“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi”.

Unikal.org-un məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı: “Azərbaycan dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. Bir ildən sonra öz liderinə üz tutub, Heydər Əliyevi hakimiyyətə dəvət edib, ona ölkənin gələcəyini etibar edib".

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı: “İşğal altındakı bəzi torpaqları Azərbaycan geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu".