Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, martın 24-də Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 7 bükümdə 1 kiloqram 64 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb. Cəmil Məmmədov polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilərkən cibindən əlavə olaraq ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik vasitə aşkarlanıb.

Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1164,391 qram tiryək olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.