Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki sosial mənzillər kirayə verilir.

Unikal.org-un araşdırmasına görə, son bir ayda Bakıda kirayədə yaşayan, ümumiyyətlə yaşayış yeri olmayan ailələrə verilməzi nəzərdə tutulan “sosial evlər” bir sıra elan saytlarında kirayə verilməsi üçün yerləşdirilib.

Vətəndaşlardan biri Yasamal rayonu, ASAN Xidmətin arxasında, MİDA da (Sosial Evlər) yeni tikili 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m olan 3 otaqlı əla təmirli mənzili kirayəyə verir. Bildirir ki, aldığı evdə heç vaxt yaşayış olmayıb. Son kirayə qiyməti isə 400 AZN-dir. Mənzillərin kirayə verilməsi sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkədə Elyar İsmayılov adlı şəxs "sosial evlərin" kirayə verilməsinə belə reaksiya verib: “Kirayədən qurtulmaq üçün 2 ildir ki, Mənzil İnşaatı Dövlət Agentliyində qeydiyyatdan keçmişik, amma hər dəfə ya sistemin çökməsinə, ya da saxtakarlıqlara görə mənzil seçimindən məhrum oluruq. Kimlərsə də hansısa yollarla güzəştli mənzilə sahib olub, onu kirayəyə verir.

Mənzilə ehtiyacı olanlarsa mənzil seçə bilmir. Ümid edirəm MİDA bu məsələyə açıqlama verər. O mənzillər kirayəyə verilmək, satılmaq üçün deyil, mənzilə ehtiyacı olanlar üçündür”.

Qeyd edək ki, prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nı təsdiqləyib. İmzalanmış Fərmanın məqsədi yaşayış yeri olmayan, ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin etməkdir.