Oktyabrın 3-də Lənkəranın Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu mövzusunda elmi-praktik konfrans keçirilib.

Unikal.org xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran ŞİH-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda Cənub regionunda bir sıra məscidlərin axundları, ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Elmi-praktik konfransı giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Azərbaycanda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini diqqətə çatdırıb. Milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin edildiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ibadətlərin məscidlərdə keçirilməsinin vacibliyini diqqətə çatdırıb, bütün dindarların, ziyalıların, ictimaiyyət nümayəndələrinin neqativ hallara qarşı birgə mübarizəsinin zəruriliyini vurğulayıb:

"Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkili məqsədəuyğun hesab edilmir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağandır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında regional konfransın əhəmiyyətini söyləyib. Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının sədri, akademik Vasim Məmmədəliyev deyib ki, dinimizdə fanatizm yoxdur və o, qəbul edilmir.

Sonra bir neçə məscidin axundu, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri çıxış edərək arzu və mülahizələrini söyləyiblər, təkliflər irəli sürüblər.