21 Sentyabr 2019
20 Sentyabr 2019
“Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir” - Fazil Mustafa (MÜSAHİBƏ)
“Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir” -Fazil Mustafa (MÜSAHİBƏ) MÜSAHİBƏ 12:05 2019-04-20

Uzun müddətdir ölkədə mövcud olan durğunluq sanki müəyyən dəyişiklik dönəmi ilə əvəzlənir. Xüsusən də bu ilin ötən dövründə baş verən dəyişikliklər xüsusi qeyd oluna bilər. Sosial-iqtisadi sahədəki yeniliklər, müəyyən kadr dəyişiklikləri, məhkəmə-hüquq sistemində islahatların aparılmasına start verilməsi ölkədə yeni bir dönəmə qədəm qoyulduğunu düşünməyə əsas verir.

“Unikal” qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa ilə də söhbətimiz bu mövzuda baş tutdu.  

-Fazil bəy, öncə son dövrlər həyata keçirilən islahatlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Baş verən dəyişiklikləri necə dəyərləndirirsiz?

-Ölkədə baş verən dəyişikliklər əslində odur ki, Prezident tərəfindən gerçək bir islahat aparmaq niyyəti ortaya qoyulub. Yanvar ayından etibarən bu islahat niyyəti tam bariz şəkildə özünü göstərir. Amma gəlin görək, bu niyyət hamı tərəfindən anlaşılıbmı? Bunu söyləmək çətindir. Xüsusilə hakimiyyət komandasında xeyli qüvvələr var ki, bu islahatların həyata keçirilməsinə maneçilik törədir. Bunlar maraqlı deyillər və maraqlı tərəfi odur ki, prezident Novruz Bayramı ilə bağlı çıxışında xüsusi vurğuladı ki, əsas diqqət məhkəmə hüquq islahatlarına yönəldilir. Amma məhkəmə hüquq islahatlarını həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salan qüvvələrdir. Ona görə də bunun necə həyata keçiriləcəyi açığı sual altındadır. 
-Bəs təklifiniz nədir? Sizcə, bu sahədə islahat prosesinə kimlər cəlb olunmalıdır?
-Bura daha çox parlamentin potensialını cəlb etmək lazım idi. Parlament üzvlərinin, xüsusilə müstəqil hüquqşunasların münasibəti lazım idi. Onu da qeyd etməliyəm ki, həmin qüvvələr vəkillər sistemini də alt-üst etdilər. Nümayəndəlik institutunu ləğv elədilər. Bu gün vətəndaşın normal müdafiə imkanları sıfıra enib. Çox ciddi problemlər var. Ona görə də islahat niyyəti hələ ki prezidentdən aşağı səviyyələrdə əngəllə qarşılanır. Digər sahələrdə də elədir. Məsələn, iş adamları və sahibkarların yoxlanmasının qadağan olunması ilə bağlı müəyyən təkliflər var idi. Bu barədə prezident tərəfindən sərəncam da verildi ki, sahibkarları yoxlamaq olmaz. Onlara imkan yaratmaq lazımdır ki, daha da inkişaf etsinlər, böyüsünlər. Amma bu gün sahibkarlardan soruşsan, yenə də həmin manelər qalır.Yaxud tikinti və başqa sektorlarda fəaliyyət sərbəstliyi veriləcəkdi ki, bu sahədə də nəzərdə tutlanlar baş vermədi. Heç kəs öz sahəsində müstəqil fəaliyyət göstərmək imkanına malik deyil. Müstəqil təşəbbüs imkanı boğulur. Ona görə də islahatlar kompleks, real məzmun daşımalıdır. Ölkə prezidentinin də istədiyi odur. Amma aşağılarda buna manelər çox olduğuna görə də islahatın nəticələrini hələ ki görmək olmur.

-Amma islahatların dərinləşməsi qaçılmazdır. O zaman aşağıların buna maneə törətməsinin qarşısını necə almaq olar?
-Birinci növbədə islahatın öz kadrlarını tapmaq lazımdır. Bu da olduqca önəmli məsələdir. İkinci növbədə, ümumiyyətlə, hakimiyyət eşalonunda olan insanlar müəyyən dərəcədə öz imtiyazlarından imtina etməyi göz önünə almalıdırlar. Çünki imtiyazdan imtina etmədən islahat aparmaq olmaz. Aşağı səviyyədə problemlərin çoxu inhisarçılıqla, korrupsiya ilə bağlıdır. Bunlara qarşı müəyyən cəbhə açmaq üçün mütləq yuxarı eşalondakılar bundan imtina etməli, bu imtiyazlardan uzaqlaşmalıdırlar. Uzaqlaşmadıqda islahatın həyata keçirilməsi  düzgün deyil.

-Fazil bəy, bir məqam müşahidə olunur ki, hansısa iri ranqlı məmur işdən çıxarılanda aşağılarda ona yaxın olan çoxlu kadrları zərərsizləşdirilir. Sanki məmurlar özlərinə zəncir yaradır, özləri yuxarıda otururlar, aşağılarda da öz adamları olur. Bəlkə elə problemin kökündə bu amil dayanır?

-Məsələ təkcə onunla bağlı deyil. Azərbaycanın çoğrafi şərtləri və geosiyasi vəziyyəti elədir ki, hər an təhlükə yaşayan bir ölkədir, Şimaldan, cənubdan problemlər yaşayır. Daxildə o islahatları həyata keçirmək üçün beynəlxalq faktorları nəzərə almaq lazımdır. Amma birinci növbədə cəmiyyətdə siyasi azadlıqdan öncə iqtisadi azadlığın yolları düşünülməlidir. Çünki iqtisadi rifahı normal olmayan cəmiyyətdə siyasi azadlıqlar ölkədə müəyyən dərəcədə təlatümlər yarada bilər. Ona görə birinci növbədə Azərbaycan hakimiyyəti ildırımla məşğul olmamalıdır, ildırım ötürənlə məşğul olmalıdır. İldırım onsuz da təbiət hadisəsidir, hər zaman olacaq. İldırım ötürən isə iş adamıdır, sahibkardır. Bunları dövlət dəstəkləməlidir. Yoxsula pul verməklə məsələ çözülmür. Yoxsula pul verərsən, onu xərcləyər, bir aya bitər. Amma sahibkara pul verdikdə, sahibkara imkan yaratdıqda sahibkar iş yeri açacaq, qalıcı olaraq həmin o yoxsula iş verəcək, onu yoxsulluqdan çıxaracaq. Deməli, ildırım əvəzinə, ildırım ötürənə dəstək vermək lazımdır. Çünki ildırım yerə düşəndə ən az ildırım ötürənə görə cəmiyyəti zədələmir, insanı sıradan çıxarmır. 

-Belə bir məqamda cəmiyyət, eləcə də müxalifət nə etməlidir?

-Belə bir məqamda cəmiyyətin də üzərinə yük düşür. Bu istiqamətdə cəmiyyət olaraq, eləcə də bütün müxalifət partiyaları prezidentə dəstək verməlidir ki, islahatı dərinləşdirsin, ona mane olan qüvvələrə bəhanə yaranmasın ki, müəyyən dərəcədə bu məhdudlaşdırılsın. Bu baxımdan, mən hesab edirəm ki, ölkədə birinci iqtisadi azadlıqlar genişlənməlidir. Ardınca isə tədricən siyasi azadlıqlara keçib daha intensiv addımlar atılmalıdır.

-Son zamanlar görürük ki, hansısa hadisə olanda aidiyyatı məmurlar buna müdaxilə edə bilmir. Adekvat reaksiya olmur. Sonda prezident məsələyə müdaxilə edir, problemin həlli istiqamətində tədbirlər görür. Bu, nəyin nəticəsidir?

-Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn deyək ki, "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil. Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə siğorta sistemi çöküb.  Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.Ya zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb.Təhsil müəssisələrində olan müəyyən problemlərin prezidentin öz üzərinə götürməsinə gərək yoxdur. Bunlar məktəb çərçivəsində həll olunmalı məsələdir. Məktəblərdə funksiyaların doğru yerinə yetirilməsinə ehtiyac var. Prezident deyir ki, sahibkarı yoxlamaq olmaz, amma sahibkarları qeyri-rəsmi yoxlayırlar, onlardan pul tuturlar. Müxtəlif vasitələrlə onun vəsaitini mənimsəyirlər, onlara təzyiq edirlər. Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar onlara müraciət etmir. Bilir ki, onun əleyhinə qərarlar çıxarılacaq. Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub. Biz ona görə elə etməliyik ki, sistem işləsin. Prezident bütün xırda məsələlərə görə müdaxilə eləməsin. Ölkədə ən birinci məhkəmə islahatından başlamaq lazımdır. Əgər məhkəmələrdə qərarlar hüquqa uyğun çıxarılmırsa, iş adamının, vətəndaşın hüququnu qoruya bilmirsə, hakim korrupsiya ilə qərar çıxarırsa, onda ədalətə güvənmək olmaz. Ona görə bu sahədə ciddi işlər görülməlidir. Ondan sonra bu kimi məsələlərə müdaxiləyə ehtiyac qalmayacaq.

-Fazil bəy, hər bir ölkənin inkişafı üçün siyasi institutların, siyasi proseslərin önəmi böyükdür. Bu prizmadan yanaşsaq, hazırda siyasi baxımdan hansı islahatları aparmaq olar?

-Hazırda ölkədə bütövlükdə siyasi islahatların əsas problemlərindən biri partiya demokratiyasının ölümcül vəziyyətdə olmasıdır. Partiya demokratiyası artıq işləmir. Artıq növbəti seçkilərə proporsional seçki sistemi ilə bağlı müddəalar əlavə etməliyik ki, partiya təmsilçiliyi önə çəkilsin. Bu olmadığına görə də həm parlamentdə elitarlığı tətbiq etmək mümkün deyil, həm də lazımi kadrların dövlət tərəfində iştirak etməsi çətin olur. Ona görə bütün gücü partiya demokratiyasının gücləndirilməsinə sərf etmək lazımdır. Çünki kütlə demokratiyasının inkişafı heç də o demək deyil ki, layiqli insanlar gələcəkdə müəyyən mövqe başına gələcəkdir. Çünki mojaritar dairədə bir ziyalı ilə biznesmen müqayisə olunsa, o pullu adam öz pulu ilə vətəndaşı ələ alacaq. Yenə o ziyalı seçilməyəcək. Bu seçimin partiyalar vasitəsi ilə edilməsi layiqli adamların seçilməsinə imkan yaradacaq. Ona görə siyasi islahatlar birinci növbədə partiyaların güclənməsindən başlanmalıdır. Yeni Azərbaycan Partiyası belə partiya modeli ilə fəaliyyət göstərməyə meyilli deyil. Bu partiya da dövlət qurumu kimi fəaliyyət göstərir. Biz onu da partiya modelinə qaytarmalıyıq ki, hakim partiya kimi öz funksiyasını yerinə yetirsin. Müxalifət partiyaları da bununla öz işlərini faydalı istiqamətdə yerinə yetirə bilər.

Zaur Əhməd