12 Noyabr 2019
Gömrük əməkdaşları üçün seminar keçirilir - FOTOLAR
Gömrük əməkdaşları üçün seminar keçirilir- FOTOLAR CƏMİYYƏT 16:50 2019-10-15

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi"mövzusunda dördgünlük seminar başlayıb.

Unikal.org Seminarın açılışında Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp iştirak ediblər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp seminarın açılışında çıxış edərək iki ölkə arasındakı əlaqələrdən bəhs edib, son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlığa əlavə imkanlar yaratdığını diqqətə çatdırıb.

İki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan məmnunluğunu bildirən səfir, Azərbaycanın şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə mühüm addımlar atdığını, effektiv sərhəd nəzarətinin bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb və bu sahədə təcrübə mübadiləsinin önəmindən bəhs edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən siyasət və prioritet hədəflər çərçivəsində gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin edilməsi, gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması və tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Komitə sədrinin müavini çıxışında gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla, müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiqinə başlanıldığını qonaqların diqqətinə çatdırıb.

Cavad Qasımov iki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan söhbət açaraq 2018-ci ildən etibarən həyata keçirilən "Hunter" layihəsindən bəhs edib. Komitə sədrinin müavini bildirib ki, layihə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsinin aparılması və yeni müasir texnologiyaların tətbiqi sahələri üzrə əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malikdir.
O da vurğulanıb ki, "Hunter" layihəsi üzrə gömrük prosedurlarının sadələşdirilməsi, yeni müasir texnologiyaların tətbiqi ilə hədəfləmə sistemlərinin inkişaf etdirilməsi,o cümlədən "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı" (PNR) sistemlərinin Dövlət Gömrük Komitəsi tərəfindən tətbiqi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi prioritet hədəflərdir.

Qeyd edək ki, seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton, Debbie Tether tərəfindən iştirakçılara "Aviasərnişinlər üçün Riskin İdarəolunmasına Giriş" , "Qərarlara Əsaslanan Riskin İdarəolunması və Digər Texnikalar" , "Profilləşdirmə və Risk Göstəriciləri" və digər mövzularda məlumatlar veriləcək, praktiki məşğələlər keçiriləcək.

Dördgünlük seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.


  • Gömrük əməkdaşları üçün seminar keçirilir- FOTOLAR
  • Gömrük əməkdaşları üçün seminar keçirilir- FOTOLAR
  • Gömrük əməkdaşları üçün seminar keçirilir- FOTOLAR