Milli Məclisin deputatı Nəsib Məhəməliyev Unikal.org-a müsahibə verib. Nəsib müəllimlə söhbətə Qarabağ münaqişəsinin həlli ətrafında gedən proseslərlə bağlı oldu.

-Nəsib müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcüd vəziyyəti necə dəyərləndirirsiniz?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ondan ibarətdir ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesi demək olar ki, dalana dirənib. Düzdür, xarici işlər nazirləri görüşüblər, ancaq düşmən ölkənin daxilində baş verən xaotik proseslər, parlamentin buraxılması, yeni seçkilərin təyin olunması, uzun illər hakimiyyətdə olmuş Qarabağ klanı ilə indiki, siyasi oriyentasiyasını tam müəyyənləşdirə bilməyən səriştəsiz Paşinyanın dəstəsi arasında gedən mübarizə təbii olaraq Qarabağ probleminin həllini ləngidir. Nəzərə alsaq ki, seçkilərdən sonra yeni hakimiyyətin daxildə möhkəmlənməsi üçün kifayət qədər vaxt lazımdır, o halda münaqişənin həllini tezliklə gözləmək sadəlövlük olardı. Hər bir halda Azərbaycan artıq oturuşmuş bir dövlət olaraq cənab prezident İlham Əliyevin apardığı konstruktiv siyasətə uyğun olaraq istənilən danışıqlara hazırdır.

- Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-Çox böyük təəssüf hissi ilə qetd etmək istəyirəm ki, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələr öz üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Demək olar ki, etimadı doğrultmadılar. Onlar hətta təmsil olunduqları ölkələrin səs verdikləri BMT-TŞ-nın qətnamələrinin icrası ilə bağlı nəinki heç bir ciddi addım atmadılar, hətta bəzi hallarda beynəlxalq hüquq normalarını pozaraq separatçılara lazımi şərait yaradır. Bu yaxınlarda Dağlıq Qarabağın "rəhbərlərinin Fransa və ABŞ-a səfərləri təbii olaraq təəssüf hissi doğurur.

- Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sizcə, bu amil Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə rol oynayır?

- Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi hər bir halda müsbət haldır. İlk növbədə Azərbaycanın dünyaya açılmaqla öz mədəniyyətini, tarixini, məişətini, qonaqpərvərliyini, inkişafını təbliğ edir. İkincisi Azərbaycanın dostlarının sayı çoxalır. Bir çox ölkələrin nümayəndələri bir yerə toplaşır, dünyanın qarşısında duran problemlər müzakirə olunur, müəyyən bəyanatlar, qərarlar qəbul olunur. Üçüncüsü dünyanın bir çox ölkələri üçün örnək ola biləcək çox aktual olan multikulturalizm, tolerantlıq sahəsində əldə etdiyi təcrübədən yararlanırlar. Eyni zamanda, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da təbii olaraq çox böyük əhəmiyyətə malikdir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, aparılan bu siyasət nəticəsində Azərbaycan 2012-ci ildə BMT-nin baş məclisində dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq TŞ-nın qeyri-daimi üzvü seçilmişdir.

- Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman cəmiyyətimizdə geniş müzakirə mövzusudur. Sizcə, bu Fərmanın əhəmiyyəti nədən ibarətdir?

-Dil hər bir millətin varlığı, milli sərvəti deməkdir. Azərbaycan dilinin saflığının qorunması, ondan düzgün istifadə hər bir Azərbaycan vətəndaşının borcudur. Hesab edirəm ki, Azərbaycanda yaşayan, millətindən asılı olmayaraq hər kəs dilimizi bilməlidir. Ələlxüsus KİV-də, müxtəlif dövlət orqanlarında, təhsil, səhiyyə və digər sahələrdə çalışanlar Azərbaycan dilinin ədəbi normalarına daha dəqiq riayət etməlidirlər. Bir məsələ də var ki, dünyada ictimai-siyasi, texniki, elmi proseslər elə sürətlə inkişaf edir ki, çoxlu yeni əcnəbi terminlər, sözlər dilimizə daxil olur, müəyyən hallarda o sözlərin Azərbaycan dilində əvəzləyicisini tapmaq olmur və yaxud tərcümə etsən belə öz effektini itirir. Ona görə də çoxlu sayda bu tipli beynəlxalq sözlər var ki, onlar da təbii olaraq leksikonumuza daxil olur ki, bu da təbiidir.
Bu baxımdan prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında verdiyi fərmanın əhəmiyyəti çox böyükdür. Fərmanın icrası ilə bağlı bir çox təhsil müəssisələrində, dövlət və qeyri-dövlət orqanlarında dəyirmi masalar, seminarlar və müxtəlif tədbirlər keçirilir ki, bu da dilin saflığının qorunmasında böyük rol oynayır.

- Dövlət dili olaraq Azərbaycan dili ilə bağlı indiyə qədər bir sıra mühüm sənədlər qəbul olunub, dövlət başçısı səviyyəsində Fərman və sərəncamlar imzalanıb. Bu barədə də fikirlərinizi bilmək istərdik...

- Düz buyurursunuz, Azərbaycan dilinin qorunması, latın qrafikasına keçidlə bağlı ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə fərman verilmişdir. Bundan başqa, dil haqqında qanun, fərman və sərəncamlar qəbul edilmiş, bu barədə dövlət komissiyası yaradılmışdır. Yəqin ki, gələcəkdə bu istiqamətdə lazımi tədbirlər görüləcəkdir. Çünki, dünyada çox sürətlə qloballaşma prosesi gedir. Qloballaşmada milli-mənəvi dəyərlər, o cümlədən dil müəyyən təsirlərə məruz qalır ki, bunların da qarşısını zamanında almaq üçün dövlət tərəfindən lazimi addımlar atılır və gələcəkdə atılacaqdır. Buna misal olaraq qeyd etmək istıyirəm ki, bu gün şəhərdə gəzərkən yerli-yersiz çoxsaylı əcnəbi reklamlara rast gəlirsən, elə bil ki hansısa xarıcı ölkədəsən və mən buna pis baxıram. Burada reklam haqqında, dil haqqında qanunun tələbləri pozulur. Aydın məsələdir ki, dünya səviyyəli brendləri olduğu kimi vermək lazımdır, ancaq minlərlə heç kimə tanış olmayan sözlər var ki, zövqsüz şəkildə hara gəldi yapışdırırlar, bu da əhali arasında haqlı narazılığa səbəb olur.

- Nəsib müəllim, həyata keçirilən islahatlar qeyri-neft sektorunda da ciddi nəticələr verməkdədir. Bu sahədə əldə olunan nailiyyətləri necə qiymətləndirirsiniz?

- Qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatı üçün prioritet sahədir. Cənab Prezidentin 2017-ci ildə təsdiq etdiyi "Strateji yol xəritəsində qeyri-neft sektorunun inkişaf etdirilməsinin bütün istiqamətləri aydın şəkildə göstərilmişdir. Hökümətin təqdim etdiyi büdcə layihəsində biz əhəmiyyətli şəkildə ÜDM strukturunda qeyri neft sektorunun inkişafını görürük. Ancaq hesab edirəm ki, burada görülən işlər çox dəqiq , elmi cəhətdən düzgün yanaşmalar tələb edir. Bir sahənin inkişafı, digər sahənin zərər çəkməsi hesabına olmamalıdır. Ələlxüsus da aqrar sektorda müəyyən səhvlərə yol verilir ki, bu da məhsuldarlığın azlığında, bəzi hallarda heç olmamasında özünü göstərir. Ötən il hökumətin hesabatı parlamentin plenar iclasında müzakirə edilərkən bir neçə təkliflə çıxış etmişdim. Onlardan biri aqrar sektorun inkişafı ilə əlaqədar qeyd etmişdim ki, istənilən ölkənin təcrübəsini öyrənmək olar, ancaq Azərbaycanın hər bir bölgəsinin təbii şəraitini, iqlimini, torpağın kimyəvi tərkibini öyrənmədən lazimi nəticə almaq olmaz. Hal-hazırda respublikanın rayonlarında kənd təsərrüfatı üzrə mütəxəssislər çatışmır. Torpaqşünaslıq üzrə mütəxəssislər demək olar ki, yoxdur. Ona görə də bu sahədə kor təbiilik müşahidə olunur ki, bu da nəticə etibarilə məhsuldarlığa öz təsirini göstərir. Çox istərdim ki, Milli Elmlər Akademiyasının nəzdində yeni bir "Regionların sosial iqtisadi inkişafı ilə bağlı elmi tədqiqat institutu yaradılsın. Belə bir institut yaradılarsa hər bir rayonun təbii potensialının üzə çıxarılmasında, iqtisadiyyatının inkişaf etdirilməsində, ələlxüsus mərkəzdən maliyyə asılılığının azaldılmasında, özünü maliyyələşdirməsində, mövcud şəraitə uyğun kadrların hazırlanmasında çox böyük təkan olardı. Bütövlükdə bu istiqamətdə aparılan siyasəti dəstəkləyirəm və təqdirəlayiq hesab edirəm.

-Hazırda ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

- Hal-hazırda Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial iqtisadi siyasətin çoxşaxəli, Azərbaycan cəmiyyətinin hər tərəfini əhatə etdiyini nəzərə alaraq bir neçə aspektdən yanaşaq.
1-cisi uzun illərdən bəri dünyada hökm sürən maliyyə böhranı fonunda Azərbaycanda maliyyə-iqtisadi sabitliyin qorunması, investisiya mühitinin saxlanması, ÜDM artım tempi, adambaşına düşən gəlirin, bank əmanətlərinin artması, inflyasiyanın qarşısının alınması, yoxsulluğun 5%-a endirilməsi, işsizliyin ləğv olunması istiqamətində görülən işlər, neft kapitalının insan kapitalına çevrilməsində atılan addımlar və s.
2-cisi, Transmilli layihələrin həyata keçirilməsi, yeni nəqliyyat infrastrukturunun yaradılması, bir çox xarici ölkələrə yatırılan investisiya, yeni neft qaz ixracı ilə bağlı bağlanmış müqavilələr, ölkənin demək olar ki, hər bir bölgəsində həyata keçirilən layihələr, abadlıq quruculuq işləri, yol-körpü tikintiləri, olimpiya idman kompleksləri, bürokratik əngəlləri aradan qaldırmaq üçün "Asan mərkəzlərinin yaradılması.
3-cüsü müasir ordu quruculuğunun həyata keşirilməsi, təhsildə, səhiyyədə, sosial sahədə aparılan islahatlar, təbii olaraq Azərbaycan xalqının inkişafına, sosial rifah halının yaxşılaşmasına xidmət edir. Beynəlxalq aləmdə Azərbaycanın dövlət olaraq yerini möhkəmlədir.

- Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər geniş müzakirə olundu. Gələn ilin dövlət büdcəsinin üstün cəhətləri haqqında fikirlərinizi bilmək istərdik...

- 2019-cu ilin dövlət büdcəsi avvəlki illə müqayisədə 3,7%, 2017-ci illə müqayisədə 38,8% çoxdur, əmək haqqlarının, səhiyyə xərclərinin artımı, yol-infrastruktur layihələrinə ayrılan vəsait, vergi güzəştlərinin nəzərdə tutulması, sosial layihələrin icrasına yönəldilən vəsaitlər və s. İnflyasiyanın, milli valyutanın sabit saxlanılması istiqamətində atılan addımlar müsbət xarakterizə oluna bilər.

- 2019-cu ilin dövlət büdcəsi həmçinin sosialyönümlü büdcə kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?

-Səmimi deyəcəm, hər bir normal insan kimi, mən də sosial layihələrə, əhalinin həssas təbəqələri ilə bağlı həyata keçirilən tədbirlərə daha çox vəsait ayrılmasını istərdim. Ancaq bütün bunlar populizm xətrinə deyil, real imkanlara əsaslanmalıdır. Hər şey dəqiqliklə ölçülüb biçilməlidir. Əks halda mənfi təzahürlər meydana çıxa bilər. Hesab edirəm ki, hökumət bu sahədə lazımi addımlar atır. Təqdim olunan büdcəni sosialyönümlü hesab etmək olar.

-Nəsib müəllim, təmsil etdiyini Baləkən rayonun problemlərinin həlli istiqamətdə hansı işlər görə bilirsiz? Əsasən seçicilər hansı məsələlərlə bağlı müraciət edirlər? Onlara kömək edə bilirsizmi?

- Son illər Balakən rayonunda bir çox infrastruktur layihələr həyata keçirilmişdir. Rayon ərazisi 100% qazlaşdırılmışdır, elektrik enerjisi, içməli su, texniki sularla təminat baxımında xeyli işlər görülmüş, magistral, kənd yollarının asfaltlanması işləri aparılmış, çoxlu məktəb binaları,uşaq bağçaları, xəstəxana, mədəniyyət evi, incəsənət gimnaziyasının yeni binası, olimpiya kompleksi, inzibati binalar tikilmiş, bir çox obyektlər təmir olunmuşdur.
Problemlər olaraq bir neçə kənddə uşaq bağçasının tikintisinə, tarixi-mədəniyyət obyektlərinin restavrasiya-bərpa olunmasına, eko-turizmin inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, sahibkarlığın, yerli sənayenin daha da inkişaf etdirilməsinə ehtiyac var.
Əsasən seçicilər, müəyyən yardımlarla, təhsil haqqlarının ödənilməsinə kömək, işlə təminat, müalicə, bank kreditlərinin yüksək olması, ələlxüsus da devalvasiyadan sonra yaranmış vəziyyət, kənd təsərrüfatı məhsullarının alış qiymətləri, şəhid ailələrinə verilən vəsaitlərlə və s. məsələlərlə bağlı müraciət edirlər.

Mən göstərdiyim köməkliyi heç vaxt reklam etmirəm. Amma daxilən özümü rahat hiss edirəm ki, imkan daxilində mənə müraciət edən, haqqı çatan hər bir insana kömək edim.

Söhbətləşdi: Hüseyn İsgəndərov