Hər gün səhər və axşam Neftçilər metrosundan Bakıxanov qəsəbəsinə gedən yolda daha dəqiq desək Rüstəm Rüstəmov küçəsində insanlara əsəb və stress yaşadan vəziyyət müyyən qədər yaxşılaşıb.

Unikal.org-un əməkdaşının araşdırmasına görə, artıq bir neçə gündür bu yoldan hər hansı bir ciddi maneəyə rastlaşmadan keçmək mümkündür.

Ərazidə bu cür mənzərə ilə tez-tez qarşılaşmadığını nəzərə alıb bir qədər müşahidələr apardıq.

Məlum oldu ki, Bakı Nəqliyyat Agentliyi artıq bir neçə gündür ki, Rüstəm Rüstəmov küçəsində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı tədbirlərə başlayıb. Agentliyin əlində xüsusi planşet olan əməkdaşları həm avtobus dayanacağını zəbt edən taksi, həm də dayanacaqdan kənar saxlayan avtobus sürücülərini cərimələyirlər. Əvvəllər isə taksilər bu yolda avtobus dayanacağında saxlayırdılar. Nəticədə isə avtobus sürücüləri taksi fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətisliyindən yolun digər hərəkət hissəsində saxlamağa məcbur qalırdılar.  Bir çox hallarda avtobuslar yolun ortasında və ya tunelin giriş-çıxış hissəsində də saxlanılırdı. Nəticədə səhər Bakıxanovdan gələn, axşam isə Dakar dairəsindən əks istiqamətdən gedən avtomobillər hərəkətində çətinliklər yaranırdı. Əksər hallarda avtobuslar üçün Dakar dairəsi keçilməz olurdu. 

Bakı Nəqliyyat Agentliyindən də bildirdilər ki, Rüstəm Rüstəmov küçəsində qanunsuz parklanmaya qarşı mübarizə tədbirlərinə başlanılıb.

Qurumun mətbuat katibi Mais Ağayev Unikal.org-a bildirib ki, məqsəd yolda nəqliyyatın hərəkətində müşahidə edilən xaotik vəziyyətin aradan qaldırılması, ictimai nəqliyyatın səmərəli və təhlükəsiz fəaliyyətini təmin etməkdir. M.Ağayev deyib ki, analoji tədbirlər hərəkətin xaotik olduğu digər ərazilərdə də həyata keçiriləcək. Davamlı olaraq görülən tədbirlər nəticəsində Dakar dairəsindən keçən 30 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalı stabilləşəcək.