Mayın 18-də Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Unikal.org xəbər verir ki, birgə iclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun hesabatı dinlənilib.

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizə tədbirlərini uğurla apardığını bildirib. O, qeyd edib ki, son dövrlər dünyada insan alveri qurbanlarının sayı artıb. Bu daha çox özünü Şərq ölkələrində göstərir. Azərbaycan bu sahədə ciddi tədbirlər həyata keçirir. Hətta bunun əlaqədar Daxili İşlər Nazirliyində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yaradılıb.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov qeyd edib ki, ölkəmizdə bu sahədə maarifləndirmə işləri aparılıb. Belə ki, ötən dövr ərzində 57 polis seminarlara cəlb olunub. Bu məqsədlə sığınacaqların yaradılması məqsədilə dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılıb. Onun sözlərinə görə, keçən il ölkədə olma və yaşama qaydalarını pozan 11 min 564 əcnəbi müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, 8093 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması təmin olunub.

Diqqətə çatdırılıb ki, keçən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib:

“Aparılmış yoxlamalar zamanı həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib. Digər hallar üzrə isə cinayət tərkibi müəyyən olunmayıb. Həmin faktlar əsasında övladlarının təlim–tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla bərabər, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğının və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara qəyyumluq və himayə orqanlarına 670 material göndərilib”.