Xəbər veridiyimiz kimi, prezident İlham Əliyev 4 rayonun icra başçılarının yerini dəyişib. Belə ki, prezident İlham Əliyev Siyəzənin icra başçısısı Asif Həbib oğlu Hüseynovu vəzifəsindən azad edərək, onu Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək,  Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək, onu Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Unikal.org yerləri dəyişən icra başçıların tərcümeyi-halını araşdırıb və  bunu oxuculara təqdim edir.

Şabranın yeni icra başçısı - Asif Həbib oğlu Hüseynov

Asif Həbib oğlu Hüseynov 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 

Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.

Siyəzənin yeni icra başçısı - Novruz Nəcəf oğlu Novruzov

Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974-1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur.

1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir.

1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Goranboyun yeni icra başçısı - Məhərrəm Böyükağa oğlu Quliyev

Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur. 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-cı il tarixli Sərəncamı ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı  təyin edilmişdir. 

Ailəlidir. 2 övladı var.

Ağstafanın yeni icra başçısı - Nizaməddin Məhəmməd oğlu Quliyev  

Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlamışdır. İqtisad elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.