Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.

Unikal.org xəbər verir ki, anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolas İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb. Daha sonra şəhərin baş meydanından monitor vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti dinlənilib.

27 sentyabr – Anım Günü ilə əlaqədar şəhər tədbiri Gəncənin Şəhidlər xiyabanında davam edib. Tədbir iştirakçıları ilk olaraq burada yeni quraşdırılan və üzərində Gəncə şəhidlərinin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müavini - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov çıxış edərək, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. O, Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas borc olduğunu vurğulayıb. Hacı Tahir Abbasov dövlətimizə qüdrət, ordumza rəşadət, şəhidlərimizə rəhmət diləyib.

Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin əmisi, teatrşünas-tənqidçi Anar Bürcəliyev ictimaiyyət nümayəndələri və şəhid ailələri adından çıxış edərək, Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. O qeyd edib ki, bu müharibə Azərbaycan gənclərinə torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirib, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Qardaşı oğlu, şəhid İlqar Bürcəliyevlə bağlı xatirələrini bölüşən ictimai xadim, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbrəliyinə öz dərin təşəkürünü bildirib.

Millət vəkili Musa Quliyev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolundan bəhs edib. Deputat qeyd edib ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının kollektivinin təqdimatında Vətən müharibəsi qazisi Həsən Cəfərovun “Millətəm” pyesi əsasında hazırlanan “ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib. Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

Gəncənin Heydər Əliyev Park-Kopmleksində 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri və millət vəkillərinin qatıldığı aksiyada, şəhərin iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı, kiparis və tuya ağacı əkilib.

Günün ikinci yarısında isə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin təşkilatçılığı ilə “Vətən var olsun!” devizi altında fləşmob təşkil olunub.

Qeyd edək ki, gün ərzində şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri kollektivləri ilə birgə Şəhidlər xiyabanını və Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziləri ziyarət edəcəklər. Bununla yanaşı Gəncənin baş meydanında olan monitorda Gəncə şəhidlərinin şəkil və məlumatlarının yer aldığı video slayd nümayiş olunacaq.