Zaqatalada təşkil olunmuş "Bayram bazarında küllü miqdarda narkotik vasitəni satmaq istəyən Şəki rayon sakini saxlanılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

İyunun 25-i rayonun Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş "Bayram bazarında Şəki rayonu İnçə kənd sakini, 1958-ci il təvəllüdlü Osman Rəcəb oğlu Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində küllü miqdarda narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kollarından toplayaraq qurutduğu marixuananı gözünü müalicə etdirmək üçün Zaqatalada təşkil edilmiş "Bayram bazarında satmaq istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.