Yaşar Həsənovun səhmdar cəmiyyəti bakılıları soyuqdan dondurdu

Qar yağdı, "Azəristiliktəchizat"dan şikayətlərin arası kəsilmək bilmədi

Bakının bəzi ərazilərində istiliyin yoxa çıxması üçün sanki, qarın gəlməsi gözlənilirmiş. Mərkəzləşdirilmiş sistemdən istilik alan paytaxt sakinləri qarlı gündə soyuq dərdlərinə KİV-ə üz tutmaqla əlac etmək istəyiblər.

Məsələn, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60 ünvanında yaşayanların şikayətinə görə burada yerləşən 1-ci binada istilik sistemi işləmir. Xeyli müddətdir istilik ürəkaçan səviyyədə olmasa da, havalar soyuyandan sonra vəziyyət daha da çətinləşib. İstilik, demək olar ki, yoxa çıxıb.
"APA"-nın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində isə mənzillərin istilik təchizatı ilə bağlı hər hansı bir problemin olub-olmaması ilə bağlı keçirilən sorğuda abonentlərdən biri qeyd edib ki, problemlə üzləşən zaman "Azəristiliktəchizat"ın "qaynar xətt"inə zəng edərkən məlum olur ki, nömrə faksa qoşulub.
Sosial şəbəkə vasitəsilə sorğuda iştirak edənlərin əksəriyyəti qeyd edir ki, istilik təchizatı ilə bağlı problem daha çox Xətai rayonunda yaşanır. Sözügedən problem rayonun M. Hadi 41, Telnov 16, A. Ələsgər, bina 2, Xudu Məmmədov 41 ünvanlarında yaşanır. Yeri gəlmişkən, bu ünvanlarda iki gündür ki, istilik təchizatının dayandırıldığı bildirilir. Rayonun Şirvani 2A ünvanında isə qazın təzyiqi çox zəifdir.
Bununla yanaşı, analoji problemin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Nizami, Nəsimi rayonlarında olduğu iddia olunur.
Maraqlıdır ki, Yaşar Həsənovun sədri olduğu "Azəristiliktəchizat" ASC-də isə soyuqdan donan vətəndaşların şikayəti birmənalı olaraq təkzib edilir. ""Azəristiliktəchizat" son zamanlar normal rejimdə işləyir və qurumun fəaliyyətində problem yoxdur" deyə qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
R. Əliyevin sözlərinə görə, abonentlər tərəfindən quruma bəzi şikayətlər daxil olur: "Dünən Bakının Nərimanov rayonunda qaz zəif olub. Bundan başqa, Xətai rayonunda işıqla bağlı problem yaranıb ki, bu da bizim işimizə təsir etməyib. Amma ümumilikdə ciddi problemlər olmayıb. Qar yağandan qurumun bütün qazanxanaları tam gücü ilə işləyir və bu gün (dünən - red.) səhər saatlarında da dayanan qazanxanalar yoxdur".
"Azəristiliktəchizat" ASC-nin rəis müavini İlham Mirzəliyev isə bildirib ki, Qaraçuxur qəsəbəsində istiliklə bağlı problem ola bilməz.
Rəis müavininin sözlərinə görə, yeni qazanxana tikildiyindən abonentlər istiliyi yüksək səviyyədə ala bilir. Ola bilsin, şikayət olan binada daxili problemdir.
İ.Mirzəliyev əlavə etdi ki, abonentlər problem yarandığı zaman "Azəristiliktəchizat"a məlumat versin. Problem dərhal aradan qaldırılacaq.
Axı məsələ burasındadır ki, srağagündən - havaların kəskin soyumağa başlamasından sonra şikayət yalnız bir və ya bir neçə sakindən gəlməyib. Yazının əvvəlində də göstərildiyi kimi, qarlı günlərdə kifayət qədər paytaxt sakini soyuqdan donmaq üzrə olduğunu sosial şəbəkələrdə və KİV-də dilə gətiriblər. İndi belə çıxır, bu qədər vətəndaş yalan danışır?!
Üstəlik, axı problem yalnız qar yağdıqdan sonra başlamayıb. Hələ bundan bir neçə gün əvvəl virtualaz.org saytı "Azəristiliktəchizat"ın ümumiyyətlə, qış dönəmi üçün hazırlığında yetərincə çatışmazlıqlar olduğunu göz önünə sərən material hazırlayıb təqdim etmişdi. Həmin vaxt Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yaşayan Elnur Qocayev demişdi ki, hava soyuyan kimi evlərin qızdırılması da problemə çevrilir. Şikayətçinin sözlərinə görə, yaşadığı binanın istiliklə təminatı üçün öz vəsaitləri hesabına təmir-bərpa işləri aparırlar. Hələ üstəlik aylıq istilik haqqı da ödəyirlər.
Əslində Xətai, Səbayel, Yasamal, Nəsimi rayon sakinlərinin də dərdi eynidir. "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinin binalara verdiyi istiliyə qızınmasalar da tüstüsünə pul ödəyirlər" deyə sözügedən materialda bildirilirdi.
İqtisadçı ekspert Rövşən Ağayev isə demişdi ki, isitmə sistemi özəl sektora uzunmüddətli idarəetməyə verilməlidir: "Qışın soyuğunda istilik kəsilir, amma buna görə heç kim məsuliyyət daşımır. Amma özəl sektor məsuliyyət daşıyacaq. Uzunmüddətli idarəetməyə veriləndə təbii ki, özəl sektor üzərində dövlət auditor rolunu oynayacaq. Yəni dövlət özəl sektoru müdafiə etməkdə maraqlı deyil. Dövlət vətəndaşın yanında olacaq. İndi isə dövlət sahibkar rolunu oynayır. Dünya təcrübəsində də kommunal sektor özəl idarəetməyə verilir".
Qeyd edək ki, "Azəristiliktəhcizat" ASC-nin rəhbəri Yaşar Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun yaxın kadrı kimi tanınır. Yəni bu sahə merin birbaşa nəzarətində olan qurumların siyahısındadır.
Emin