"Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım".

Unikal.org  xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Sizə elə gəlmirmi ki, start heyətini səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.

Milli komanda bundan da yaxşı oyuna qadirdir?

- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdırlar. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.

Qələbəyə nə mane oldu?

- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.

Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?

- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.

Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiniz?

- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.

Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?

- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.

Almeyda son aylarda artırıb, yoxsa...?

- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.