Bakı Mühəndislik Universitetində (BMU) “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə “Karyera günü” keçirilib. Tədbir Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Tea Talks” proqramı çərçivəsində baş tutub.

 "Unikal" xəbər verir ki, “KPMG Azərbaycan” şirkətinin əməkdaşı Alimə Quliyeva tədbirin mahiyyəti, formatı, imtahanın təşkili proseduru haqda tələbələrə məlumat verib. 

Şirkətin audit meneceri Emil Mustafayev isə “KPMG Azərbaycan”ın fəaliyyət istiqamətləri, strategiyası, iş prinsipi, eləcə də iş imkanları və karyera mərhələləri ilə bağlı geniş təqdimatla çıxış edib. 

Bildirilib ki, “KPMG Azərbaycan” - “KPMG” qlobal şirkətlər şəbəkəsinin tərkib hissəsidir. Şirkət bir çox bank və maliyyə təşkilatlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməkdədir.

Təqdimatla bağlı tələblərlə sual-cavab sessiyasından sonra “Karyera günü” çərçivəsində imtahan təşkil edilib. İmtahanda maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi ixtisasları üzrə ingilis dili bölməsində təhsil alan III-IV kurs tələbələri iştirak edib. 

İmtahan nəticələrinə əasən, yüksək nailiyyət əldə edən tələbələrin gələcəkdə şirkətdə işlə təminatı nəzərdə tutulur.