22 Aprel 2019
21 Aprel 2019
“BNA-nın hazırladığı tələblərin icrası üçün ciddi işlər görülməlidir” – nəqliyyat eksperti
“BNA-nın hazırladığı tələblərin icrası üçün ciddi işlər görülməlidir” –nəqliyyat eksperti ARAŞDIRMA 15:26 2019-03-12

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 73 saylı qərarı ilə Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərə dair tələblər təsdiqlənib. Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlanan tələblər paytaxtda sərnişin daşıma istiqamətində nələri dəyişəcək?

Nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov Unikal.org-a yeni tələbləri şərh edib. 

Ə.Hüseynov hesab edir ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksilərə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, Nəqliyyat Mübadilə Mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair hazırlanan tələblərin icrası düzgün tətbiq olunarsa, bu sahədə köklü dəyişikliklərin şahidi ola bilərik:

"Sürücülərin peşəkarlığı artar, avtobusların texniki vəziyyəti yaxşılaşar, yol infrastrukturunda aydınlaşmalar olar. Bilirsiz, tələblər artıq Bakıda sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərin fəaliyyətində müəyyən nüanslara aydınlıq gətirmək üçün qəbul olunub. İndiyə qədər bu sahədə müəyyən məsələlər var idi. Sadəcə olaraq, indiki tələblər ümumiləşdirilib və dəqiqləşdirilib. Tələblərdə konret sürücülərə, daşıyıcılara göstərilir ki, qoyulan qaydalara uyğun işləməlisiniz. İndi bu sahədə nəyəsə nail olunacaqmı? məsələsinə artıq gələcək günlərdə şahidi ola biləcəyik. Bu tələblər sadəcə normativ hüquqi aktdır. Bu qanunvericilik aktı da qəbul edildi. Qalıb bu tələbləri icra etmək!”

Nəqliyyat eksperti əlavə edib ki, ilk növbədə əlaqəli qurumlar bu tələblərin icrası ilə əlaqədar ciddi işlərə başlamalıdırlar: “Öncə daşıyıcı (avtobus və taksi) xidməti göstərənlər bu tələblərə ciddi əməl etməli və düzgün həyata keçirməlidirlər. BNA da təklif etdiyi tələblərdə xeyli məsələlər var ki, üzərinə düşən işi ciddi həyata keçirməli, öncə sürücü tələblərini yaxşılaşdırmalıdır. Bu məsələyə dair məlumat bazası hazırlamalıdır. Bununla belə dayanacaqların yerlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bir yerdə dəqiqləşdirməlidir. Bu tələblərin icrasında Dövlət Yol Polisi də yaxından dəstək verməlidir. Misal üçün sürücülərə nəzarət, onların barəsində məlumatı vaxtında BNA-ya və digər aidiyyatı qrumlara ötürülməsi... Görək də necə işləyəcəklər. Yalnız qanunu və yaxud tələbləri düzgün icra etmək lazımdır”.

Ə.Hüseynov bu tələblərin icrasına müəyyən qədər vəsaitin də lazım olduğunu istisna etməyib: “Bunun miqdarını dəqiq deyə bilmərəm. Amma, bu gün Bakıda taksi və avtobus dayanacaqları üçün ərazilər var. Hazırda paytaxtın 60-70-dən çox yerində taksi meydançası var. Bunun sayını artırmaq nədir ki? Məsələn, küçənin bir hissəsinin 20-50 metrliyinə nişan qoyulmaqla bu dayanacaqları tətbiq etmək olar. Bunun tətbiqinə elə böyük vəsait lazım deyil! Amma, bu gün Bakıya yeni avtobusların gətirilmsinə ehtiyac var. Təbii ki, buna görə külli miqdarda vəsait, həmçinin müəyyən yerlərdə Nəqliyyat Mübadilə Mərkəzləri qurmaq lazımdır. Bu da müəyyən qədər vəsait tələb edir. Bir sözlə paytaxtın hazırkı yol infrastrukturu ilə sözügedən tələbləri icra etmək mümkündür”.

Ə.Hüseynov paytaxda bəzi daşıyıcıların  müəyyən məmurlara bağlığından da danışıb: “Bəli, elə avtobus daşıyıcıları var ki, onlar müəyyən məmurlara bağlıdır. Bəzən sözügedən daşıyıcılara qoyulan tələblər bağlı olduqları məmurlara arxayın olduqları üçün tabe olmurlar. Bilirsiniz, bu sahədə qanunvericiliyi düzgün tətbiq etmək lazımdır. Tutaq ki, hansısa məmur qanundan kənar nəyisə himayə edir, kimdəsə qanunsuzluq, cəzasızlıq mühiti yaradırsa, bunlar haqqında ölkə rəhbərliyinə və yaxud yuxarı hakimiyyət orqanlarına məlumat verilməlidir. Hesab edirəm ki, bu cür adamların qarşısı alınmasının hüquqi-mexanizmləri də var”.