Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır. Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Ölkədəki ictimai-siyasi vəziyyət, görülən işlər və onun nəticələri ilə bağlı "Unikal" qəzetinə müsahibə verən millət vəkili Cavid Osmanovla da söhbətə elə bu mövzudan başladıq.

-Cavid müəllim, YAP-dan belə məlumat verildi ki, partiyanın qərargahında nazirlərin jurnalistlərlə birbaşa təması olacaq, suallar cavablandırılacaq. Bu layihəni necə qiymətləndirirsiniz?

-Bildiyiniz kimi, əvvəllər belə bir ənənə var idi. YAP-ın Mərkəzi Aparatının Qərargahında mərkəzi icra orqanlarının rəhbərləri , nazirlər, komitə sədrləri vətəndaşları və jurnalistləri maraqlandıran sualları cavablandırırdılar. Yaxud il ərzində görülmüş işlər barədə insalara məlumatlar verirdilər. Bu günlərdə YAP-da belə bir qərar qəbul olundu ki, bu ənənə yenidən bərpa olunsun. Mərkəzi icra hakimiyyəti orqanlarının rəbərləri jurnalistləri və vətəndaşları  maraqlandıran sualları cavablandırsınlar. Bununla da cənab prezidentimizin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatları, görülən işləri cəmiyyətə daha rahat çatdırsınlar. Təbii ki, bu yaxşı bir ənənədir. Çox yaxşı oldu ki, bu ənənə davam etdiriləcək. Çünki bəzi məsələlər var ki, onların sadə vətəndaşlara çatdırılması çox çətin olur. Görülən işlər, imzalanan sərəncam və fərmanlar insanlara daha düzgün formada çatdırılmalıdır. Bununla da vətəndaşlarımız bütün qərarlar və görülən işlər barədə daha dolğun məlumat əldə edə biləcəklər.

-Amma müxalif yönümlü şəxslər deyir ki, bu mətbuat konfranslara iqtidaryönümlü jurnalistlər buraxılacaq və yenə də analoji təbliğat aparılacaq.Bu fikirlərə münasibətiniz necədir?

-Hakim partiya 1993-cü ildən etibarən bütün seçkilərdə qalib gəlir. Hakimiyyətdə təmsil olunanlar da bu partiyanın üzvləridir. Təbii ki, orada hakimiyyətin apardığı islahatlardan, gördüyü işlərdən danışılacaq. Müxalif qüvvələrin bu tip sərsəm bəyanatları onların daxilində növbəti qorxunu işə salır ki, görülən işlərdən insanlar daha  çox məlumatlanacaq. Hər bir atılan addımın nəticələri var. Biz görürük ki, əmək haqqları, pensiyalar artıb, yeni yollar çəkilir, inzibati binalar tikilir. Bütün bunlara radikal müxalifət müxtəlif bəhanələr gətirirlər. Təəssüf ki, müxalifət hakimiyyəti şərləmək, böhtan atmaq yolunu tutub. Ona görə də biz təbliğatımızı aparmalıyıq. Görülən işlərin insanlara çatdırılmasında elə bir qəbahət yoxdur.  Təbii ki, orada jurnalistlər də iştirak edəcəklər.  Onlar cəmiyyəti maraqlandıran sualları rəsmi şəxslərə ünvanlamaq iqtidarında olacaqlar. Müxalifət burada nəsə mənfi bir şey tapmadığı üçün şərləmə maşınını işə salır.

-Bəzən bu tip tədbirlərə cəmiyyəti narahat edən məsələlərlə bağlı sual verən jurnalistlər buraxılmır, yaxud da rəsmi görüşlərdə neqativlərlə bağlı sual verilmir. Bax, məsələ budur. Sizcə, həmin şəxslərin belə düşünməsinə səbəb bu, ola bilərmi?

-Bilirsiz ki, Azərbaycan tam demokratik ölkədir. Ölkəmiz demokratiya istiqamətində çox ciddi addımlar atır. Azərbaycan apardığı islahatlarla dünyaya nümunə olacaq ölkədir. 2019-cu ilin hesabatında Azərbaycan islahatçı ölkə kimi tanınır. Azərbaycan həmin siyahıda birinci yerdədir. Mən bunu öna görə deyirəm ki, demokratik cəmiyyətdə istənilən mətbuat nümayəndəsi istədiyi sualları kiməsə ünvanlaya bilir. Ölkəmizdə yüzlərlə KİV və çoxlu televiziyalarımız var. Onları bir yerə yığıb, bütün sualları vermək qeyri-mümkündür. Jurnalistika Azərbaycanda açıqdır, şəffafdır. Onlar cəmiyyəti maraqlandıran sualları müvafiq qurumların saytlarında da onlara ünvanlaya bilərlər. İstənilən nazirlikdə və komitədə rəsmi saytlar var. Jurnalistlər həmin konfransda verə bilmədiyi sualları həmin qurumların elektron ünvanlarına istiqamətləndirə bilər. Mən hesab edirəm ki, müxalifət düşərgəsi yaxşı işə də şər tərəfdən baxır. Azərbaycanda istənilən jurnalist istənilən insana müraciət etmək iqtidarındadır. Mən özüm gördüyüm bu dediyimdən ibarətdir. Siz özünüz də istənilən zaman mənə müraciət edib sual ünvanlaya bilirsiz. Elə deyilmi?

-Bəli.

- Özü də istədiyiniz sualı verirsiniz, mən də cavablandırıram. Yəni, hakimiyyət nümayəndəsi, yaxud hakim partiyanın təmsilçisinə istənilən sualı vermək və cavab almaq olur. Ona görə də bu fikirlərin hamısı növbəti bir təxribatdır.

-Cavid müəllim, jurnalistlərlə yanaşı, bəzi deputat həmkarlarınız da nazirlərin onlara cavab vermədiyindən və sorğulara laqeydliyindən gileylənir. Məsələyə bu kontekstdən yanaşsaq, nə deyə bilərsiz?

-Əgər konkret söhbət məndən gedirsə, seçicilərimlə bağlı mərkəzi icra orqanlarına ünvanladığım müraciətlərim cavabsız qalmayıb. Ona görə bu fikirləri kim söyləyibsə, o sualları da ona ünvanlasanız, daha məqsədəuyğun olar. Mən başqasının yerinə heç nə deyə bilmərəm. 2016-cı ildən bu vaxta qədər mənim praktikamda belə bir şey olmayıb.

-Ola bilərmi ki, siz hakim partiyanı təmsil etdiyiniz üçün Sizin sorğular cavabsız qalmayıb? Yəni, deputatlar arasında ayrı- seçkilik edilə bilərmi?

-Tamamilə bunu təkzib edirəm. Elə bir şey ola bilməz. Həm YAP-dan olan, həm bitərəf olan, həm də müxalifətdən olan deputatları seçən Azərbaycan respublikasının vətəndaşlarıdır. Ona görə də siyasi baxışına görə ayrı- seçkiliyin olduğuna inanmıram.

-Müxalifət düşərgəsindəki son durumla bağlı da fikirlərnizi öyrənmək istərdik. Diqqət edirsinizsə, müxalifət qüvvələri arasında ciddi qarşıdurma yaşanır. Hətta mühacirətdə olanlar da bir-birini söyür, təhqir edir. Sizcə, bu, nəyin nəticəsidir?

-Mənim gözümdə bunların hər bir addımı gülməlidir. Bunlar bu gün dostlaşırlar sabah nəyisə bölə bilmirlər. Mühacirətə gedən insanlar pul alıb, onu bölməyi bacarmırlar. Bunlar hakimiyyət xülyası ilə yaşayırlar. Amma bunlar nəyisə bölə bilmirlər, bunların fikirləri üst-üstə düşmür. Avropada və xaricdə yaşayan üzdəniraq "azərbaycanlılar", burada olan müxalifət özlərini tapa bilməyiblər. Çünki bunların aldıqları nəfəs belə yalandır. Buna görə onlar son zamanlar bir-birini qırmaqla məşğuldurlar. Avqust ayının 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan sərsəm bir bəyanat verdi. Bu hansısa ölkənin Baş nazirinin sözü ola bilməz. Bu küçə bəyanatı idi. O bəyanatında dedi ki, Qarabağ Ermənistanındır. Burada yaşayan müxalifət nümayəndələri və Avropada olan mühacirlər eyni vaxtda fəallaşmağa başladılar. Orduxan kimilərə, Sevinc kimi satqınlara eyni zamanda, sifarişlər gəlir. Paşinyan orada ağzına gələni danışır, Əli Kərimli, Orduxan, Sevinc Osmanqızı da burada sərsəm iddialar irəli sürməyə başlayırlar. Bütün bunlar onu göstərir ki, bunlar eyni nöqtədən idarə olunurlar. Təbii ki, hamı bilir ki, bu eyni nöqtə erməni lobbisidir. Bunlar da Azərbaycanı sevməyən qüvvələrdir.

-Yaxşı belə bir həssas məqamda Azərbaycan hansı mövqedə durmalıdır?

-Biz bilirik ki, Azərbaycanın qüdrətli ordusu var. Azərbaycan orudusu Ermənistan ordusundan qat-qat qüdrətlidir. Bu, heç kimə sirr deyil.  Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının araşdırmaları da göstərir ki, iki ölkə arasında fərq var. Bu onu deməyə əsas verir ki, Azərbaycanın işğal altında olan torpaqlarını istənilən vaxt azad etməyə qadir ordusu var. Bütün beynəlxalq hüquq və konvensiyalara uyğun olaraq, Azərbaycanın sülhsevər xalq olduğunu nəzərə alaraq, istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Amma onu da vurğulamalıyam ki, BMT kimi nüfuzlu təşkilatlar Paşinyanın sərsəm açıqlamalarına adekvat cavab verməlidirlər. Bunlar guya dünyada sülhün bərqərar olunmasına xidmət edən qurumlardır. Danışıqlar prosesini aparan ATƏT-in Minsk Qrupunun həmsədrləri  olan ölkələr buna ciddi reaksiyalar verməlidirlər. Yəni, dünyanın böyük dövlətləri Nikol Paşinyanı başa salmalıdırlar ki, o küçədə olan tüfeyli deyil, bir ölkənin baş naziridir. Biz gözləyirik ki, beynəlxalq ictimaiyyət və beynəlxalq qurumlar, böyük dövlətlər buna ciddi reaksiya verməlidirlər. Təbii ki, o bu bəyanatları ilə Azərbaycanı müharibə etməyə sövq edir. O bununla erməni ictimaiyyətinin diqqətini daxildən, Qarabağ münaqişəsinə yönəldir. Biz bilirik ki, Ermənistanda köhnə və indiki hakimiyyət arasında ciddi qarşıdurma var. Paşinyan bununla daxildəki aclıqdan, səfalətdən, qeyri-stabillikdən fikirləri yayındırır. Bu da onu göstərir ki, Nikol Paşinyan doğrudan da sərsəm bir adamdır. O, təsadüfən meydandan gələn bir şəxsdir. O, ona görə Beynəlxalq hüquqa sığmayan sərsəm bəyanatlar verir. Biz də bunu nəzərə alaraq, öz mövqeyimizi qoruyub, daha təmkinli siyasət aparmalıyıq.