"Artıq 35 ildir, xalq musiqimizi təbliğ edirəm"
"Artıq 35 ildir, xalq musiqimizi təbliğ edirəm"

Səkinə İsmayılova: "Bu gün mənə dünyanın heç bir səhnəsi qorxulu deyil"

Respublikanın xalq artisti Səkinə İsmayılova sayılıb seçilən muğam ifaçılarımızdandır. Onun püxtə və şaqraq zənguləsi təkcə ölkənin konsert salonlarında deyil, dünyanın bir çox məşhur konsert zallarında da eşidilib və özünə xeyli pərəstişkarlar toplayıb. Onunla bu günki söhbətimiz daha çox xanəndənin muğam ifaçılığı və ümumən şəxsi yaradıcılığı ətrafında olacaq.

- Səkinə xanım, Sizin bütün varlığınız Azərbaycan muğamlarının, xalq musiqisinin ifasına və təbliğinə həsr olunub. Bu illər ərzində çox səhnələrdə çıxış edibsiniz, çoxlu yaşantılarınız, təəssüratlarınız olub. Zaman keçdikcə arxada qoyduğunuz bu illər Sizdə hansı xatirələri oyadır? Yaşadınız və yaşamaqda olduğunuz bu ömür Sizin üçün həm də niyə əzizdir?
-Onda gərək lap gənclik illərimdən danışmağa başlayam. Mən Asəf Zeynallı adına Muğam məktəbini bitirib, birdəfəlik Opera və Balet teatrının səhnəsinə gəlmişəm, sənətə, yaradıcılığa ilk addımlarımı da elə bu səhnədə atmışam. Belə deyərdim ki, mənim üçün elə əsl xoşbəxtlik o oldu ki, təhsilimi bitirən kimi böyük səhnədə yaradıcılıq həyatıma başladım. Sənət dünyam da elə bu teatrdan başladı. Səhnəyə çıxışım, muğamı təbliğ etməyim, sənət dahiləri ilə görüşlərim, dünya ölkələrinə qastrol səfərlərim elə bu illərdən başlayır. Bu günkü gündə sənətimə münasibəti görüb, deyirəm, çox şükürlər olsun ki, əziyyətim hədər getməyib.
-Bir xanəndə kimi fəaliyyətinizin xeyli hissəsi müqəddəs sənət ocağı hesab edilən Opera və Balet teatrı ilə bağlıdır. Siz Leylinin bu səhnədə Məcnunları kimlər olub?
- Bu teatrda mən bir çox rollarla çıxış etmişəm. Hər adam da muğam oxuya bilmir, çünki bu, qandan-candan gəlməlidir. Mən Opera və Balet teatrına gələndə çox gənc idim, bu zaman teatrda öz sözünü demiş sənətkarlar var idi. Qadın rollarının ifaçıları Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova Məcnun, Qərib, Kərəm kimi kişi rollarının ifaçıları isə Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu idi. Bu insanların hər biri ilə tərəf müqabili olmuşam. "Leyli və Məcnun" tamaşasında ilk tərəf müqabilim Canəli Əkbərov olub. Canəli müəllim həmçinin bu rolun hazırlanmasında da mənə çox kömək edib. Sonralar Arif Babayev və Baba Mahmudoğlu ilə tərəf müqabili olmuşam. Sonraki illərdə isə səhnəmizə yeni məcnunlar gəlirdi, bunlardan Alim Qasımov, Mənsum İbrahimovla da uzun müddətli tərəf müqabili oldum. O səhnədə yetişdiyim üçün bu gün mənə dünyanın heç bir səhnəsi qorxulu deyil. Rəhmətlik Rəşid Behbudovun yaratdığı bir musiqi kollektivinin, şəxsən özünün dəvəti ilə 7-8 ölkədə olmuşam, onunla bir səhnəni paylaşmışam. Bu teatrda mənə lazım olan hər bir diqqət olub, bu gün artıq hiss edirəm ki, öz gücümü, potensialımı gənclərə sərf etməliyəm. Mənə qədər gələn bu sənəti gələcək nəsillərə ötürməliyəm.
- Bu gün sənət adamına nə lazımdır?
- Əgər sənətini sevirsənsə, sənətinə hörmətin varsa, hər şey gəlib səni tapacaq.
- Bugünkü estradadan, şou-biznesdən nə danışa bilərsiniz? Razısınızmı?
- Özümdən və özümə qarşı olan münasibətdən danışa bilərəm. İstər xalqımızın, istərsə də dövlətimizin mənə olan münasibətindən çox razıyam.
- İlk dəfə muğamı qavalla ifa edən xanım olmusunuz. Çəkinmədinizmi, hansısa böyük sənətkar sizə qarşı çıxar, yoxsa əksinə oldu?
- Bəli, xanımlar içərisində ilk dəfə qavalı meydana, araya-ərsəyə mən gətirdim. Əgər bir xanım xanəndə dəstgah muğamını öz boynuna götürüb oxuyursa, o, qaval çalmağı da bacarmalıdır. Amerikaya səfərim var idi, bu səfərdə tar, kamança və ifaçı olmalı idi, 4-cü bir insanın orada iştirakı mümkünsüz idi. Mütləq orada özümü müşayiət etməli idim. 1 ay müddətində çalışdım, məşq etdim, alındı. İndi istənilən televiziya kanalını açanda, görürsən ki, qadın ifaçı əlində qaval müşayiət edir. Bu ənənə davam edirsə, gördüyüm işə görə, əlbəttə, çox fəxr edirəm. İndi qadın xanəndələri də qavalsız təsəvvür etmək olmur. Axı bizim muğam sənətini təkcə kişi xanəndələr inkişaf etdirməyib. Əsrlər boyu qadın xanəndələrimiz olub. Fikirləşirəm ki, əgər xanım xanəndə heç bir şeydə kişi xanəndədən geri qalmırsa, ən çətin muğamları ifa edirsə, bunun da öhdəsindən gələ bilərdi. Yox, buna görə kimsə mənə qarşı çıxmadı, dedilər, çətindir, bunu etmək olmaz, amma kim özünə güvəndisə, bu işi gördü.
- Səkinə xanım, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmusunuz. Neçə ildir muğam sənətini təbliğ edirisiniz?
- Elə ölkələr var, 7-8 dəfə orada qastrol səfərində olmuşam. Xalq musiqimizin təbliği mənim yaradıcılığımda xüsüsi yer tutur. Artıq 35 ildir, xalq musiqimizi təbliğ edirəm.
- Bu hər xanəndəyə nəsib olmur...
- Bəlkə də nəsib olur, amma o insan, iradəsinin zəifliyindən qaçır, çünki bu sənət çətin sənətdir, çətin janrdır. Çünki bu ağırlığı illərlə çiyində daşımaq lazımdır. Bu gün də görürsən ki, muğam sinfini bitirirlər, amma öz yaradıcılıqlarını başqa musiqi sahəsinə həsr edirlər.
- Tələbələr yetişdirirsiniz. Pedaqoji sahənizdən nə danışa bilərsiniz?
- Bəli, tələbələrim çoxdur. Artıq 10 ilə yaxındır, bu sahə ilə də məşğul oluram. Bildiyiniz kimi artıq 2005-ci ildən ənənəvi olaraq Muğam televiziya müsabiqəsi keçirilir. Münsiflər heyətinin yeganə xanım münsifiyəm. Bu müsabiqə də imkan verir ki, muğam sənətinə ilk addımlarını atan insanlar burada öz imkanlarını göstərsinlər, inkişaf etdirsinlər. Bu muğam müsabiqəsi bütün gənc ifaçılara imkan yaradır ki, 5-6 ayın içində həm tanınsın, həm imkanlarını göstərsin, həm də sevilsinlər. Bundan gözəl nə ola bilər ki? Fürsətdən istifadə edib müsabiqənin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Hansı ölkəyə qastrol səfərinə gedirəmsə, hamı bu müsabiqə haqqında maraqlanır.
- Opera və Balet teatrında bir çox obrazlar yaratmısınız, bunu bilirik. Bəs sizə hansısa başqa teatrdan təklif gəlsə, dəvəti dəyərləndirə bilərsinizmi?
- Opera səhnəsində hər xanəndə ifa edə bilmir. Belə deyim ki, əgər bu gün bizim muğam sənətində 200 xanəndə varsa, onlardan 3-4 nəfər opera səhnəsində çalışır. Çünki musiqini duymaq qabiliyyəti, aktyorluq, aktrisalıq qabiliyyəti olmalıdır. Bu da hər adamda olmur. Hər halda, mənim aktrisalıq qabiliyyətim olmasaydı, orada Leyli, Gülbahar, Şahsənəm, Əsli kimi rolları ifa edə bilməzdim. Amma bir istək olsa, istər filmdə, istərsə də teatrda hansısa tarixi qadın obrazını yaratmaq istərdim.
- Hansı qadın obrazıdır yaratmaq istədiyiniz?
- Əsasən tarixdə olan qadın obrazlarını yaratmaq istərdim. Məsələn, Xurşidbanu Natəvan, Reyhan xanım kimi tarixi qadın obrazları.
- Sənətinizdə nə kimi yeniliklər var? Hansı yenilikləri bizimlə bölüşə bilərsiniz?
- Sənətimin yenilikləri hər dəqiqə, hər an, hər gün artır. Bu gün sizinlə müsahibə edirik, bunun özü də bir yenilikdir (gülür). Almaniyada səfərdə oldum, yenə də qastrol səfərlərinə hazırlaşıram, inşallah, onları da reallaşdıracağam. Qarşıdan bizim çox tanınmış xanəndələrimizin yubiley gecələri gəlir, onlara hazırlaşıram. Mənə elə gəlir ki, bu günkü gündə məhz muğam sənətinə xidmət edən xanəndənin hər dəqiqəsi, hər anı bir yenilikdir.
- Konsert verməyi düşünürsünüz?
- Desəm ki, düşünürəm, bu, yalan olar. Onu da qeyd edim ki, Heydər Əliyev adına sarayda konsert verən ilk qadın xanəndəyəm. Bu sarayda iki böyük konsert vermişəm. Dəfələrlə başqa yerlərdə də konsertlərim baş tutub. Konsert verməyin bir çox çətinlikləri var. Kim isə rahatlıqla bu işləri görsə və mənə desə ki, Səkinə xanım, siz ancaq gəlib ifa edin, mən bu təklifi məmnuniyyətlə qəbul edərəm.
- Özünüzü xoşbəxt qadın sayırsınızmı?
- Əgər bu gün tələbələr sevərək məni gəlib görmək istəyirlərsə, xalq məni sevirsə və alqışlarla səhnədən yola salırsa, dünyanın bir çox ölkələrində məni tanıyırlarsa və məxsusi olaraq öz adımdan dəvət edirlərsə, necə deyə bilərəm ki, xoşbəxt deyiləm. Bu xoşbəxtliyimə görə ailəmə də borcluyam ki, hər zaman mənə dəstəkdir. Bu xoşbəxtliyi mən evdən, ailədən paylaşaraq xalqın arasına çıxıram.
- Yeri gəlmişkən, ailəniz, yəqin ki, Sizə güclü dəstək verir. İstərdik ki, oxucularımız ailəniz barədə, ailə üzvlərinizin sənətinizə münasibəti barədə də məlumat verəsiniz.
- Mənim həyat yoldaşım neftçidir, uzun illər neft sahəsində işləyib. Qızım dilçidr. Böyük bir nəslin başında duran insan kimi mənim üçün sənətimdə xalqımın, yaxınlarımın, qohumlarımın, ailəmin dəstəyi çox vacibdir. Mən onları çox dəyərləndirirəm və çox sevirəm.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli