22 Aprel 2019
21 Aprel 2019
“Azərbaycanda sosial şəbəkələrin bağlanması doğru addım olmaz” - Sona Əliyeva
“Azərbaycanda sosial şəbəkələrin bağlanması doğru addım olmaz”- Sona Əliyeva MÜSAHİBƏ 11:35 2019-03-18

Ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir. Son aylar baş verənləri isə inqilabi islahatlar kimi də dəyərləndirmək olar.

Unikal.org-a müsahibə verən Milli Məclisin deputatı Sona Əliyeva ilə söhbətə elə bu mövzudan başladıq. 

-Sona xanım, öncə son dövrlər həyata keçirilən islahatlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?

- Aparılan islahatların əhəmiyyəti sosial ədalətin bərpa olunması, əhalinin sosial cəhətdən həssas qruplarının - aztəminatlı ailələrin, əlillərin, təqaüdçülərin, tələbələrin, magistr və doktorantların sosial təminatının yaxşılaşdırılmasıdır. 

- Cənab prezidentin problemli kreditlərin həlli ilə bağlı Fərmanı da vətandaşlar tərəfindən yüksək dəyərləndirilir. Bu barədə nə düşünürsüz?

- Cənab prezidentin sosial cəhətdən həssas qrupların təminatının yaxşılaşdırılması üçün atdığı addımlar əhali tərəfindən çox müsbət qarşılanıb.  Həmçinin, problemli kreditlərin həlli ilə bağlı fərman verməsi də yüksək qiymətləndirilib. Hətta bununla bağlı bizə dəfələrlə minnətdarlıq və təşəkkürlər edilib.  Arzu olunub ki, biz bunu parlamentdə, eləcə də mətbuat vasitəsi ilə səsləndirək. Bu aztəminatlı ailələr üçün böyük bir iqtisadi yükün çiyinlərindən qalxması deməkdir. 

- Seçicilərinizlə görüş zamanı onlar bu fərmanı necə dəyərləndirir? 

-  Ümumiyyətlə, seçicilərimizin də böyük əksəriyyəti aztəminatlı ailələrdən olan qruplardır. Bizə daxil olan müraciətlərin əksəriyyəti də onların müraciətləridir. Normal maaşı, təminatı yaxşı olan ailələr çox az müraciət edir. Bunlar bizim üçün də hər mənada yaxşı haldır. Çünki bizə daxil olan müraciətlərin bir çoxu problemli kreditlər və təqaüdlərin qalxması ilə əlaqədar olur. Bu qərarlar bizə də bir növ dəstək verdi. Çünki bizim həll edə bilmədiyimiz problemlər bir anda həll olundu. 

- Təəssüf ki, müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kanpaniyası  aparır. Müxalifət isə  həyata  keçirilən  islahatları onların təzyiqi ilə olduğunu iddia edir. Bu fikirlərə münasibətiniz necədir…

- Düşünürəm ki, bu müxalifətin növbəti pafoslu çıxışından başqa bir şey deyil.  Kütləyə təsir etmək üçün düşündüyü və atdığı bir addımdır.  Əlbəttə ki, bu belə qiymətləndirilmir. Ona görə ki, müxalifət əhalinin böyük bir qismini təşkil etmir. Onlar çox kiçik bir qrupdurlar. Əlbəttə ki, onların səsləndirdiyi fikirlər, əhalinin, xalqın və ya dövlətin istəyi arzusu deyil. Bunu sağlam olmayan və zəif müxalifətin özünə xalqın içərisində hər hansı bir güc, dəstək axtarması kimi başa düşürəm. 

- Sona xanım, Dövlətin gənclərlə bağlı siyasətini necə dəyərləndirirsiniz?

- Gənclərlə bağlı dövlətin siyasəti Ulu öndər Heydər Əliyevin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən olunub. Ulu öndər çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycanın  gələcəyi gənclərin çiynindədir.  Bu da ulu öndərin qoyduğu mirasdır,  çox uğurla həyata keçirilir. Bildiyiniz kimi, bu yaxınlarda da gənclər siyasəti ilə bağlı qanunda əlavə və dəyişikliklər oldu.  Bu əlavə və dəyişikliklər daha çox qanunverici bazanın təkmilləşdirilməsinə, ümumiyyətlə, gənclərin yolunun açılmasına xidmət edən qanun layihəsidir. Ümumiyyətlə, gənclərin son zamanlar vəzifələrdə irəli çəkilməsi, müəyyən postlara təyin olunması – bunlar hamısı göstərir ki, dövlət ümumiyyətlə, gənclərə və gəncləşməyə  çox böyük diqqət ayırır. Təbii ki, bu parlamentdə də hiss olunur.  Milli Məclisdə gənc deputatlar çoxdur və kifayət qədər uğurlu fəaliyyət göstərirlər. Gənc deputatlar arasında bir çağırış müddəti başa çatmamış yüksək vəzifəyə təyin olunanlar da var. 

-  Cənab Prezident İlham Əliyevin digər sərəncamı ilə tələbələrin təqaüdləri də artırıldı. Tələbələrlə daim ünsiyyətdə olan bir şəxs kimi bu addıma münasibətiniz necədir?

 - Ümumiyyətlə, tələbə təqaüdlərinin artırılması tələbələr və  gənclər üçün bir stimuldur. 2019-2020-ci tədris illərində dövlət sifarişli yerlərin sayı artırıldı. 2020-2022-ci illərdə dövlət sifarişli yerlərin 50 faizə çatdırılması düşünülür. Bu da tələbə təqaüdündən də daha vacibdir. Çünki dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı kifayət qədər çox olacaq.  Bu da aztəminatlı və istedadlı gənclər üçün çox gözəl imkanlardır. 

-  Prezidentin Sumqayıta səfəri zamanı tələbə qızın Unverisitetlərin yataqxanasından tələbələrin istifadə edə bilmədiyini bildirmişdi. Xahiş etmişdi ki, bu problemin həllinə köməklik göstərsin. Prezident bu məsələnin yaxın zamanlarda həll ediləcəyini bildirmişdi. Bu məsələləri necə şərh edərdiniz…

- Ümumiyyətlə, Azərbaycanda tələbə yataqxanaları ilə bağlı problemlər var.Yoxdur desək, yalan olar. Bunun həlli istiqamətində isə bir çox addımlar atılır.  Prezidentin də Sumqayıtdakı tələbə yataqxanaları ilə bağlı verdiyi qərar müsbət addımdır.  Ümumiyyətlə, təhsillə bağlı verilən qərarlar, təhsilin bütün pillələrini, eləcə də Ali təhsil sistemini kompleks şəkildə və hər istiqamətdə əhatə edəcək. 

- Prezidentin son zamanlar əhalinin arasında daha çox olması, regionlara mütəmadi səfərləri baş tutur. Vətəndaşlardan şikayət məktublarını şəxsən qəbul etməsi  və dərhal reaksiya verilməsi də cəmiyyət arasında böyük rəğbətlə qarşılanıb. Bu barədə nə demək istəyərdiniz?

-  Birmənalı şəkildə onu demək istəyirəm ki, Azərbaycan xalqı öz liderini sevir.  Cənab prezidentin görüşlərində də bu çox aydın şəkildə görünür.  Çünki səmimiyyət, ünsiyyət və sevgi elə bir hisslərdir ki, onun təzahürü o saat görünür.  Bu da əlbəttə ki, əhali tərəfindən çox yüksək qiymətləndirilir.  Xalqın öz sevdiyi liderini yanında görməsi, onunla görüşüb səmimi söhbət etməsi  çox müsbət haldır.  Bu da o deməkdir ki, liderimizin qəlbi xalqla döyünür və xalqla birlikdədir. Hətta biz dəfələrlə onun əhalinin yanında olduğunun şahidi olmuşuq. 

-  İlham Əliyevin Ağsuya səfəri zamanı  Həcər Zamanova gözdən əlil nəvəsinin müalicəsi üçün kömək istəmişdi. Prezidentin göstərişi ilə yaşlı qadının nəvəsi müalicə üçün Türkiyənin ən qabaqcıl klinikasına göndərildi. Vətəndaşların sosial problemlərinin həll olunması üçün atılan bu cür zəruri addımları necə dəyərləndirirsiz? 

-  Bunu ancaq müsbət qiymətləndirmək olar. Bu barədə xəbər saytlarında oxudum. Məlumatım var ki, Prezidentin və Heydər Əliyev Fondunun dəstəyi ilə həmin gənc müalicə üçün Türkiyəyə göndərilib. Məhz, bunun özü də əhali arasında çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, cənab Prezident hər bir sahəyə çox diqqətlidir. 

- Sosial şəbəkələrdə bəzi qruplar tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz ifadələr işlədilir, radikal çağırışlar edirlər. Bu da cəmiyyətdə böyük narazılıq doğurur.  Bu cür halların qarşısının alınması üçün qanunvericilik sahəsində hansı addımların atılması planlaşdırılır?

- Bununla bağlı fikirlər müxtəlifdir. Bəzən deyirlər ki, bununla bağlı müəyyən qərarlar qəbul olunarsa, sərtləşərsə, bu qaydalara ziddir. Bəziləri insanın şərəf və ləyaqətinin alçaldılmasını  insan hüquqlarına zidd sayır. Mənim düşüncəmi bilmək istəyirsinizsə, bu mənada qanunvericilikdə müəyyən bir təkmilləşdirmə aparılmalıdır.  Çünki artıq həyat çox dəyişib. Bizim ikinci bir həyatımız var.  Bizim ikinci həyatımız da virtual aləmdədir. O virtual aləmdə də adımız, soyadımız və bəzi məlumatlarımız var.  Oradakı qaydaları da tənzimləmək mütləq lazımdır. Hətta bununla bağlı AŞPA-nın özündə də müxtəlif müzakirələr aparılıb.  Bu baxımdan Azərbaycan da öz modelini tətbiq edərsə,  gələcəkdə bununla bağlı hər hansı qanun layihəsi  qəbul edərsə, mövcud dəyişikliklər edilməsi düşünürəm ki,  bir çox hallarda insanların virtual aləmdə də hüquqlarının qorunmasına xidmət edəcəkdir. 

Düşünürəm ki, buna ehtiyac var. Amma ümumilikdə sosial şəbəkələrin bağlanmasının əlehinəyəm. Bunu qəbul etmirəm. Çünki qəbul olunmuş,  oturuşmuş demokratik dəyərlər var. Azərbaycanda hər hansı sosial şəbəkələrin bağlanması doğru addım olmaz. Sadəcə olaraq, normal həyatda olduğu kimi, virtual həyatın da müvafiq qanunvericiliklə və hüququ baza ilə tənzimlənməsinə ehtiyac görürəm. 

- Komitənin son iclasında autizimli uşaqların da  təhsilə cəlbi ilə bağlı  məsələ qaldırıldı. Bununla bağlı da geniş məlumat verərdiniz.

-  Bu da əslində 2020-2021-ci ilin problemidir. Mən orada səsləndirmişəm ki, 6 mindən çox uşaq təhsildən kənar qalıb. 6 min uşağın müəyyən bir qismi onsuz da məktəbəqədər yaşa çatmayıb, bəziləri isə təhsilə cəlb olunub. Autizim başqa bir yanaşmadır. Nə uşaqların kəmağıllığı deyil, nə də normal sağlam uşaqlar kimi deyil.  Onlara xüsusi yanaşma tələb olunur.   
Bu son dönəmlər dünyada eləcə də Azərbaycanda da sürətlə artmaqdadır. Gələcək 50 ildə hər 10 uşaqdan 3-nün autizim sindromundan əziyyət çəkəcəyi ehtimal olunur. Təsəvvür edin 50 ildən sonra cəmiyyətin 30 faizi  autizim sindromundan əziyyət çəkə bilər.  Bu da çox qorxulu bir statistikadır.  Bu, tək Azərbaycanın problemi deyil. Dünya da bununla mübarizə metodlarını seçmək üzərində düşünür.  Bu nadir xəstəliklərdən biridir ki, müalicəyə tabe olmur. 
Bunun ən gözəl yolu erkən təhşis və onların müvafiq təhsil və təlim  yolu ilə cəmiyyətə inteqrasiyasıdır.  Bunlar da kifayət qədər bahalıdır.  Mənim də demək istədiyim bu uşaqlara xüsusi bir yanaşma tətbiq olunmağıdır.  Dövlət tərəfindən reabilitasiya mərkəzləri yaradılsın və ora cəlb olunsunlar.  Gələcəkdə bununla bağlı böyük problemlərlə qarşılaşmamaq üçün müəyyən addımlar atılmalıdır. Təəssüf edirəm ki, Azərbaycanda hər hansı bir dövlət qurumu bunun dəqiq statistikasını aparmır. Autizimli uşaqların ailələrinin də istəyi odur ki, hər hansı formada dövlət dəstəyi olsun.

Söhbətləşdi: Hüseyn İsgəndərov