Martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Əli Muradov, Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.