Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Unikal.org-a müsahibə verib.

Millət vəkili ilə söhbətə ölkə başçısının həyata keçiridiyi sosial-iqtisadi islahatlarla başladıq.

- Nəsib müəllim, Prezident İlham Əliyevin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirdiyi siyasət, atdığı addımları, verdiyi qərarları necə dəyərləndirirsiniz?

-Əlbəttə ki, çox müsbət. Seçicilərlə görüşlərim zamanı sadə insanların cənab Prezidentin vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş bu addımlarını çox yüksək qiymətləndirdiklərinin şahidi oluram.  Ölkəmizdə bütün sahələr üzrə davamlı olaraq islahatlar aparılır. Ötən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə keçirdiyi Nazirlər Kabinetinin geniş iclaslarında sistemli şəkildə bəyan edir və onların icrasına nail olur. Özünün də dəfələrlə qeyd etdiyi kimi “islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir”. Buna görə də Prezidentin apardığı sosial siyasətin kökündə həmişə insan amili durur.

Qeyd etmək istərdim ki, SSRİ dağıldıqdan sonra Azərbaycan bir çox çətinliklərlə üzləşdi. Ərazilərimizin itirilməsi, 8 milyon əhalinin 1 milyonunun qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, müharibə, çoxlu şəhid ailələrinin, əlillərin mövcudluğu, daxili hərc-mərclik, pensiyaların, təqaüdlərin verilməməsi, bütün bunlar AXC-Müsavat cütlüyündən qalmış xoşagəlməz miras idi.

Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə bir çox sosial layihələr icra olundu. İlham Əliyev 2003-cü ildə prezident seçiləndə ilk növbədə sosial siyasət proqramını elan etdi. O zamanlar mövcud olmuş çadır düşərgələrinin ləğvi, qaçqınların və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsi və yaxud əsaslı təmir olunması, enerji, qaz, içməli və texniki su təminatı, əmək haqlarının, pensiya və təqaüdlərin artırılması, əlillərin müalicəsinin həm ölkə xaricində və daxilində təşkil olunması, dövlət başçısının apardığı sosial siyasətin nəticəsidir.

Burada xüsusi olaraq I Vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Artıq iki ildir ki, birinci xanım ölkədə aparılan sosial siyasətdə çox böyük uğurlar əldə etmişdir. Təkcə keçən il 5800 məcburi köçkün, 600-ə yaxın Qarabağ əlili, şəhid ailəsi yeni mənzillərlə təmin olunmuşlar. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan işlər son vaxtlar pensiyaların, təqaüdlərin artması ilə bağlı verilən qərarlar dövlətin sosial siyasətə verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu göstərir və bu da əhali tərəfindən çox yüksək qiymətləndirilir. Tam səmimi demək istəyirəm ki, cənab prezidentin Mehriban xanımla birlikdə şəhid ailələri ilə, regionlarda əhali ilə görüşləri xalq tərəfindən necə də böyük sevinclə qarşılanır və bunu xalqa xidmətin ən böyük nümunəsi kimi qiymətləndirir. Əhəmiyyəti isə ondan ibarətdir ki, cəmiyyətdə sosial gərginlik yaranmır, xalq Prezidentin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə ümidlə baxır.

-Bu il sosial siyasətin icrasında inqilabi dəyişikliklər oldu. Pensiya, xüsusən də müavinətlərin yüksək əmsalla artırılması barədə sərəncamlar imzalandı. Sizcə, bu artımlar aztəminalı ailələrin gündəlik həyatında hansı dəyişikliyə səbəb olacaq?

-Həqiqətən bu il cənab Prezident tərəfindən davamlı olaraq həyata keçirilən sosial siyasət çox ciddi və əhəmiyyətli  dəyişikliklərlə başladı. Pensiya, müavinətlər yüksək əmsalla artırıldı, şəhid ailələrinə pul kompensasiyasının verilməsinə start verildi, onlara ödənilən birdəfəlik yardımın məbləği əhəmiyyətli dərəcədə artırıldı və sair. Heç şübhəsiz bu əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin və mövcud reallıqlardan irəli gələn təlabatlarının nəzərə alınmasının nəticəsi idi. Təbii ki, dövlət tərəfindən  təmin edilən sosial ödənişlər artan təlabata adekvat olmalıdır. Cəmiyyətdən gələn bu sosial çağrışları cənab Prezident vaxtında və düzgün dəyərləndirməklə vaxtaşırı bu addımları atır. Bu tədbirlər qeyd etdiyiniz aztəminatlı ailələrin güzaranının yaxşılaşmasına çox müsbət təsir göstərəcəkdir

-Prezident İlham Əliyev şəhid ailələri, gənclər, mədəniyyət nümayəndələri, eləcə də vətəndaşlarla görüşdü. Bu görüşlər zamanı bütün təbəqələrin nümayəndələri birbaşa ölkə başçısına real vəziyyəti çatdıra bildilər. Bu təmaslar və görüşdən sonra Prezident tərəfindən verilən qərarları necə qiymətləndirirsiniz?

-Cənab Prezident əvvəllər də həm  Bakı şəhərində , həm də Respublikamızın  müxtəlif bölgələrinə səfərləri zamanı əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirirdi və biz bunun şahidi olurduq. Son görüşlər isə daha intensiv, əhalinin müxtəlif təbəqələri ilə birbaşa ünsiyyət, bəzən isə protokol qaydalarından yan  keçməklə müşayiət olunur. Biz bunu Cənab Prezidentin Ağsuya səfəri zamanı vətəndaşlarla vasitəsiz, birbaşa təması zamanı izlədik. Hesab edirəm ki, Cənab Prezidentin birbaşa, hər hansı bir məhdudiyyət qoyulmasına imkan vermədən əhalinin bütün təbəqələri ilə görüşməsi bilavasitə sosial yöndə atacağı gələcək addımlarının nədən ibarət olmasını müəyyənləşdirməyə hesablanmışdır. Bu görüşlərdə cənab Prezident qaldırılan istər şəxsi, istərsə də ümumi məsələlərin həlli ilə bağlı yerində, dərhal göstərişlər  verməsini görüş iştirakçıları, digər vətəndaşlarımız kimi mən də çox yüksək qiymətləndirirəm.

-Son bir neçə ildə insanları narahat edən məsələlərdən biri də problemli kreditlər idi. Artıq bu problemin həlli ilə bağlı fərman imzalandı və 900 minə yaxın vətəndaşın üzərində olan yük dövlət hesabına ödəniləcək. Bu qərar barədə fikirlərinizi bölüşərdiniz…

-Bilirsiniz bank vətəndaş münasibətlərində yaranmış və həlli getdicə müşkülə çevrilən bu problem, həm əhalinin müxtəlif təbəqələri tərəfindən, həm iqtisadçı ekspertlər tərəfindən, həm də parlamentdə qaldırılırdı. Heç şübhəsiz ki, cənab Prezident bu problemə çevrilmiş məsələ barədə kifayət qədər məlumatlı idi və təbii olaraq inqlabi sayıla biləcək addım ataraq kreditlərin dövlət hesabına ödənilməsi barədə tapşırıqlar verdi.

-Nəsib müəllim, son günlər ölkə başçısının həyata keçirdiyi islahatlara kölgə salmaq cəhdləri də var. Belə ki, bəzi müxalifət nümayəndələri atılan mütərəqqi addımları mitinq və digər tədbirlərlə əlaqələndirirlər. Bu barədə Sizin mövqeyiniz necədir?

-Çox pis. Mən bunu qətiyyətlə pisləyirəm və  hesab edirəm ki, bu barmaqla sayılacaq qədər bir neçə adamın apardığı çirkin kampaniya heç bir məntiqə, sağlam düşüncəyə sığmır və hansısa Azərbaycanın bu günkü inkişafını gözü götürməyən, sabitliyi pozmaq istəyən şər qüvvələr tərəfindən idarə olunur. Heç kimə sirr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin ələ keçirilməsi, sivilizasiyalar arası artıq gizlədilməyən müharibə və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqdə, Tunis, Liviya, İraq, Suriya, Yəmən, Misir, Fələstin eyni zamanda bizə çox yaxın olan Ukraynada, Latın Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir.Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərdə 3-cü bir qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd- yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır, hətta parçalanmasa belə onların bərpasına yüzillər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur. Bax budur reallıq. Azərbaycanın sərvətlərində maraqları olan ayrı –ayrı siyasi qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər böhtan maşınını işə salır, xalqı aldatmağa çalışırlar. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının mənafeyinə uyğun olmayan hər hansı bir layihəyə razılıq verməyəcəkdir. Məsələnin kökündə bu dayanır. Ancaq xalqımız müdrik xalqdır. 90-cı illərin əvvəllərində bu hərc-mərcliyi, xaotik prosesləri yaşamışdır. Artıq güclü lider ətrafında sıx birləşmiş güclü dövlət, güclü xalq vardır. Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir- birini qəbul etməyən dırnaqarası liderlərin sözlərinə inanmır, onları dəstəkləmir.Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf  etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünən və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemli şəkildə zaman-zaman öz həllini tapır.

Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-prezident vəhdətini yaranmış sabitliyi qorusun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhvəsini versin.

-O da məlumdur ki, son illər sosial şəbəkə istifadəçilərinin sayı artıb. Burada müsbət məqamlarla yanaşı, mənfi tendensiyalar da var. Sizin sosial şəbəkədən istifadə və oradakı təbliğat üsulları barədə təklifləriniz varmı?

-Sosial şəbəkələr bu günümüzün reallığıdır. Sürətlə qloballaşan dünyada sosial şəbəkələr insan həyatının bir hissəsinə çevrilmişdir. Hər sahədə olduğu kimi, sosial şəbəkələrin də müsbət və mənfi tərəfləri mövcuddur. Əhali arasında, ələlxüsus gənc nəsil və yeniyetmələr arasında çox ciddi maarifləndirmə və təbliğat işləri aparılmalıdır ki, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə olunsun.

Təhsil almaq, müasir innovativ biliklərə yiyələnmək, müxtəlif mövzularla bağlı informasiya mübadiləsi aparmaq təbii olaraq insanlara xeyir gətirər. Ancaq ayrı-ayrı populist, dırnaqarası siyasətçilərin təsiri altına düşərək dağıdıcı, stabilliyə xələl gətirən, milli-mənəvi dəyərlərə zidd fikirlərlə məşğul olmaq, yüngül, əxlaqdan kənar verilişlərə baxaraq vaxt keçirmək təbii ki, hər kəs üçün ziyanlıdır. Belə neqativ mənbələrin kütləvi xarakter almaması üçün cəmiyyətin ziyalı təbəqəsi, ictimai-siyasi fəallar, vətəndaş cəmiyyəti institutları çox aktiv şəkildə təbliğat aparmalıdır.  

-Nəsib müəllim, cənab Prezidentin son əfv fərmanını necə dəyərləndirirsiniz?

-Barəsində əfv fərmanı imzalanmış şəxslər, onların ailələri, eləcə də digər vətəndaşlarımız kimi mən də çox müsbət dəyərləndirirəm. Cənab Prezident xalqımızın ən əziz bayramı olan “Novruz bayramı” ərəfəsində çox yüksək humanizm prinsiplərindən çıxış edib, belə bir addımı ataraq məhkum ailələrinə sevinc bəxş etdi. Bununla da milli dəyərlərimizə, adət-ənənələrimizə bağlılığın, mərhəmətin ən bariz nümunəsini bir daha göstərmiş oldu. Cənab Prezident hər hansı bir kənar təsirlə deyil, müstəqil siyasi iradə nümayiş etdirərək həmişə belə humanizm prinsiplərinə söykənən fərmanlar, o cümlədən əfv fərmanları imzalayıb, bu fərman da növbəti fərmanlarından biri idi.

Söhbətləşdi: Hüseyn İsgəndərov