksək qiymətləndirirlər. Dövlətimizin diqqət və qayğısı, taleyüklü məsələ olan elm və təhsildə bu şəxsləri daha məsuliyyətlə, həvəslə işləməyə səfərbər edir.

Eyni zamanda, sərəncamla tələbələrin də təqaüdləri artırıldı. Bu, Azərbaycanın çoxmilli tələbə ordusuna göstərilən qayğı, əslində, Azərbaycanın gələcəyinə hesablanmış uğurla aparılan siyasətin davamıdır. Azərbaycan tələbə gəncliyi, ümumən gənclik öz prezidentinə sadiqdir.

Qarşıdan prezident seçkiləri gəlir. Bütün Azərbaycan xalqı ölkə prezidentinə ürəklə, mütəşəkkil qaydada, daxili bir qürur hissi ilə səs verməyi özünə borc bilir. Azərbaycan tələbə gəncliyi, prezidentimizin fəaliyyətini dəstəkləyir.