ETSN ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 86770 manat məbləğində cərimə tətbiq edib
ETSN ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 86770 manat məbləğində cərimə tətbiq edib

Ekspert Qadir İbrahimli: "İndiki yüksəkrütbəli məmurlar, icra başçıları, məmurlar, kommersantlar
öz kabinetlərində başlarının üstündə mərhum prezident Heydər Əliyevin portretini assalar da, əslində, onun Bakı üçün həyata keçirdiyi ekoloji siyasətin bəhrələrini məhv etməklə məşğuldurlar"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aprelin 15-30-da ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 171 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 45 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 34 iş üzrə 86770 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3538,11 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 68594,82 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 18 iş göndərilib.
"Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin sözlərinə görə, "Ekologiya və Təbii Sərvətlər Nazirıliyinin yuxarıda sadalanan araşdırmaları və üzə çıxardığı faktlar, bu faktlara görə tətbiq edilən cərimələr, alınan tədbirlər ölkədəki böhranlı ekoloji durumun yalnız cüzi bir hissəsini ifadə edir və təkcə nazirliyin gücü və ya reydləri ilə bu problemi həll etmək olmaz. Çünki Azərbaycan təbiətinə uzun illər ərzində bəslədiyimiz ögey münasibət bu gün də davam etməkdədir və bu ögeyliyin bədəli çox ağır olacaq".
Qadir İbrahimlinin dediyinə görə, "Hazırda Azərbaycanın bölgələrində məşğulluq olduqca ciddi problemə çevrildiyindən əməkqabiliyyətli adamların əksəriyyəti ailələri ilə birlikdə ölkənin paytaxtına köçməli olub. Bu amil Bakıda təkcə sosial problemlər deyil, həm də ciddi ekoloji problemlər yaradıb. Bunun bariz nümunəsi kimi paytaxtda gündən-günə çoxalan avtomobillərin atmosferə buraxdığı dəm qazının artıq paytaxt sakinlərində törətdiyi fəsadlardan təkcə ekoloqlar deyil, həkimlər də gileylənməyə başlayıblar. Bakı səmasının gündən-günə çirklənməsi həm şəhərdəki yaşıllıq örtüyünü tədricən məhv edir, həm də bu ekosistemin tərkib hissəsi olan insanlarımızda müxtəlif xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Həkimlər etiraf edirlər ki, son zamanlar paytaxt əhalisi arasında tənəffüs yollarının xəstəlikləri, ürək-damar, əsəb və müxtəlif orqanların xərçəngə tutulması faktları yüksələn xətlə artım tendensiyası nümayiş etdirir. Azərbaycan insanı, nəhayət, başa düşməlidir ki, ümumən təbiətdə bumeranq prinsipi işləyir, yəni təbiətə vurduğumuz ziyan qarşısıalınmaz zərbə kimi öz üstümüzə qayıdır".
Qadir İbrahimli narahatlıqla ifadə etdi ki, "Son illərdə müəyyən kommersiya strukturlarının bəzən özbaşına, bəzən bilərəkdən, bəzən də müəyyən üsullar əsasında qanundan yayınıb Bakı şəhərindəki yaşıllıq sisteminə vurduğu ziyan daha böyükdür. Xüsusən də tikinti işləri ilə məşğul olan firmaların Bakının fauna və florasına vurduğu ziyan aybaay çoxalmaqdadır. Yadınıza salım ki, ötən əsrin 60-cı illərinə qədər Bakı şəhəri səhra şəhərinə oxşayırdı. 70-ci illərdən başlayaraq Bakının daxilində və bayır zolağında salınmış bitki-ağac örtüyü Bakının atmosferində inqilabi dəyişikliklər etdi, şəhərin havası köklü şəkildə dəyişildi. Bu işlər mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Amma indiki yüksəkrütbəli məmurlar, icra başçıları, məmurlar, kommersantlar öz kabinetlərində başlarının üstündə mərhum prezidentin portretini assalar da, əslində, onun ekoloji siyasətinin bəhrələrini məhv etməklə məşğuldurlar".

Savalan